15 Sentyabr 2017 14:50
2 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Ayna-Zerkalo” qəzetinin təsisçisi Elçin Şıxlı ilə müsahibəni təqdim edirik.

- Elçin bəy, Azərbaycan saz sənətinin dərin ozanlarından Aşıq Ədalət vəfat edib...

- Dədə Ədaləti şəxsən tanıyırdım. Həm cavanlıq dövrünü, həm orta yaşında olan çağlarda, həm də ahıl dövrünü görmüşəm, sazına qulaq asmışam. Ədalət böyük ustad idi. Onun barmaqları qızıl idi. Mən bilmirəm, ikinci dəfə belə barmaqlar görəcəyik, ya yox? Allah rəhmət eləsin. Bizim mədəniyyətimiz, folklorumuz və millətimiz üçün böyük itkidir.

- Dədə Ədalət Bakıda deyil, Qazaxda dəfn ediləcəyi məlum olub. Sizcə, onu Bakıda dəfn etmək lazımdır, yoxsa doğulduğu Qazaxda?

- Əslində, sizə deyim ki, dəfnlə bağlı detallardan xəbərim yoxdur. Ancaq Ədalət Qazaxda dəfn edilsə belə, onun üçün Bakıda mütləq vida mərasimi təşkil olunmalı idi. Hesab edirəm ki, bunun olmaması bizim cəmiyyətimizin naqisliyidir. Bu saat cəmiyyət qəribə işlərlə məşğuldur. Sənətkar rəhmətə gedir və bundan sonra “beş on nəfər allah rəhmət eləsin” deyir. Bu qədər. Bəzən kimsə nə istəyirsə edir, hamı ağzına su alıb baxır. Hesab edirəm ki, Ədalətə Bakıda vida mərasiminin təşkil edilməməsi də, bu kimi halların nəticəsidir. Sonradan da dizimizə döyüb deyirik ki, niyə belə oldu. Hamı biganələşib, insanların əlində telefon, bir-birinə mesaj yazırlar.

- Siz bu kimi hallara görə, sadə insanları tənqid edirsiniz?

- Mən heç kimi tənqid etmirəm, fikrimi deyirəm. Hamının əlində telefon, bir-birinə mesaj, şəkil yollayır. Bir xanım qalxır damın üstünə və yarım saat saçına tumar verir. Və özünü də oradan atır, intihar edir. İnsanlar da əlində telefon durub gözləyirlər ki, xanım özünü nə zaman atacaq. Mən sizə olmuş hadisəni deyirəm. Səhv etmirəmsə, Qəbələdə olub. Belə cəmiyyətmi olar? Bəzən deyirlər ki, cəmiyyət virtualdır. Məncə, virtual deyil, sadəcə insanlar biganələşib. Əvvəlllər hamı bir-birinə əyan olurdu. Biz bunları görmüşük. Şəhər bir az qarışıq yerdir. Hər kəs bir-birinə salam verərdi, böyük-kiçik vardı, bilinırdi ki, filankəs ağsaqqaldır və onun sözünü iki eləmək olmaz. İndi belə şeylər yoxdur. Hamı qoşanağara çalır.

- Bir çoxları deyir ki, Ədalət Azərbaycanda aşıq sənətinin sonuncu mogikanı idi, yerdə qalan aşıqların əksəriyyəti sazla lambada çalır. Siz, bu haqda nə düşünürsünüz?

- Azərbaycanda Ədalətdən sonra, özünün rəhbərliyi altında nəsl yetişməli idi. Təəssüflər olsun ki, bu nəsil yoxdur. Əlbəttə, tək-tük istedadlar, saz çala bilən aşıqlar var. Amma təssüflər olsun ki, sazdan istifadə edənlər çoxdur. Bir var aşıq, bir də var sazdan istifadə edənlər. Ədalət də lazım gələndə sazı başı üzərinə qaldırırdı. Ancaq həm də Ədalət sazı çala bilirdi, onu hiss edirdi, əlləri işləyirdi. İndikilər bir dəfə disk yazdırır, sonra lambada oynayırlar. Böyük əksəriyyətinə deyəsən ki, hoppanıb düşmə, götür sazda bir hava çal. Görüm çala bilirlərmi? Böyük əksəriyyət bunu bacarmır. İki dəfə çıqqıdı-çıqqıdı edir və sonra başlayır məhəllə şairinin sözünə mahını oxumağa. Demək istəyirəm ki, aşıqlıq bu deyil. Əvvəllər aşıqlar bir-birilə saatlarla deyişər, gecədən səhərə qədər dastan söyləyərdi. İndi görün hansı aşıq bunu edə bilir? Bizdə olan yaxşı ənənələri təssüflər olsun ki, yaşada bilmədik. İndi əksəriyyət lambada çalır. Ancaq axtarsaq, Ədalət səviyyəsində olmasa da, yaxşı aşıqlar tapa bilərik. Lakin onların qədrini bilmək lazımdır. Tapdınsa, bu məktəbi yetişdirmək, davam etdirmək lazımdır.

- Aşıq Ədalətlə xatirəniz varmı?

- Əslində, xatirələr çoxdur, sadəcə, indi ağlıma gəlmir. Ədalət böyük ustad idi. Bir il əvvəl İbrahim Nəbioğlu mən və Ədalət bir şəkil çəkdirmişdik. Ədalət elə Ədalət idi, yeganə idi. Ədalət saz çalanda tərkidünya olurdu. Belə ustadlar tək-tük olur. Ruhu şad olsun!


Müəllif: Cavad

Oxşar xəbərlər