“Başlıbel-Bir kəndin mühasirə gündəliyi” sənədli filminin çəkilişləri başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə filmin rejissoru Pərviz Həsənov sosial şəbəkədə məlumat verib.
“Filmin çəkilişləri 1 ildən artıq müddətdə Azərbaycanın müxtəlif bölgələrində aparılıb. Çox uzun və çətin oldu. Amma fəxrlə deyə bilərəm ki, bu günə kimi heç kimin tapıb danışdıra bilmədiyi şahidlərlə görüşdük. Heç kəsin gedib çıxa bilmədiyi yerlərə getdik. Biz bunu bacardıq. Bu çətin və uzun yolda yanımızda olan hər kəsə təşəkkür edirəm”- Həsənov qeyd edib.
“Azərbaycantelefilm”in istehsalı olan filmin layihə rəhbəri Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Salahov, Pərviz Həsənovdur. Quruluşçu operator Elxan Rüstəmov və Cavid Əliyevdir.
Qeyd edək ki, 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar.
Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.
93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını davam etdirib.