21 Mart 2017 10:24
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tənqidçi İradə Musayevanın yazıçı Saday Budaqlıdan yazdığı ikinci məqaləsini təqdim edir.

Hər bir hekayəçinin özünəməxsus problem mövzusu olur. Cəmiyyət hadisələrindən, sosial-siyasi mənzərənin diqqətçəkən fraqmentlərindən, psixoloji durum dramatizmindən yazılan hekayələri daha çox sevirəm. Amma Saday Budaqlının hekayələrindəki insanların daxili aləminə baş vuranda hər şey (ictimai-siyasi hadisələr də, sosial durum və s...) sanki yaddan çıxır... Bu adamların iç dünyasına daxil olanda elə bil bir evə, otağa girirsən, gəzirsən, gəzirsən, qapını, pəncərəni tapmayıb çökürsən divarın dibinə, başını əllərinin arasına alıb özünü ağlayırsan. Xatirələrini, yaddaşını qucaqlayıb susursan... O adamların iç dünyasını bir kitab kimi oxutdurur bizə Saday Budaqlı. Oxuyuruq, oxuyuruq, bu adamın - kitabın əvvəlini, sonunu tapa bilmirik, örtüb qoyuruq qırağa. Bu kitabın səhifələrində azırıq həm də, təəccüblənirik:

İlahi, balaca, adi insanların içində nə boyda lağımlar atılıb, nə nəhənglikdə boşluqlar, bozluqlar uzanıb gedirmiş...

“Nisgil” hekayəsinin qəhrəmanı dəlləkdir- Sadıq kişi... Təhkiyəçi Sadıq dayının hekayəsini o qədər sadə, sanki həvəssiz və laqeyd intonasiya ilə anladır ki, ilk baxışdan məişətin kiçik bir fraqmentində dəllək kimi adi bir peşənin sahibinin nə iləsə diqqətimizi cəlb edəcəyinə ümid etmirik.

“Sadıq dayı bizim məhəlləyə gələndə mən uşağıydım. Köşkün altına iki tir vurub, onu yoğun məftillə yük maşınına bağlamışdılar. Hardan hara, o boyda yolda iz sala-sala sürüyüb bu dördyol ayrıcına qoymuşdular. Uşaqlı-böyüklü hamı köşkün başına yığışmışdı. Arvadlar sevinirdi ki, daha hər xırım-xırda üçün şəhərə qaçmayacaqlar. Ancaq köşk dükan yox, dəlləkxana oldu. Yaşıl köşkə, başı həmişə dibindən tərtəmiz qırxılı ağxalatlı Sadıq dayıya beləcə öyrəşdik.

O vaxtdan məhəllədə çox şey dəyişmişdi. Qonşular bir-birinin bəhsinə biri o birindən, heç olmasa, bir daş hündür ikimərtəbəli evlər tikdirmişdilər. Uşaqlar böyümüşdü, gözümüzü açıb qoca gördüklərimiz ölmüşdülər, oğlanlar gəlin gətirmişdi, qızlar ərə gedib məhəllənin yolunu yadırğamışdılar, təzə peyda olmuş uşaqları isə adam düz-əməlli tanıya bilmirdi”.

Köşk dükan olmur, adamlar heyfsilənir, amma məhəllə camaatı çox qısa bir zamanda Sadıq dayıya da, dəlləkxana olmuş köşkə də öyrəşir.

Hekayədə S.Budaqlı üslubuna xas ideyayüklü vəziyyətyaratma, ümumi psixoloji durumun, ovqatın şəklini, portretini eskizləmə özünəməxsusluğunu gördük. Elə bil hər şeydə həm dilemma, həm qarşılaşdırma, həm də bir orta hədd, bəzən də bərabərlik işarəsi qoyula biləcək oxşarlıqlar var. Məsələn, adam fikirləşir ki, köşk bu qəsəbə əhli üçün maqazin, xırdavat dükanımı olsa yaxşı olar, ya dəlləkxana?

Dəlləkxana olur və aydınlaşır ki, bu insanlar üçün o qədər də fərq etmədi. Sadıq dayı nə cavandır, nə qoca. 40 yaşın orta hədd tarazlığındadır. Nə gözəldir, nə çirkin, boyu da ortadır. Amma bu adam qızların, qadınların xoşuna gəlir. Başı qırxıq, ağ xalatlı bu adam bu qəsəbəyə həm də gözlərində kədər gətirir. Uşaqlar belə o kədərin arxasına düşüb onun haqqında bəzi şeyləri öyrənə bilmişdi. Başını sevgisi ilə vidalaşandan sonra dibindən qırxdırır. Bu vidalaşma onu böyük bir boşluğa atır, daha görünüşün, nə iləsə sevinmək sevdasının da əhəmiyyəti olmur... Bir tərəfdə arvad-uşağı, bir tərəfdə sevdiyi qadın. Məhz bu dilemma onu özü olmağa qoymur.

