3 Aprel 2022 22:07
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Firəngiz Mütəllimovanın dünyaya göz açdığı gündür.

Bu barədə Teleqraf.com-a danışan aktrisa deyib ki, rəsmi sənəddə doğum tarixi mayın 1-i qeyd olunub. Bu səbəbdən ən çox təbriki məhz o gün alır: “Bu gün doğum günümü ailəmlə qeyd edirəm. Xəbər tutan dost-tanışlar da zəng edib, təbrik edirlər. Sizə də, onlara da təşəkkür edirəm”.

Son dönəm həm pandemiya, həm də səhhəti ilə əlaqədar evdən nadir hallarda çıxan xalq artisti hazırda teatrda “Qarabağnamə” tamaşasında rol aldığını bildirib.

Əslən şuşalı olan Firəngiz Mütəllimova 1959-cu ildə Ağcabədi rayonu, Üzeyirli kəndində anadan olub.

1976-80-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1980-ci ildən Akademik Milli Dram Teatrında çalışır.

Teatr tamaşaları ilə yanaşı Firəngiz Mütəllimova kinolara çəkilib, televiziya tamaşalarında rol alıb.

Azərbaycan Televiziyasının Qızıl Fondunda ən çox rolu olan aktrisadır.

Firəngiz Mütəllimova AzTV-də hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa edib. Bunlar Gülnar (“Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz”, Aslan Qəhrəmanov), Mərcan (“Evləri köndələn yar”, Anar), Nazan (“Yad qızı”, Orxan Kamal), Almaz (“Topal Teymur”, Hüseyn Cavid), Almaz (“Göz həkimi”, İslam Səfərli), Günay (“Səninlə və sənsiz”, Marat Haqverdiyev) və başqa rollardır.

Aktrisa 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2002-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub, Prezident fərdi təqaüdçüsüdür.


Müəllif: Nərmin