24 May 2022 12:36
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 29-da mərhum xalq artisti, görkəmli teatr və kino aktyoru Fuad Poladova həsr olunan "Skafandrlı adam" kitabı təqdim ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə aktyorun oğlu Ağarəhim Poladov Feysbuk hesabında məlumat paylaşıb.

“Fikrimcə, kitaba olan yanaşma, tərz, üslub olduqca qeyri- adi və emosionaldır. Bu mətndə siz Fuad Poladovu tanımadığınız tərəflərdən tanıyacaqsınız. Ən azı Aygün xanımın bunu etmək üçün göstərdiyi cəhdlərin bir hissəsi olacaqsınız. Nəhayət, bunu etdik, Aygün xanım...”

Qeyd edək ki, kitabın müəllifi kinoşünas Aygün Aslanlıdır. Kitab "Parlaq İmzalar" nəşriyyatında dərc olunub.

Ağarəhim Poladov qeyd edib ki, kitabın satışından əldə edilən məbləğ xeyriyyə məqsədi ilə xərclənəcək.

Xatırladaq ki, bu gün Fuad Poladovun doğum günüdür. O, 1948-ci il may ayının 24-də Bakıda anadan olub. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsən İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972).

Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb.

Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.

Müəyyən vaxtlarda Akademik Milli Dram Teatrının səhnəsində “Hamlet”də Hamlet, “Şah Qaçar”da Qacar, “Boy çiçəyi”ndə Həsənzadə, “Müsyo İbrahim və Quran çiçəyi”də Müsyo İbrahim obrazlarını yaradıb.

Fuad Poladov 40-dan çox filmə çəkilib.

Mərhum aktyor 2018-ci il mayın 5-də uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib.

Fuad Poladovun şəxsi arxivindən. 2018-ci il. Nəbi Xəzrinin Bakı haqqında şerindən bir parça. Səs yazısı telefonla aparılmışdır.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər