Zaur Kalandia (1949) Gürcüstanın Zuqdidi rayonunda anadan olub. Suxumi Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1976-cı ildən Tbilisidə yaşayır. “Ritsa” ədəbu jurnalının redaktorudur.
Yazıçının ilk hekayələri 1977-ci ildə “Nobati” jurnalında dərc edilib. “Qurbanlıq heyvan”, “Səhrada an”, “Hamı üçün abidə” romanlarının müəllifidir. Bir neçə nəsr kitabı nəşr olunub, “Qurbanlıq heyvan” romanı və ssenariləri əsasında tammetrajlı bədii filmlər çəkilib.
Zaur Kalandia Gürcüstan Dövlət və İlya Çavçavadze mükafatları laureatı, “Şərəf” ordeni kavaleridir.
Teleqraf.com tanınmış gürcü yazıçının “Çoxlu qar yağan gün” hekayəsini təqdim edir.
ÇOXLU QAR YAĞAN GÜN
İt gözlərini heyrətlə səmaya zilləyib havanı qoxuladı... Sərin, yumşaq qar dənələri onun burnuna səpələndi, bu da xoşuna gəldi. “Ham!”
Qar dənələrinə hürüb burnunu yaladı...
Balaca qardaşlar da bayıra boylandılar, atılıb düşdülər, haray-həşir qopardılar. Hoqqabazlar kimi, gah bir ayağının, gah da o biri ayaqlarının üstdə hoppanırdılar... Hər ikisi başı qırxıq, qarayanız, biri kiçik, o biri böyük olsa da, bir boyda idilər, elə bilərdin ki, ekizdirlər.
Onların sevinci o qədər gözlənilməz və qəribə idi ki, itə də keşmişdi, o da yerində vurnuxur, dişlərini səmaya doğru qıcayırdı, sonra yenə qardaşların xətrinə atılıb o yan-bu yana hürməyə başlayırdı.
Qardaşlar qarın yağmasına sevinirdilər, itə fikir verməyə vaxtları yox idi...
İt onların üstünə cumdu, gözlənilmədən, inadkarcasına əvvəlki kimi, kiçik oğlanın sinəsinə atıldı... Oğlan, aydındır ki, bunu gözləmirdi, yıxıldı, ağlamağa başladı...
İt anladı ki, hesabını düzgün götürməyib, utanıb geri çəkildi və çöməldi. Böyük qardaş ağlayan qardaşını ayağa qaldırdı, onu qucaqlayıb qılıqlamağa başladı. Sonra yumruğunu itə qıcadı, ayağını da böyüklər kimi yerə vurub təpindi...
İt zingildəyib yerə sərildi, başını pəncələri arasına soxub sanki günahkarcasına susdu. Balaca, deyəsən, təskinlik tapdı, qıyqacı ona baxmağa başladı.
İtin burnunu dar dənələri qıdıqıayır, iyləməsinə mane olurdu... Uşaqlar da lap dəcəlləşdilər, çəyirtgə kimi atılıb-düşür, ora-bura qaçışırdılar...
Təhqir olunmuş, incidilmiş it yerindən qalxıb belini silkələdi. Başını aşağı səkə-səkə evin böyründəki cığıra doğru yollandı. Hara getdiyini bilmirdi. Orada qırx yaşında alçaq boy, yöndəmsiz sahibi ilə rastlaşdı, dayanıb ona yaxınlaşdı. Sonra... utanıb sanki təsadüfən, onun şalvarının balağına sürtündü... Kişi itə tərs-tərs baxdı, qəfildən donquldana-donquldana ona təpik atdı... Təpik itin burnuna dəyib dəhşətlə bərk ağrıtdı, dilini də yaraladı, yandı-yaxıldı... Hər halda, özünü vaxtında saxladı, bürüşmüş və gərginləşmiş halda qaldı.
Qəribə gün idi. İt səhərdən heç kəsin yadına düşməmiş, indisə qar yağırdı... Balacalar onu anlaya bilmədilər, sahibi də ki az qala... Sanki burada, öz həyətində artıq idi.
İt evin dalına tərəf getdi, bostana girdi. Əvvəllər də burda, hasarın dibində otun üstündə sərələnməyi xoşlayırdı... Çənəsini quru, artıq qardan islanmış ota sürtdü, burnunu hasarın arasına soxub sükuta daldı...
Qar yağırdı. Səma qar dənəciklərinə bürünmüşdü. Qar elə hey lopa-lopa aşağı səpələnirdi...
