Azərbaycan Teatr Xadimləri İttifaqının 125 illiyinə həsr olunmuş “Milli klassika” teatr festivalının bağlanış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, mərasimi ittifaqın sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov açıb, bu möhtəşəm sənət bayramı münasibəti ilə teatrsevərləri təbrik edib, teatr festivallarının Azərbaycanın mədəniyyət tarixində əhəmiyyətli rolundan danışıb.
Sonra o, festivalın yekunları barədə məlumat verib.
Qeyd edilib ki, festivalda 11 teatr və 1 təhsil ocağı 13 tamaşa nümayiş etdirib. Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşulub. Münsiflər heyətinin müzakirələri nəticəsində festivalın nəticələri müəyyən olunub.
Tədbir iştirakçıları festival çərçivəsində oynanılan tamaşalardan parçaları əks etdirən videoçarxa baxıblar.
Sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov festivalda iştirak edən bütün kollektivləri təbrik edib, hər birinə gələcək işlərində uğurlar arzulayıb və festivalın təşkilatçılarına dərin təşəkkürünü bildirib.
Çıxışlardan sonra mükafatlandırma mərasimi olub. Münsiflər heyətinin üzvləri nominantları elan edib və mükafatlandırıb.