Həkim ailəsində dünyaya göz açır. Elə buna görə də ailədə hamı onu gələcəyin həkimi görürmüş. Bircə özündən başqa...Ona görə də sənədlərini Teatr İnstitutuna verəndə heç kimin bundan xəbəri olmur. Bu gizlin iş bir gün üzə çıxanda hamı çox təəccüblənir: belə çıxır, Hamlet aktyor olacaq. Bəli, o çox nadir aktyorlara qismət olan böyük obrazlar yaratdı, həmkarları, xalq tərəfindən sevildi, alqışlandı və cismən yanımızdan ayrılsa da heç vaxt unudulmadı.
Bu gün böyük sənətkar, teatr və kino aktyoru, iki dəfə əməkdar artist adına layiq görülən Hamlet Xanızadənin doğum günüdür. Teleqraf.com xəbər verir ki, unudulmaz sənətkarın 75 illik yubileyi ilə əlaqədar olaraq Akademik Milli Dram Teatrında tədbir keçirilib. Tədbirdə Hamlet Xanızadə ilə çiyin-çiyinə çalışan həmkarları onu yad edib, onunla bağlı xatirələrini bölüşüblər.
“Soruşdu, mənim yanıma gəlmisən”
Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemət: “Bu gün biz burda Hamlet Xanızadənin işığına yığışmışıq. O, bu teatrın böyük səhnəsində çox gözəl rollar oynayıb. Mən o xoşbəxt insanlardanam ki, onunla işləmək şərəfinə nail olmuşam. Onunla işləyə-işləyə bizim dostluğumuzun əsası qoyulur. Və bu dostluq onun son günə kimi davam etdi. Hamlet Xanızadənin ən böyük rollarından biri “İblis” tamaşasında idi. O tamaşada məhz İblisi və çox böyük məharətlə ifa edirdi. Ən çətin rolları çalışırdılar ki, ona versinlər, çünki bilirdilər ki, Hamlet onun öhdəsindən gələcək.
Bir hadisə danışmaq istəyirəm. Bir dəfə bacım avtobusa minəndə pis hadisə baş verir. O yıxıldı və çənəsi sındı. Mən onu xəstəxanaya gətirəndə Hamlet Xanızadəni gördüm. O da maşınla qəzaya düşmüşdü və həmin xəstəxanada idi. Məni görəndə soruşdu ki, “Mənim yanıma gəlmisən”, dedim sənin yanına sabah gələcəkdim, sadəcə indi bu hadisəyə görə burda olmağa məcburam. O dəqiqə bacımı həkimlərə tapşırdı. Özü xəstə olmasına baxmayaraq bacımın müalicəsi üçün mənə çox kömək elədi. İndi bacım sağ-salamatdır və bunda Hamletin böyük əməyi var. Mən onun bu gözəl obrazı qarşısında baş əyirəm və arzu edirəm ki, bizim cavan aktyorlarımız da bilsinlər ki, biz dünyadan köçəndən sonra həyatda buraxdığımız iz zaman keçdikcə müqəddəsləşməlidir”.
“O ya qara boğazlı, ya da ağ köynək geyinərdi”
Xalq artisti Firəngiz Mütəllimova: “Hamlet Xanızadə deyib, gözümü yumanda ağ-qara rənglər görürəm. Çünki o ya qara boğazlı, ya da ağ köynəkdə olurdu. Onun heç vaxt unuda bilmədiyim “İblis” tamaşasındakı monoloqu hələ də qulaqlarımda səslənir. Nə xoşbəxtəm ki, belə bir görkəmli, əvəzolunmaz aktyorla səhnədə tərəf müqabili olmuşam. “Fəryad” tamaşasında, “Biganələr oteli”ndə, “Qılınc və qələm”də, “İblis”də, eləcə də iki filmdə birgə oynamışıq: “Qanlı zəmi” və “İşarəni dənizdən gözləyin”.
Hamlet Xanızadəni heç vaxt unutmayacam. Hətta mənə elə gəlir ki, o bu dəqiqə də teatrın kulislərində gəzir. O vaxt gənc idim, teatra təzə gəlmişdim və həmişə ondan özümə qarşı xoş münasibət, qayğı görmüşdüm. Onu çox istəyirdim və çox təəssüf edirəm ki, Hamlet Xanızadə kimi böyük aktyorumuzu 49 yaşında itirdik. Ruhu şad olsun və heç vaxt yaddaşlardan silinməsin”.
“Həyatımda qəribə hadisə baş verdi”
Ardınca səhnəyə çıxan tədbirin aparıcısı əməkdar artist Sabir Məmmədov Hamlet Xanızadənin həyat və yaradıcılığı barədə danışır. Daha sonra teatrın gənc aktyoru Elçin Cəfərov Hamlet Xanızadənin prototipi qismində səhnəyə çıxaraq...
“Sizi salamlamaqdan məmnunam. İcazə versəydiniz, bir az irəli gedərdim, eynən tərcümeyi-halımda yazdığım kimi...Mən Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə Bakının Şağan kəndində dünyaya göz açmışam. Belə demək mümkünsə, müharibənin ağır-acılı günlərini görmüşəm. 1960-cı ildə Sovet Ordusuna çağırıldım, 61-ci ildə xəstəliyimlə bağlı ordudan təxris olundum. Elə həmin illərdən mənim teatra böyük hörmətim yarandı. Bu məni 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun “Aktyorluq” fakültəsinə gətirib çıxardı. Üçüncü kursda oxuyarkən həyatımda qəribə hadisə baş verdi”.
Elə bu an Sabir Məmmədov Tofiq Kazımovun prototipi qismində səhnəyə çıxaraq, Hamlet Xanızadəyə (Elçin Cəfərova) səslənir:
-Salam Hamlet necəsən?