Qapı-baca ağardı, ağaclar-kollar ağ libasa büründü...Yerindən atıldı, yolda arabir belini silkələdi, orada qərar tuta bilmədiyindən qonşunun həyətinə keçdi. Qonşunun çardağının qabağında toyuqlar vurnuxurdular, görünür, nə içəri girməyə cürət edir, nə də ağaclara qonurdular. Güman ki, qara görə narahat idilər. İt oradan ötəndə toyuqlar təşvişə düşdülər, qaqqıladaşıb özlərini çardağın içinə verdilər. Onlara heç məhəl də qoymadan evin arxasındakı cığıra düşdü.
Damın yanında dayandı, ətrafa boylandı, başını içəri soxdu. Qaranlıq düşürdü, o başdakı küncdə bir cüt göz fosfor kimi işıldadı, sonra oradakı zingildəməyə, mırıldamağa başladı.
Dostunun kifayət qədər iri damı vardı. İkisi də gen-bol yerləşə bilirdilər. Küçükləri də lap balaca idi, gözləri düz-əməlli açılmamışdı, lakin heç tələsmirdi, elə bil, minnət qoyurdu, ya da elə belə, təsadüfdən rastlaşmışdı, əvvəlcə qulaqlarını dikəldib arxayınca buraları iyləyirdi...
Damın sahibi onun fikrini anladığından, daha da küncə qısılıb onun üzünə bozardı, görünür, həddini aşmış, küçükləri sıxışdırmışdı, körpələr bərkdən zingildəməyə başladılar... Biri də hardansa sivişib onun başı altına soxuldu... Qancıq çənəsini küçüyün başına sürtüb qulağını yaladı...
İt dama girdi. Pəncəsini nəyəsə soxdu, çevirdi. Bu “nəsə” yadına saldı ki, acdır, lakin cam boş idi, şübhəsiz, baxmadı, eləcə pəncəsini toxundurub divara çırpdı.
Dostunun təngnəfəs olduğunu duyurdu, arabir soyuq, kəsik-kəsik zingilti eşidir, lakin mürgülədiyi, yoxsa oyaq olduğu bilinmirdi, guya heç nə vecinə deyildi, özü üçün tərpənmədən uzanmışdı...
Səsə oyandı. İşıqlanmışdı. Özgə yox, bu ailənin başçısı, yaramaz, simasız bir məxluq idi, hey mırıldayırdı... Bir dəfə o və qancıq çöldə birgə oynaşır, biri-biri ilə yüngülcə mazaqlaşırdılar... Qəfildən təhlükə hiss etdi, tez qamətini düzəldib qulaqlarını şəklədi... Kişi isə az qaldı, ona təzim edə. Canına düşmüş qorxu ilə “Ham!" elədi... İt mırıldamaq nədir, dişini buduna sancardı, erkəyi heç cür bağışlamırdı.
Erkək də quruyub yerindəcə dayandı. İt də qaçmağa cürət etmədi, üzr istəmədən divara söykənmiş, utandırılmış aşiqinə yaxınlaşdı, qulağından, şübhəsiz, yüngülcə, elə-belə, inadkarcasına dişlədi.
Yenə də səs gəldi...
Yox, hər halda burda qalmaq olmazdı, vaxtında sivişib çıxmalı idi. Zingildəyə-zingildəyə, nəzərə çarpmadan yanına gələn küçük böyrünə sığındı; küçük qəşəng, şabalıdı rəngli, yumru, kök idi... Bir qulağında ağ xallar vardı. Sanki qar dənələri ilə örtülmüşdü... Ondan süd qoxusu gəlirdi... İt burnunu onun balaca, sərin burnuna sürtdü, həddən artıq xoşhallandı, balacanın kor, hələ açılmamış gözlərini yaladı, sonra “ham”, elədi, sanki “getdim” dedi.
Damda olanlara hürdü, başını bayıra çıxardı, yaxınlıqda bir ins-cins olmadığını görüb yerindən götürüldü...
Artıq qar yaxşıca yağmışdı. Qaçmağa çətinlik çəkirdi. Bəmbəyaz, parıltılı, soyuq, sonsuz, hələ də öyrəşmədiyi səth vardı... Məkan gözünə duman kimi qəribə tərzdə dəyirdi... Dayandı. Səsin, ya da uca və arabir edilən sədanın haradan gəldiyini bilmədi. Başını yuxarı, səmaya doğru tutdu. Evin o başında adamları gördü; iri ağac kürəklə taxtapuşun qarını təmizləyirdilər (çardağın ətrafında qar topaları yığılmışdı). İt adamlardan gözünü çəkdi, tarlaya doğru üz tutub sürətlə getdi...