Qız ona təklif edir ki, hər şeyi atıb birlikdə sevgilərini də götürüb bu yerlərdən getsinlər. O bu təklifi qəbul edə bilmir, gücü çatmır... Sevgi ilə göylərə qalxan adam bu zəifliyi, imtinası ilə yerə çırpılır, heç olur...

“Elə an olur ki, gərək heç nə düşünmədən addım atasan. Bilmirsən pismi olacaq, yaxşımı, bircə onu bilirsən ki, bütün həyatın dəyişəcək. O addımı hamı ata bilmir. Bunu tək-tək adamlar bacarır. Mən bacarmadım. Mən hamı kimi oldum”...

Hər şey yuxu ilə dəyişmişdi. Qonşu qızın sevdasıyla. Gün olur ürəyini də ona açır. “Qanıqara olanda, işi tərs gətirəndə, təklik, sakitlik axtarırdı ki, öz dünyasına çəkilsin, hər sözü, hər baxışı təzədən xatırlasın, duyduğu çırpıntıları təkrar yaşasın. Günlər tez keçirdi, günlərin başında o qız dururdu. Qalan şeylər mənasız idi. Səhər tez açılsın ki, onu görsün, evdən çıxsın ki, onunla rastlaşsın, tək qalsın ki, onu düşünsün”.

Keçmiş xatirələrdə, gələcək isə ölmüş ümidlərdədir. Əslində boşluqdadır bu insan. Səbəb? Səbəb də adidir, amma ağrı adi deyil. Bir imtina olunmuş sevgi onu illərdir içindən sökür, içindən uçurdur. Burada, əlbəttə, söhbət sevgidən getmir yalnız. Adi bir insanın adi bir olaydan tar-mar olmuş həyatından gedir söhbət. Yenə özümüzü gətiririk səhnəyə. İçimizdə nə qədər ölümlər var, nə qədər talan olmuş, doğulmamış ölən arzular varmış... Bir Sadıq dayı da varmış hamımızın içində...

Hekayədə bu adama maraqlı münasibətlər var. Uşaqlar da, quşlar da bu adamın gözündəki kədərə aludə olur sanki... Ağacın altında Sadıq kişi, ağacın başında isə iki göyərçin var. Sadıq kişi ürəyi, boş qalmış içi ilə danışır, başının üstündəki quşlar isə bir-biri ilə və onun haqqında:

“- Bacılı, bacılı…”

“Can bacılı”.

İki ağ göyərçindi, onun altında oturduğu ağaca qonmuşdular.

“Bu kişi niyə belə kədərlidi?”
“Dərdi var, bacılı”.

“Dərdinin əlacı yoxdumu, bizim ona köməyimiz dəyə bilməzmi?”

“Yox, bacılı, bu dərdin əlacı yoxdu”.

“O nə dərddi ki, bacılı, əlacı yoxdu?”

“Onu daha heç kim sevməyəcək…”

Bəli, ağrılı deyilmi? İnsan seviləndə qiymətli, dəyərli olur. Amma bu adam artıq bilir ki, onu daha heç kim sevməyəcək! Bədənində xərçəng aşkarlanan ümidsiz adamın halı ilə yaşayır qalan sevgisiz ömrünü... “Mən bacarmadım, mən hamı kimi oldum” deyən adam - Sadıq kişinin dərdinin əlacı olmur...

Sadıq da, onu sevən və onun sevdiyi qadın da adi, adidən adi tərəf kimi göstərilir. Biri dəllək, o biri də sıradan bir qadın... (Bəs o “su sonası” indi hardaydı? Bəlkə xiffətdən sağalmaz dərdə tutulmuşdu, ilk görüşlərini, ilk öpüşlərini xatırlaya-xatırlaya dünyadan köçmüşdü? Bəlkə sevdiyi adamla bir daha rastlaşmamaq üçün baş götürüb haralarasa getmişdi, ailə, uşaq sahibiydi, hər gün bazarda, dükanda gördüyü kök, dolu arvadlardan biriydi, indi heç Sadıq dayı yadına da düşmürdü?”)

Amma ortada başqa bir obraz var. Hekayənin qəhrəmanı da həmin obrazdır. O imtina olunmuş Sevgi, küncə sıxışdırılmış Xoşbəxtlik, tərk edilmiş Səadətdir. Bizi də kədərləndirən Sadıq və qonşu qızı yox, boşluğa, qədirbilməzliyə düşən həmin Sevgidir, Sevdadır. Layiq olmadığı ünvanlara tuş gəlmiş sevgi... Qədir-qiyməti bilinməyən sevgi... İmtina olunmuş, qovulmuş, ölümünə fərman verilmiş sevgi... Amma yenə qəribədir, elə sonda hekayədən sağ çıxan da həmin ilim-ilim itirilmiş sevgi olur. Çünki Sadıq kişiyə hələ də əzab verə bilirsə, o sevgidən onun qəlbinə qübar, gözlərinə kədər çökürsə, onu yaşamağa qoymursa və bu mənzərənin təsirindən başqaları (hətta göyərçinlər) da narahat olursa, bu sevginin nağılı, hekayəsi yaranırsa, deməli, qalib və yaşayan da odur-həmin imtina olunmuş sevgi!..