-Salam Tofiq müəllim.
-Mən səni tələbə tamaşalarında izləyirəm. Çox inkişaf edirsən və bu sevindiricidir. Bura bax mən Azdramada Şeksprin “Antonio və Kleopatra” tamaşasını hazırlayıram. İstəyirəm o tamaşada bir obraza sınaqdan keçirmək istəyirəm səni. Amma bura bax, sənə düzünü deyirəm, xoşuma gəlsən oynayacaqsan. Xoşuma gəlməsən oynamayacaqsan.
-Mütləq xoşunuza gələcəm, Tofiq müəllim. Xoşunuza gələcəm.
“Tofiq Kazımovun teatra dəvəti məni yaman sevindirmişdi. Tofiq müəllim hər tələbə tamaşasında mənim rolumu izləyirmiş...Mən həmin ildə də teatrın aktyor truppasına təsdiq olundum. Mənə bir- birindən gözəl və mürəkkəb obrazlar həvalə olunurdu. Bu teatrda nə az, nə çox düz iyirmi iki il işlədim”.
Ardınca səhnəyə çıxan xalq artisti Ramiz Məlik “İblis” tamaşasından bir parçanı canlandırır. Paralel olaraq Hamlet Xanızadənin o tamaşadakı səs yazısı da səslənməyə başlayır.
“Hamlet “Topal Teymur”da çəkiləndə Mehdi müəllim bərk narahat olub”
Xalq artisti Ramiz Həsənoğlu: “Mənim yadımdadır ki, biz “Topal Teymur” tamaşasını çəkəndə Hamlet teatrda “İblis”də oynayırdı. Eşitdiyimə görə, Mehdi müəllim bundan xəbər tutanda çox qayğılanmışdı. Və Hamletdən soruşmuşdu ki “Sən iki böyük əsərdə yük daşıyırsan, bunu başa düşürsən”. Bilmirəm, bu sualın cavabında Hamlet Mehdi müəllimə nə demişdi, onu bilmirəm. Amma ekrana baxanda mənə elə gəlir, Hamlet bu ağır yükün altından qalxa bilmişdi. Hamlet çox xoşbəxt adam idi. Onun haqqında insan keçmiş zamanda danışmaq istəmir. Çünki onun oynadığı obrazlar ekranda, yaddaşlardadır, ürəklərdədir. Bizim bədbəxtliyimiz onda oldu ki, o aramızda çox tez getdi. Amma o qısa ömründə bəlkə də bir neçə aktyorun oynadığı rolları oynadı və bizi nigaran, narahat qoyaraq getdi. Allah ona rəhmət eləsin. Düşünürəm ki, Azərbaycan xalqı, mədəniyyəti yaşadıqca Hamlet də yaşayacaq”.
“Xoşbəxt sənətkar idi, çünki...”
Xalq artisti Rafiq Əzimov: “Hamletlə mən çox yaxın olmuşuq. Gecəli –gündüzlü ya mən onların evində, ya o bizim evimizdə olub. Hamlet Xanızadə bir insan kimi də çox böyük insan idi. O xoşbəxt sənətkardır. Çünki çox az aktyorlara nəsib olur ki, belə gözəl obrazlar yaratsın, xalqın qəlbinə yol tapsın, hər zaman yaşa düşsün. Mən teatrda onunla çox tamaşalarda tərəf müqabili olmuşam. Mən fikirləşirəm ki, Hamlet öz ölümünü qabaqcadan bilirmiş deyə bu qədər böyük rollar yaratdı: İblis, Qacar, Sədi əfəndi və s. Tofiq Kazımov, Mehdi Məmmədov kimi rejissorların sevimlisi idi Onun 49 yaşında vəfat etməsi məni çox ağrıtdı.”.
“Bir-birilərini o eyvanda görüblər”
Tədbir zamanı ekranda Hamlet Xanızadənin həyat yoldaşı Nailə xanımla, qızları Aygün və Xumar Xanızadə ilə olan ailə fotoları da nümayiş olunur. Aygün Xanızadə saytımıza müsahibəsində valideynlərinin tanışlığı barədə danışır, Hamlet Xanızadəni bir ata xarakterizə edir:
“Atamla Kamal Xudaverdiyev dost idi. Kamal müəllimlə anamgilin eyvanları qarşı-qarşıya olub. Atamla-anam bir-birlərini eyvanda görüblər. Sonra tanış olublar, münasibətləri ciddiləşəndə xəbər tutublar ki, ikisinin də anası bir yerdə – Əzizbəyov adına doğum evində işləyirmiş. Atam 8 yaş anamdan böyük idi. Sevib ailə qurublar. Amma o vaxtlar hamı anama deyirmiş ki, sən necə aktyorla ailə quracaqsan, qorxmursan. Atam daha da tanınandan sonra isə soruşurdular ki, qısqanmırsanmı? Anam da deyirdi mən bilirəm kiminlə ailə qurmuşam.
Qayğıkeş, mehriban ata idi. Bizimlə bağlı ən böyük arzusu oxuyub həkim olmamız idi. Amma heç birimiz bunu etmədik. Bacım Xumar da, mən də incəsənət sahəsi üzrə təhsil aldıq. Xumar Mədəni-Maarif Texnikumunu, mənsə Mədəniyyət və İncəsənət Universitetinin menecer ixtisasını bitirdim. O rəhmətə gedəndə biz uşaq idik, dərk edə bilmirdik ki, artıq o yoxdur. Yaşa dolduqca atasızlıq bizə çox çətin gəldi”.
Nərmin Muradova