Halbuki sürətlə qaçmağa çətinlik çəkir, bu havada güc-bəla ilə hoppanırdı. Çünki narın-narın yağan qar ona mane olurdu. Hiss edirdu ki, indi daha sürətlə, daha çılğınlıqla, asanlıqla qaçmalı idi. Bu, asan deyildi, tərəddüd etdi. Qəfildən, nəzərəçarpmadan aşağı endi, elə bil, iy duydu, qarın səthindən qanıq itlər kimi gizlənmək üçün yoxa çəkildi. O isə dərhal yerindən götürüldü, qorxmuş halda, yenə də özünü verdi, bilmirdi hara gedir...
İt geri, evə doğru qaçırdı... Alçaq eyvanın qapısı açıq idi. Sanki izi itirmək istəyirdi. Canfəşanlıqla hoppandı, yuxarıda, əvvəllər olduğu kimi, pilləkənin dördüncü pilləsinə çatdı, bir az da səndələdi, sonra eyvanın naxışlı taxtaları arasında yoxa çıxdı. Küncdəki skamyanın altına soxuldu.
Qar yağırdı. Naxışlı taxtalar arasından arabir qarın yağmağına baxırdı. Ailə başçısını gördü, ov çəkmələri geyinmiş, tüklü papağını əlində tutmuşdu, dizə çıxan qarı çətinliklə yarıb keçirdi. Alaqapının yanında dayandı, qonşuya səslənib nəsə dedi, başı açıq halda kəndin dar yoluna yönəldi.
İt yerini rahatlayıb bürüşdü. Qarnı quruldadı - yəni heç kəsin yadına düşmürəm... Sanki ona elə hey yazıq-yazıq xatırladırdı ki, dünəndən bəri heç nə yeməyib, lakin anlayırdı ki, zingildəməyin, belə bir havada talvarın qabağında sülənməyin və veyillənməyin mənası yoxdur. Naxışlı taxtaya qısıldı, qarın yağmasına çəpəki baxdı. Həvəssiz-həvəssiz hürdü...
Bir dəfə, iki dəfə... əsnədi. Sonra gözlərini yumdu, arabir də mürgülədi...
Sanki yer tərpəndi, it təşvişə düşdü, yerindən atılıb hürdü... Skamyanın taxtası az qaldı belini sındırsın, güc-bəla oradan sivişib çıxdı, arabir qorxulu səs gəlir, qar yığını evin böyrünə tökülürdü, anladı ki, adamlar yenə də taxtapuşun üstünün qarını təmizləyirlər.
Görünür, taxtapuşu tez təmizlədilər, sonra enli, uzun saplı ağac kürəklərlə cəld aşağı, həyətə keçdilər.
O qədər qar yağmışdı ki, it qorxdu. Doğrudan da ona elə gəlirdi ki, tunel çəkirlər: qarı əvvəlcə talvar, sonra alaqapı istiqamətində arx kimi qarı yarır, yığın-yığın o yan-bu yana atırdılar. Bundan sonra həmişə belə olacağını dərk eləmək mümkün deyildi...
Soyuq heç - bu, aydın idi, bir müddət hər halda çöldə elə-belə qaça, otu da iyləyə, əvvəlki kimi armud ağacının altında, eləcə də hasarın dibində sülənə bilmirdi. Hər yerdə, hər şeyin üstündə soyuq, quru qar vardı, dilini belə toxundura bilməzdi...
Aclıq yenə də onu narahat etdi, nəsə qarnına soxuldu, bağırsaqları quruldaya-quruldaya bir-birinə dolaşdı...
Yerindən atıldı, eyvanın xışıltılı döşəməsində atılıb düşə-düşə qaçdı... Qəribəsi bu idi ki, mədəsi yanırdı, elə həmin anda da bədəninin ağırlığını hiss edirdi. Belini də güc-bəla ilə çəkirdi, elə bil, onurğası ovxalanmışdı...
Pilləkən, ümumiyyətlə, görünmürdü, illah da üst pilləsi əməlli-başlı qara bürünmüşdü. Qar adamların çiyninə çatırdı, təkcə başları gülməli tərzdə görünürdü. Köstəbəklər kimi ağ və nəhəng məkanda vurnuxur, tələsik tüyünürdülər...
