“Ən yaxşı qonorarı Almaniyada çəkildiyim bir filmdən almışam. SSRİ Kinematoqrafçılar İttifaqının üzvü olduğum üçün mənim Azərbaycanda bir çəkiliş günüm şərti olaraq 50 manat hesablanırdısa, Almaniyada bir günə 500 manat verirdilər. Çox böyük fərq var idi. Təsəvvür edin, Rasim Balayevin “Nəsimi” filmində aldığı qonorarı mən Almaniyada bir günə alırdım”.
Bu sözləri Teleqraf.com-a Xalq artisti Tariyel Qasımov deyib.
Onun sözlərinə görə, film iki seriyalı imiş.
“Filmin adı beləydi: ”Sonya raport verir". 1982-ci ildə Almaniyanın DEFA studiyası çəkirdi. Rejissoru Stefan Bernxard idi. Xarici ölkələrin filmlərindən çəkilmək insana böyük təcrübə qazandırır. Üstəlik, aktyora nə qədər böyük qiymət verildiyinin şahidi olursan”.
Aktyor həmçinin Rusiyada 90 min manatlıq qonorardan imtina etdiyini də deyib:
“Mən filmdə türklərin əleyhinə olan bir obrazı canlandırmalı idim. Özü də türk obrazı və baş rol idi. Bizim pulla 90 min manat qonorar təklif olunurdu, qəbul etmədim. Elə bir filmdə yer almaq istəmədim”.