Xatirələrə köçüb intiqam, qisas alır onu tərk etmək istəyənlərdən: “Salam, Sadıq dayı”. “Kefin necədi, Sadıq dayı?” “Sabahın xeyir, Sadıq dayı”. “Nə təhərsən, Sadıq dayı?” “Yaxşıyam, sağ ol”. Hamı kimi hər gün beləcə görüşürük. Ancaq hərdən Sadıq dayının tərs-məssəb cavabları da olur.

-Yaxşı olardı, xatirələr qoysa”…

Saday Budaqlı nəsrində talelər, hadisələr, dramatik situasiyalı olay və macəralar önplanlı deyil. İç var, daxili aləm var, insanın az qala dünya boyda görünən görünməzliyi-əsil mahiyyəti, xisləti, məğzi var... “Yolüstü söhbət” hekayəsinin adsız qəhrəmanı yolüstü bir monoloq söyləyir. İş yoldaşını məcburən maşınına dəvət edib onu evinə qədər aparmaq istəyən bu adamın əvvəl-əvvəl səmimi, qayğıkeş biri olduğu zənninə qapılırıq. Sonra onun yol uzunu etdiyi söhbətin içərisindən həqiqi obrazını, simasını kəşf edib ortaya çıxaranda qorxuruq, sanki. Yenə dibsiz bir quyuya, ucsuz-bucaqsız bir səhraya düşdüyümüzü ehtimal edirik. İnsanın bədii dərki fonunda qarşılaşdığımız gözlənilməzliklər, hüdudsuz anlaşılmazlıq xaosunda boğuluruq... Kişi birnəfəsə insandan, insanlıqdan, əxlaqdan, sədaqətdən danışır. Axırda məlum olur ki, bu adamın mayasında, xislətində həm əxlaqsızlıq, həm satqınlıq, həm riyakarlıq, həm cinəyatkarlıq, sadizm, həm də nadanlıq var. Hətta baş verən bir ailə faciəsinin, insan ölümünün kökündə nə durur (məhz həmin adamın başqa ailənin işinə müdaxiləsi) onu belə anlamayacaq qədər qanmaz biridir... O, yol yoldaşına ürəyini açır, sirr kimi saxladığı bir əhvalatı fəxrlə danışır, bu əhvalatın mahiyyəti isə onun özünü ifşa edir. Yol yoldaşı onun maşınına minəndə ona münasibəti bir başqa idi, düşəndə isə tamam başqa cür olur. Bütün bunların çox kiçik bir süjetə yerləşdirib müəllif.

Həmin süjetdən bəzi tezis xaralkterli fraqmentlərə, cümlələrə diqqət edək: “Oğlum yerindəsən, bütün həyatın hələ qabaqdadı. Görə-ğörə özün hər şeyin kökünə gedib çıxacaqsan... Görürəm, buradakı qızlarla hərdən xosunlaşırsan. Yox. Heç nə demirəm. Gəzmək də lazımdı. Görüşüb lap o yana keçmək də. Kişiyə hərdən sol getmək olar, ancaq hər şeyin təhəri var... Mənim də əlimdən gəlib keçənlər olub. Özümə korluq verməmişəm. Hamımız Allah bəndəsiyik, ancaq belə şeyləri hisslə görməmişəm. Ağıllı, ölçülü-biçili hərəkət etmişəm. Olub-qurtarıb. Onunku onda, mənimki məndə. Hisslə yanaşdınsa, sapı çıxdı... Birdən də durub könül dilxoşluğuna, ay guya kimisə sevdim deyə, hər şeyi alt-üst eləyəsən, öz yuvana su çiləyəsən. Dəyərmi? Məni dəli eləyib çöllərə salacaqsa, ailədə, işdə hörmətsiz eləyəcəksə, nəyimə lazımdır o sevgi. Hamı Məcnun, Məcnun deyir, soruş ancaq görüm, Məcnun olmaq istəyən varmı?”