Gözlərinə qarın düz, işıltılı, az qala tamahlandırıcı səthi dəydi, aclığı, yoxsa marağı zündən idi, çəkinmədən tullandı, boynunacan qara batdı. Sonra səmanı bürümüş dumana acıqla hürə-hürə var gücüünü toplayıb birtəhər atıldı. Amma faydası olmadı, yenə də qara batdı...
Tez diyirləndi, bu dəfə canfəşanlıqla, hiddətlənmiş halda hoppanıb yayxandı, böyrü üstə yıxılıb boyu uzunu qara sürtündü. Yenə hoppanmağa başladı, qamətini düzəltdi və... artıq qaçırdı, hərdən hissə qapılırdı, qar və hava arasında yenə sürətlə və qəzəblə şığıyırdı. Hara getdiyini bilmirdi.
Yoruldu, bədəni ağırlaşdı... Qar da onu irəli getməyə qoymur, aşağı batırdı. Bircə canavar sürüsünün gəlib cırığını çıxarmağı qalmışdı. Ətraf da ona yad idi, həyət-bacanı da, ona tanış olan çollüyü-düzənliyi də qar tamam yox eləmişdi... Kimsə fit çaldı, çaqqal kimi uladı. Görə də bilmədi, qarda batacağından qorxdu. Sonra ulartılı nərə səsi onu daha cəld, sərbəst və gümrahlıqla tullanmağa təhrik etdi.
Geri döndü. Evə sarı getdi. Evin başına fırlandı, sonra çardağa doğru yollandı... Qəfildən dikə rast gəldi; təəccübləndi, qeyri-iradi hoppandı, dikdə özünü güclə saxladı. Doğrudan da burada qar, demək olar ki, yox idi, pəncələrini belə örtə bilmirdi. Qarı eşələyib qoxuladı. Ora qurumli, tozlu cildən ibarət idi. İt çardağın taxtapuşunda dayandı. Demək olar, çardaq da görünmürdü, qara bürünmüş taxtapuş aşağı çökmüşdü. Görünür, orada, çardaqda ortada ocağı qalanmışdı (buna görə də, güman ki, adamlar hələ də cığır açırdılar), tüstünün isti və yühgül iynələri cillikdən çıxıb burnunu qıdıqlayırdı...
Bura, hər halda, yaxşı idi; qar onu qorxutmurdu, ən başlıcası, həm də isti idi, üstəlik də qar yağmırdı. Yanı üstə uzandı. Boş qarnı özünü yenə xatırlatdı, mırıldamamaq üçün burnunu qara soxdu, cili sığalladı və qucaqladı... Asqırdı. Yox, burada da qar soyuq idi; it hisə batmış ağız-burnunu yaladı, isindirdi...
İt tüstü çıxan yerin yaxınlığında çöməlib qulaqlarını şeşələdi. Sinəsini də qürurla irəli verdi.
“Ham!”
Gözlənilmədən hürdü. Doğrudan da buradan, yuxarıda aləm elə uca, elə bəmbayaz, dinc, qəribə, zərif görünürdü ki, nəzər saldığı mənzərəyə cəsarətsiz halda, sanki qorxu ilə hürdü...
Səs-küy eşidildi... Səs əvvəlcə uzaqdan, bu gözişləməz bəyazlığın o tərəfindən gəlir, tədricən artan güclü, inadkar uğultu ilə yaxınlaşırdı. Traktor idi. Kəndin daşlı-kəsəkli torpaq yolunda çömçəli traktor sürünə-sürünə gəlirdi.
Traktor onların alaqapısına yaxınlaşıb dayandı. Təəccüblənən və ürəklənən it gözlərini aşağı enən traktor sahibinə - qonşu kişiyə dikdi. Kişilər qarda açılmış cığırla alaqapıya doğru başıaçıq, yöndəmsiz halda qaçışırdılar... İt bir az geri çəkildi, yanı üstə uzanıb gizləndi.
Kişilər balaca, çubuq kimi quru qarını traktorun kabinəsindən endirib tələsik evə doğru şığıdılar... Traktor tərpəndi, həyətdə heç kəs olmadığına görə özündən incimiş it astadan hürüdü.
