18 Aprel 2019 11:40
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağcabədi rayonu olub. Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirak etdikləri festival Heydər Əliyev Meydanında keçirilib.

Teleqraf.com-un məlumatına görə, festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri ilə yanaşı, Ağcabədi, Ağdam və Laçın rayonlarının rəhbərlikləri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və minlərlə ağcabədili iştirak edib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında festivalın əhəmiyyətini qeyd edib. Bildirib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Fiziki imkanları məhdud incəsənət ustalarından biri oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.

Festival çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi respublikamızda “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq “Oxu” şüarı adı altında kitab guşəsi də təşkil edib. Bundan başqa, ədibin qəzəllərini Nəsimi obrazında olan məktəblilər qonaqlar üçün səsləndiriblər.

Festivalın zəngin proqramını yaddaqalan edən anlardan biri isə “Qarabağ”, “Pesvebi” və “Göyçay” rəqs kollektivlərinin ifasında bir-birindən maraqlı rəqslərin nümayiş etdirilməsi olub. Konsert proqramında folklor kollektivlərinin rəqsləri ilə yanaşı, “Qarabağ” şikəstəsi, “Yaşa mənim xalqım”, “Qonaq gəl bizə” kimi digər mahnılar da səsləndirilib.

Festivalın sərgi hissəsində oymaçı rəssam Rauf Seyidzadənin oyma sənəti ilə bağlı olan əl işləri ziyarətçilərdə maraq doğurub. Daha sonra digər sənətkar Sərvər Abdullayev Azərbaycanın müasir memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, tarixi məkanlardan olan Ağdam “Çay Evi” və Ağdam məscidi, Hökumət Evi kimi tikililəri kibrit çöplərindən hazırlamaqla ziyarətçiləri təəccübləndirib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurulub. İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.

Daha sonra dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri də (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib.

Regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş etdiriblər.

Tədbir iştirakçıları təəssüratlarını bölüşərək, yaradıcılıq festivalından razılıqlarını ifadə edib, xalqımızın mədəni irsinin təbliğində layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Ağcabədi Regional Mədəniyyət İdarəsini təmsil edən Namiq Həsənov deyib: “Sərgiyə gələnlər daha çox sənətkarların və rəssamların əl işlərinə, taxtadan düzəldilmiş musiqi alətlərinə, Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına daha çox maraq göstərirlər. Tədbirin bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsində, regionlararası yaradıcılıq əlaqələrinin genişlənməsində rolunu yüksək qiymətləndirir, festivalın təşkilatçılarına təşəkkürümü bildirirəm”.

Gəncə Regional Mədəniyyət İdarəsini təmsil edən Elşad Qasımov da festivalın böyük maraqla qarşılandığını bildirib: “Sakinlər sərgilərə, nümayiş edilən sənətkarlıq nümunələrinə, rəsmlərə, digər əl işlərinə çox maraqla baxırlar. Xüsusən gildən hazırlanmış qablar, xalçalar, rəsm əsərləri çox maraq doğurur. Bunların əksəriyyəti uşaqlar tərəfindən hazırlanıb. Əminəm ki, festivallar gənc nəslin Azərbaycan mədəniyyətini daha yaxından tanımasında böyük rol oynayacaq”.

Ağcabədi şəhər sakini Radə Qafarova festivaldan razılığını belə ifadə edib: “Bölgələrdə belə bir yaradıcılıq festivalının keçirilməsi olduqca təqdirəlayiqdir. Bu gün Qarabağda belə bir festivalın keçirilməsi çox möhtəşəm bir hadisədir. Festivalların keçirilməsi ilə biz həm özümüzə, həm də bütün dünyaya Azərbaycanın qədim mədəniyyət beşiyi olduğunu bir daha göstərmiş oluruq. Azərbaycanın müxtəlif bölgələrinin təmsil olunduğu sərgiyə çox maraqla baxdım. Təqdim olunan musiqi nömrələri isə zövqümüzü oxşadı”.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə, şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Festival bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı keçirilir. Bu festival iki ay davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər