Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktor müavini, Azərbaycan Milli Kulinariya Assosiasiyasının icraçı direktoru Ceyran Əsgərova məlumat verib.
Onun sözlərinə görə, festivalda hər cür dolmalar nümayiş olunacaq: “İlk dolma festivalında 23 rayon və şəhər iştirak edirdi, 300-dən çox dolma növü vardı. Bu dəfə rayon və şəhərlərin sayı artdığı üçün daha çox dolma növü gözləyirik.”
Ceyran Əsgərova həmçinin Qəbələdə keçiriləcək növbəti Beynəlxalq Mürəbbə Festivalı barədə də danışıb: “Avqustun 26-da və 27-də Qəbələdə yerləşən Karvansaray oteldə bu festival 5-ci dəfə keçiriləcək. Festivalda Ümumdünya Kulinariya Assosiasiyasının prezidenti Tomas Quqler, İslam Kulinariya Birliyinin prezidenti Gökhan Tufan da iştirak edəcək və hər bölgənin öz təmsilçiləri olacaq.
Onlar istər yerli, istərsə də əcnəbi turistlərə bir-birindən fərqli mürəbbə növlərini təqdim edəcəklər. Hələlik 16 ölkə qeydiyyatdan keçib: “Lakin hələ bir aydan artıq vaxt qaldığına görə say arta bilər. Festivalın məqsədi dünya kulinarlarına Azərbaycan mətbəxini tanıtmaqdır. Həmçinin Azərbaycanda olan kulinarların da yeniliklər öyrənməsini təmin etməkdir. Əsas iştirakçılar xaricdə öz sözünü demiş kulinarlardır. Festivalın daha bir məqsədi Qəbələyə turist axınını cəlb etməkdir. Çünki kulinarlarla birgə festivala hər dəfə 10-a yaxın əcnəbi də gəlir”.
Ceyran Əsgərova bildirib ki, indiyə qədər festivalda iştirak edən müxtəlif maraqlı mürəbbələrdən ən yaddaqalanı və fərqlisi bənövşədən, həmçinin şam ağacının qozasından hazırlanan mürəbbə olub.