Norveçdə yaşayan azərbaycanlı modelyer Şervin Nəcəfpurun Bakının prestijli əyləncə məkanlarının birində “Atropatena Fashion Night” adlı moda nümayişi baş tutub.
Teleqraf.com xəbər verir ki, “Addım” Gənclər Təşkilatının təşkilatçılığı ilə gecədə modelyerin ekslüziv olaraq Bakı dəfiləsi üçün hazırladığı klassik və milli elementlərlə zəngin 30-a yaxın geyim nümayiş olunub.
Gecəni giriş sözü ilə açan “Addım”ın sədri Hüseyn Cavadzadə gənc modelyerin yaradıcılıq üstünlüklərindən, diasporamızda məhsuldar fəaliyyətindən və vətənpərvərliyindən danışıb. Daha sonra Norveç Krallığının Bakıdakı konsulu Şerstin Agneta Valberq çıxış edərək layihə ilə bağlı müsbət fikirlərini bildirib.
Şervin Nəcəfpurun “Atropatena” sərgisi 20 dəqiqə ərzində davam edib və qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Gecənin davamında 2014- cü ildə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova musiqi proqramı ilə çıxış edib.
Qeyd edək ki, bundan öncə Avropa ölkələri və yaxın Türkiyədə müxtəlif moda dəfilələrində iştirak edən 24 yaşlı Şervin Nəcəfpurun Azərbaycanda ilk moda gecəsi idi.
Nərmin