Vurnuxdu... Çevik halda hoppana-hoppana həyətə düşdü, evin başına fırlanıb tarlaya doğru getdi. Budaqlarınacan qara batmış, nəhəng, ağ topa çevrilmiş armud ağacını tanıyıb sol ayağını qaldırdı... Bir anlığa dayandı, geri baxdı, sonra utandı, nəsə xoşuna gəlmədi, sanki onu fırlatdılar, cəld geri döndü, gəldiyi izlə yenə geri qayıtdı, dırnaqları ilə qarı çırmaqlayır, elə bil, yun didirdi. Bir neçə dəfə o tərəf-bu tərəfə qaçdı.
Axşam elə gözlənilmədən düşdü ki, heç hiss etmədi. Taxtapuşdan görünən qarlı gecə də qəribəydi; şəfəqə oxşayırdı, amma soyuq idi, səma kimi minalanmışdı, parıldayırdı. Hiss edirdi ki, orada, evdə qeyri-adi hadisə baş verir. Həmin qarı da, qoca ər-arvad da içəridə idilər. Evin kişisi arabir çardağa tərəf gedirdi. O, ocaq qalayır, əlinə nəsə götürürdü, cığırda qarı xırçıldada-xırçıldada qaçırdı...
Çox istəyirdi ki, evə baş çəksin, ancaq cəsarət edə bilmədi. Fikirləşdi ki, hər halda eyvana çıxa bilərəm, amma istəyinə çatmadı. Eyvanın qapısını örtmüşdülər, uzun müddət, həm də lap nahaqdan vurnuxdu, heç cür üstündən atıla bilmədi, geri döndü, uzandı, başını pəncələri arasına soxdu. Gözlərini yumdu... Lakin ac idi, soyuqdan titrəyirdi, yuxusu gəlmədi. Dostunun isti damı yadına düşdü.
Dikəldi, silkindi, ora gedənəcən evə boylandı. Orada işıq yanırdı, yatmamışdılar...
Zingildədi, yenidən uzandı. Ocağın tüstüsü sanki qarı əritdi, parıldayan cilin üstündə yatdığına görə qarnı və pəncələri isti idi, beli və böyürləri isə donmuşdu. Yerindən atıldı, taxtapuşdan alaqapıyacan irəli-geri qaçdı.
Artıq qar donmuşdu, ayaqları ona əvvəlki kimi tabe olmurdu. Evdə yenə işıq yandı, sonuncu otağın pəncərəsində içəridəkilərin kölgələri tez-tez var-gəl edirdi...
...Çox gec, artıq xoruzlar da banlayanda evin qapısı səs-küylə açıldı, içəridən düşən işıqda evin kişisi də çıxdı, eyvandan onun tüfəngi guruldatdı...
İt diksindi. Sahibinə hürdü, həyətdə qaçmağa başladı. Naxışlı taxtanın üstündən eyvana hoppandı. Kişi bunu hiss etmədi, evə girib qapını bərk-bərk örtdü. İt indi evin arxasında dayandı, işıqlanmış pəncərəyə yaxınlaşdı... Pəncərə hündürdə idi. Hoppandı, pəncələrini güc-bəla ilə pəncərənin taxtasına yetirib yapışdı. Çənəsini də taxtaya dayadı ki, birtəhər beləcə durub içəri baxsın..
...Yeni doğulmuş uşağı mamaça qarı əlində tuturdu... Bapbalaca, sarışın uşaq idi. Qarının və qonşu arvadın onu isti əskiyə bürüməsini sanki istəmirdi, ucadan ağlayır, çabalayır, əl-qol atırdı. Körpənin atası da orda idi, əllərini ovxalayır, utana-utana gözlərini ora-bura dikirdi. Bellərindən aşağı çılpaq və ayaqyalın qardaşlar da qapını açdılar, atılıb düşdülər, haray-həşir qopardılar... Ata uşaqlara hirsləndi, sonra közərən buxarıya tərəf getdi...
İt vurnuxdu, pəncərəyə sarı bir dəfə, iki dəfə hürdü. Qardaşlar geyinib-kecinən kimi itin səsini də, atalarını da unudub pəncərəyə söykəndilər, burunlarını ona dirədilər, şüşəni əllərinin içi ilə şapalaqlayıb dairələr əmələ gətirdilər. Biri-birinə macal vermirdilər, vacib bir şeyi izah edir, pəncərədən itə qışqırırdılar.
Gürcü dilindən tərcümə edən: Mirzə Məmmədoğlu