11 Dekabr 2014 13:21
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Professor Rəhman Bədəlov Toğrul Cuvarlı ilə birgə yazdığı resenziyanın həmtəsisçisi olduğu Kultura.az saytında senzuraya uğradığını bəyan edərək bu saytı Seymur Baycanın ələ keçirdiyini deyib.


Rəhman Bədəlov özünün Facebook səhifəsində yazıb ki, portal vasitəsilə müraciət etmək imkanlarına malik olmadığı üçün məhz sosial şəbəkə ilə Kultura.az-ın təsisçilərinə üzünü tutur: “Təxminən bir ay əvvəl portal Toğrul Cuvarlı ilə birgə yazdığım resenziyanı çap eləməkdən imtina etdi. Aydın oldu ki, Seymur Baycan portalı tək idarə edir, o, əsas senzordur, kimi və hansı yazını çap edib-etməmək barədə qərarı da özü verir. Mən portala müraciət etdim və tələb etdim ki, mənim etiraz məktubumu çap etsinlər və məni portalın təsisçiləri sırasından çıxarsınlar. Bizim prinsipial senzorumuz məktubumu çap etmədi, amma adımı təsisçilər sırasından çıxardı. Hörmətli təsisçilər, bu barədə qərar vermək sizin haqqınızdır. Siz bir nəfər tərəfindən qəsb edilmiş portalda dekora kimi qalmağa razısınızmı?”

Qeyd edək ki, resenziya dövlət müşaviri Kamal Abdullanın kitabına həsr olunub.

Onun bu statusuna Seymur Baycan reaksiya verməsə də, sosial şəbəkələrdə geniş müzakirə başlayıb.
Hazırda Çexiyada yaşayan “Azadlıq” radiosunun keçmiş əməkdaşı Rövşən Əliyev yaranmış situasiya ilə əlaqədar Facebook-da status yazaraq sözügedən portalda Seymur Baycanın yanaşması ilə razılaşmadığını dilə gətirib: “Kimin doğru, kimin əyri, kimin vətənpərvər, kimin satqın olduğunu müəyyənləşdirmək medianın işi deyil. Çox güman ki, Rəhman müəllimin resenziyası dövlət müşaviri Kamal Abdullanın kitabı haqda olduğu üçün Seymur Baycan bu yazını “iqnor” eləyib. Ancaq əgər sən hökumətə yaxın medianı tənqid eləyirsənsə, özün fərqli bir media qurmalısan”.

Bəstəkar Elmir Mirzəyev statusa şərh yazaraq bildirib ki, kultura.az portalı sırf kültür dərgisidir: “Onun təsisçiləri də yalnız iki nəfər olub - Əli Əkbərlə bəndəniz. Biz 2007-ci ildə bu dərgini kültür müxalifəti üçün tribuna mənasında təsis etdik, bu da çox vacib idi, çünki cəmiyyətin kültür əsasları dəyişməlidir. Cəmiyyətə alternativ kültür xəttini təqdim etmək hakimiyyətə qarşı çıxmaqdan da qat-qat mürəkkəbdir, gərək bütün cəmiyyətin arxetiplərinə qarşı çıxasan, bunu da anlamaq lazımdır. Belə bir kültür dərgisi isə əsla “həftəbecər” ola bilməz, onun öz dəsti-xətti, üslubu olmalıdır, bu qəzet deyil, daha çox jurnal formatıdır, Seymur tamamilə haqlıdır bu mənada. Rəhman müəllim o yazını istədiyi yüzlərlə saytda, qəzetdə, jurnalda yerləşdirə bilər, ayrıca broşür kimi də çap etdirə bilər, heç bir problem deyil”.

R.Əliyev müəllif kimi Seymur Baycanın yazdıqlarına və mövqeyinə iradı olmasa da, onun fikrincə, redaktor kimi düzgün hərəkət etməyib: “Elə mənim ortaya atdığım mövzu da redaktorluqla yazarlığın qarışdırılmasıdır”.

Bəzi Facebook istifadəçiləri R.Bədəlovun dövlət müşavirinə yarınmaq üçün belə bir resenziya yazdıqlarını qeyd ediblər.

R.Əliyev isə vurğulayıb ki, Kamal Abdulla vəzifədə olmayanda da Rəhman Bədəlovla Toğrul Cuvarlı onun yaradıcılığını bəyənib.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər