Faiq Balabəyliyə bir həmkar məktubu
Öncədən onu deyim ki, bu kitab hay-harayla gəldi dünyaya. Mətbuat xüsusi diqqət yetirdi onun işıq üzü görməsinə. İmza günü də keçirildi. Barəsində dəyərli qələm adamları, tanınmış söz biliciləri fikirlər yazdılar, söylədilər. Və necə deyərlər, gəlişini də alqışladılar, müəllifini də və bu kitabdakı ayrı-ayrı məqamların oxucuda yaratdığı fikir rəngarəngliyini də...
Mən də oxudum bu kitabı... sonra qoydum bir kənara... sonra bu kitab haqqında yazılanları oxudum... deyilənləri axıra kimi dinlədim... və beləcə, təkrar bir də götürdüm kitabı əlimə və bir də gözdən keçirdim. Açığını deyim ki, bu dəfə oxumadım. Sadəcə, gözümü zillədim səhifələrə və mənə elə gəldi ki, o sətirlər, o cümlələr köçür gözümün aynasına. Bunu mən belə hiss etdim. Bir müddət də gözlərimdə gəzdirdim bax, o sətirləri. Bilirsiniz niyə? Ona görə ki, mən zindan həyatıyla bağlı, əsirliklə bağlı, didərginliklə bağlı, ümumiyyətlə, insan taleyilə bağlı olan yazıları özümə son dərəcə yaxın buraxıram. Elə bilirəm ki, mənim qaçqın, köçkünlüyüm, mənim özəl həyatım həmin o yazıların arxa qatındadı, pərdənin görünməyən üzündədi. Və hətta özümə bəraət verib bir vaxtlar yazdığım bir bəndlik şeirimi də əlimdə tutalğa etmişəm bu cür yazıları oxuyanda. O şeirdə yazmışdım ki:
Qayğılı çəkdiyim, dərdli çəkdiyim
Bu boyda Bakıda dərddi çəkdiyim...
Mənim azadlıqda şərti çəkdiyimğt-
Cəzanın adını çəkənlər bilər...
Bəli, bax, bu şeirdə dediyim kimi, həm azadlığı məhdudlaşdırılmış bir insana ona görə də bütöv, böyük azadlıqla bağlı çarpışmaları, o yola doğru tuşlanan işığı, bir sözlə, qaranlıqdan nura tərəf canatmanı hissiz, duyğusuz, ürəksiz sinirə bilmirəm. Ona görə də təkcə ürəyimə yox, gözlərimə də köçürürəm bu cür yazıları, fikirləri, kitabları... Və nəhayət, günlərin birində başlayıram həmin o köçürdüklərimi, oxuduqlarımı özümünküləşdirməyə. Sonra da özümünkü olanı başlayıram digərlərinə, xüsusilə oxucularıma danışmağa. İndi də növbə Faiqin "Bayıldan bayıra"sına gəlib çatıbdı. Kitabın tərtibatı məndə qəribə bir assosiasiya yaradır. Rənglər elə seçilib ki, onun qana da, qaranlığa da, qanla qaranlığın arasındakı kölgəyə də, nəhayət, barmaqlar arasında çöhrəyə düşən işığın gətirdiyi bir az ümid, bir az düşüncə, bir az özünəqapılma və bir az da gözlənti... Bax, bütün bunlar bir kitabın üz qabığında oxucunun hamımızın tanıyıb özəl münasibət bəslədiyimiz Bayıl həbsxanasını gətirib qoyur gözümüzün önünə. Adətən Bayıl sözü dilə gətiriləndə daha çox həbsxana xatırlanıb bu məmləkətdə. Bax, kitabın rəssamı da mənim zənnimcə, elə bu nöqtədən yapışıb, bu nöqtədən oxucuya kitabın içərisinə doğru uğurlu yol arzulayıb. Amma təkcə uğurlu yox, həm də dözümlü yol!.. Mən kitabın hər bir hissəsini ayrıca bir əsər kimi oxudum. Bu, mənə görə hekayələrin toplusudur. Özü də həyat hekayələrinin. Çünki bu həyat hekayələrini müəllif yaşayıb. Amma onu sözə elə çevirib ki, oxucu da onunla həmin zindanda oturub, onunla o zindan həyatının çətinliklərini, haqsızlıqlarını, ümumiyyətlə, insanın içini açıb göstərən səhifələrini keçib. Təsəvvür edin ki, mən o hekayələrin hər birinin bir cümləsini oxumağa başlayanda bir anlıq ağlıma gəlirdi ki, kəndim, evim işğal olunub yazan gecədi. Dörd tərəf də erməni və rus əsgərləridi. Burdan ailəmi, özümü necə çıxaracam, bu oddan necə xilas olacam. Bax, Faiq Balabəyli öz yaşantısına məni belə kökləyib... öz yaşantısını mənə belə transfer edibdi.