İstəyi, rəğbəti belə bəlli olmayan bu adamın sevgi, ali hiss, qutsal duyğu yox, heyvani münasibət fonundakı “eşq siyasəti” adamı diksindirir. Deməli, bu cür düşünən adamdan hər cür rəzillik gözləmək olar. Ehtimalımız özünü doğruldur. Kişi daha sonra qızının qaynı arvadı haqqında danışır. Onun gözəl, cazibədar biri olması, hətta ona meyil salması və s. bu kimi nüanslar nəql edilir. Daha sonra məlum olur ki, kişi bu qadını izləyir, onun niyə işdən gec gəlməsi, başqa adamla görüşməsi, ərinə xəyanət etməsi məsələlərini çözür. Qızını da, həmin qadının ərini də, qaynanasını da uyarır. Onların laqeydliyini görüb bir az da təhrikedici addımlar atıb qızının qaynını(həmin qadının ərini) maşınına qoyub onun iş yerinə aparır. Gecə işdən çıxanda başqa adamın maşınında getməsi məqamını ona zor-güclə izlədir və qadının əri dözməyib maşından düşür, sonra onun intihar xəbərini eşidir. Qəribədir ki, bu vaqeədə özünü günahkar bilməyən kişi yenə də yozumlar verir və hər yozumda bir eybəcər insan fiquru peyda olur: “Yolun ortasında maşını saxlatdı ki, düşürəm. Nə qədər elədim, dedim, hara lazımdı aparım, razı olmadı. Qapını çırpıb düşdü. Sonra nə eləsə yaxşıdı? Özünü asdı. Ağlın nə kəsir beləsindən?! Axmaqlıqdı... Allah eləməsin, onun yerində mən olsam, basıb gözünü çıxardardım, uzağı boşanardım. Daha özümü niyə öldürürəm?”

Təəccüblüdür ki, bu qətlin psixoloji planını hazırlayan əsil qatil öz qurbanlarını elə hey ittiham etməkdə davam edir. Oğlanın qırxı çıxandan sonra əhvalatı onun arvadına da danışdığını və qadının onu söyüb yamanladığını deyir: “ Ağladı, ağzına gələni dedi mənə. Guya təqsir məndədi. Beləsinə nə deyəsən?”

Sarsıntı isə maşın sahibi, monoloq söyləyən adamın yox, onu dinləyən, ona yol yoldaşı olan adamın içərisində baş verir. Onun daxilində bir insan ölür bu səfərdə... Hekayə bu cümlələrlə bitir:”Nədi, düşürsən? Çatdıq ki? İstədiyin yerə apara bilərəm, mənə görə narahat olma. Di özün bilərsən. Ancaq, deyəsən, tələsdin”.

Əslində bu səfər maşınla gediləcək yollarla ölçülmür. Bir ömür yolu deyilən marşrut var ki, yol boyu, yəni yaşaya-yaşaya insanları tanıyırıq və elə hey itiririk... Sanki bir qatar dolusu insanla səfərə çıxıb sonda, qatardan enəndə (ömrümüzün sonunda) tək düşürük pillələri... Əliboş, yoldaşsız, təmtək...

Bu isə artıq faciədir-insanın faciəsi... S.Budaqlı bu itkilərdən yazır, bu adamların mahiyyətindən yazır. Və maraqlıdır ki, tipikləşmiş, xarakterləşmiş obrazlar deyil bunlar. Adi surətlərdir. Lakin bu “adi”likdə ümumi olana- ümumiyyətlə, insana xas saysız-hesabsız cizgilər aşkarlayırıq. Burada isə özünü ifşa edən surətin hekayənin əvvəlində dediyi “Uzun müddət, lap bir damın altında yaşadığın adamı olar ki, tanımayasan. Şəraitdən çox şey asılıdır. Görürsən. Vəziyyət elə hərlənib gətirir, yaxın saydığın adamın başqa sifəti çıxır üzə” - fikri yada düşür.

Həyatda da belədir. İnsanlar vəziyyət dəyişdikcə çeşid-çeşid olur. Yüzbaşlı əjdahalar kimi, boynu vurulduqca yeni başla, yeni cilddə, yeni sifətdə təzədən doğulur...

Hekayə bitir, oradakı adamlar bizimlə qalır, onların sosial-psixoloji yöndən təhlilləri bitmir. Cinayətdən, faciədən əli quru çıxan adama yaxınlaşırıq, elə bil güzgüyə baxırsan, diksinirsən, bu nədi? Bu adammı mənim içimdən çıxdı, mənmi onun sifətinə köçmüşəm? Qarışdırırıq... Yenə belimizə kəndir bağlayıb içimizə enirik, endikcə də məsafə dərinləşir...

S.Budaqlı yaradıcılığında əsas obyekt, təhlil predmeti də məhz bu daxilimizə uzanan yoldur. İnsana gedən yol... Bu yol isə bitən deyil. Dünya ədəbiyyatının insanı da daha çox bu yollarda öyrənilir, amma o insanın kimliyi də tam bəlli olmayıb hələ. M.Fuko deyirdi ki, insan bu yaxınlarda edilmiş kəşfdir...

15 mart 2017


Müəllif:

Oxşar xəbərlər