Bu kitabın bir maraqlı tərəfi də türmə həyatının özünəməxsus dilidi, jarqonlarıdı, ordakı titullardı, ləqəblərdi. Özü də qəribədi ki, o jarqonlardan, o ləqəblərdən hamı istifadə edə bilmir, onu hamı qazana bilmir. Və nəhayət, ən önəmlisi odur ki, o həyatın qanunları mənim fəhmimə görə, daha demokratikdi, ədalətə daha yaxındı. Amma neyləmək olar ki, bütün dünyanın qanunları qüsurludu, elə zindanın qanunlarıdı. Və bir də bu kitabda həmin o qaranlıq dünya saydığımız zindanın bağışlanmaz, əfv olunmaz keyfiyyətləri, yəni yazılmamış, amma birmənalı şəkildə gerçəkləşdirilən, üstəlik "içəridəkilərin" hamısının birmənalı şəkildə tabe olduğu bir yasa var. Bu nə mifdi, nə xəyaldı, nə də yuxudu. Bu, vicdan, namus, qeyrət, əxlaq məsələsidi. Bu milli mentalitetdi, milli dəyərdi. Bundan heç kim yayına bilməz.
Və nəhayət, bu kitabda Qarabağ dərdi də, milli münasibətlər də, qaçqın həyatı da, ayrı-ayrı bucaq altında elə şərh olunur ki, həmin o qaranlıq dünyanın özünə aid işığında dediklərimi görmək mümkün olur. Son olaraq mən bu kitabda bir də onu, yəni bir nöqtəni iç dünyama daha çox yaxın buraxdım. Həmin nöqtədə həbsdə olanlarla görüşmək, onları anmaq, xatırlamaq, ziyarət etmək səhnəsidi. Mən qaçqınlığın ilk günlərini xatırladım. Onda az qala hər gün qaçqınların başının üstündə hansısa bir ziyalı, hansısa bir vəzifə sahibi. Hansısa bir təşkilat, hansısa bir dövlət qurumu, eləcə də müxtəlif rəngli xaricilər alırdı, onlarla maraqlanırdı. Yavaş-yavaş bu görüşlərin sayı azaldı, yavaş-yavaş gələnlərin ayağı yığışdı, yavaş-yavaş yol gözləyənlərin gözü çəkildi yollardan... Bax, Bayılda da, elə digər həbs yerlərində də beləcə adiləşir ziyarətlər, görüşlər... Adamların hər iki qütbdə gözü yığılır yollardan. Vay ondadı ki, heç gələnin olmaya... Bunu da Faiq yazıb kitabında, bunu da yaşadıb oxucuya...
Bəli, Faiq Balabəyli, sənin avtoqrafla bağışladığın kitabını mən bu cür köçürmüşəm özümə, yaddaşıma. Və indi də sıxıntılarım, gərginliklərim artanda qayıdıram o kitaba. Elə biilrəm ki, o kitab məni məhdudlaşdırılmış azadlığımdan böyük azadlığa çıxmaqda köməkçim olacaq. Qarabağa getmək üçün ipucu verəcək mənə. Və mən də o kitabı özümlə aparacam Tuğa, Şuşaya! Belə bir inam var içimdə. Bu inama görə "çox sağ ol, Faiq bəy!"