"Müharibə" necə "Mən gəldim, qızlar" oldu?
Tamaşa yaddaşlarda hər zaman mövzusu, rejissor yozumu, aktyor ifası və bir də adı ilə qalır. Uzun müddət repertuarda yer almış tamaşanın adı dəyişən zaman tamaşaçı da nə baş verdiyini anlamır. Bu il Gənc Tamaşaçılar Teatrında ötən ilin uğurlu tamaşalarından olan "Müharibə"nin adının dəyişərək "Mən gəldim, qızlar" qoyulması marağımıza səbəb oldu. Geniş tamaşaçı kütləsinə əvvəl bir, sonra başqa adla təqdim olunan tamaşa barədə alınan bu qərarın niyə və hansı səbəbdən yarandığını araşdırmağa, eləcə də teatrlardakı tamaşaların adlarının kimlər tərəfindən müəyyənləşdirilməsinə işıq tutmağa çalışdıq.
"Mən gəldim qızlar"
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov "Müharibə" ilə bağlı sualımıza belə aydınlıq gətirdi: "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında bir tamaşa var ki, qismən adında dəyişiklik edilib. Bu da İsveç dramaturqu Lars Nurenin "Müharibə" əsəri əsasında hazırlanmış eyniadlı tamaşadır. Bu tamaşanın adı sonradan dəyişdirilərək "Mən gəldim, qızlar" olub (amma əvvəlki adı da mötərizədə yazılmaq şərti ilə). Teatrın kollektivi ötən il Kalmıkiya Respublikasında qastrol səfərində olarkən bu tamaşa ilə çıxış etmişdi. Böyük maraqla qarşılanan səhnə əsərinin adının dəyişdirilməsində də elə Rusiya tamaşaçılarının çoxsaylı rəyləri nəzərə alınıb. PR məsələsinə gəldikdə isə deyə bilərəm ki, bəli, müəyyən mənada tamaşanın adında edilən dəyişiklik, tamaşaçını cəlb etmək mənasında ona müsbət təsir göstərib".
"Azdrama"da belə bir hal olmayıb"
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun sözlərinə görə, "Azdrama"da tamaşaların adları ancaq iş prosesində dəyişilib: "Seçilən pyeslər istehsalata buraxılandan sonra iş prosesi zamanı adları dəyişdirilib. Məsələn, Hüqonun "Mariya Tüdor" pyesi "Qadın məhəbbəti" adı ilə tamaçılara təqdim olundu. Eləcə də Elçin Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanan tamaşa "Qarabağnamə" ilə nümayiş edilir. Lakin indiyə kimi teatrda premyerası olan, tamaşaçılara təqdim edilən hər hansı tamaşanın adı sonradan dəyişdirilməyib. Şah İsmayılın həyatından bəhs edən tamaşamıza kimsə "Şah və şair", kimsə "Hamı səni sevənlər buradadır" deyir. Amma tamaşanın əsl adı belədir: "Şah və şair" və yaxud "hamı səni sevənlər burada"dır. Bu kimi hallarla tez-tez qarşılaşırıq. Amma konkret əmrlə, yaxud afişadakı adların dəyişdirilməsi bizim teatrda olmayıb".
"Adı rejissor müəyyənləşdirir"
O bildirib ki, tamaşanın adı rejissor tərəfindən müəyyənləşir: "Tamaşanın adı ilk növbədə rejissor tərəfindən müəyyənləşdirilir. Ad cəlbedici olmalıdır. O ad özü nəsə deməli və müəyyən mənada tamaşanı anlamaq üçün açar rolunu oynamalıdır. Tamaşanı isə rejissordan yaxşı heç kim aça bilməz. O baxımdan adı rejissor müəyyənləşdirir. Bir də var teatr prodüserləri tərəfindən qurulan tamaşalar. Bu tamaşalar bazar iqtisadiyyatı tələbləri ilə hazırlanır və satış üçün nəzərdə tutulur. Kinoprokat sənayesində olduğu kimi bu zaman prodüser tamaşada hər şeyi həll edir. Yəni pulu verən və mahnını sifariş edən prodüserdir. O hallarda hətta tamaşanın adını prodüser təyin edə bilər. Azərbaycanda isə bu sistemlə hazırlanan tamaşalar demək olar ki, yoxdur, bir-iki nümunəni çıxmaq şərti ilə. Ona görə indiki halda Azərbaycanda rejissor ad təklif edir. Ola bilər teatrda fəaliyyət, göstərən prodüser şöbəsi yaxud teatrların afişası ilə məşğul olan insan ad məsələsi ilə bağlı məsləhətlərini versin, amma nəticə etibarı ilə tamaşanı rejissordan başqa heç kəs yaxşı bilmədiyinə görə adını da onun müəyyənləşdirməsi daha məqsədəuyğundur".
"Düzgün qərar deyil"
Pantomima Teatrının direktoru Elman Rəfiyevin fikrincə, tamaşanın adının sonradan dəyişdirilməsi doğru addım deyil: "Bizim teatrda tamaşaların adları iş prosesində dəyişib. Bu da çox az hallarda olub. Məsələn, teatrda Xocalı faciəsinə həsr olunan "Xocalı" adında tamaşa hazırlanırdı. Amma sonra biz adını dəyişib "Unutmayaq" qoyduq. Yəni faciəni daha ümumi planda götürüb, onu unutmamaq naminə belə ad seçdik. Lakin heç vaxt repertuarda təqdim olunan tamaşanın adı sonradan dəyişməyib. Tamaşa tamaşaçı qarşısına necə çıxırsa, elə o adla da repertuara daxil olub, stabil oynanılır. Məncə, tamaşaçıya təqdim olunan tamaşanın adının dəyişdirilməsinə lüzum yoxdur".
Tamaşalara adların qoyulması məsələsinə gəlincə, direktor bildirib ki, bu Pantomima Teatrında fərqli formada baş verir: "Bizim teatrda nümayiş olunan tamaşalar dramaturji əsərlər əsasında hazırlanmır. Ona görə adını da biz özümüz müəyyənləşdiririk. Əlbəttə ki, teatrda tamaşanın adının qoyulması və ümumiyyətlə bütün yaradıcı işlərə teatrın baş rejissoru cavabdehdir. Başqa teatrlar hazırladıqları tamaşaları dramaturji əsərlər əsasında hazırladıqlarına görə, adı da əsərin adı, yaxud əsərə yaxın müəyyənləşdirirlər. Fikrimcə, sonradan adın dəyişilməsi düzgün qərar deyil".
"Aida" operasının adını kim dəyişə bilər?"
Opera və Balet Teatrının mətbuat əlaqələndiricisi Şükufə Mirzəyeva bildirdi ki, teatrda klassik əsərlər səhnəyə hazırlanan zaman adlarına toxunulmur: "Opera və Balet Teatrında əsasən opera tamaşaları səhnələşdirilir. Klassik tamaşadırsa, onun adı eynilə saxlanılır. Cüzeppe Verdinin "Aida" operasının adını kim dəyişə bilər? Eləcə də milli klassikamız olan "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl". O ki, qaldı yeni səhnəyə qoyulan tamaşaların adlarına, bu, əsasən libretto müəlliflərinin səlahiyyətindədir. Libretto müəllifi əsəri teatra təqdim edir, əgər əsər səhnələşdirilmək üçün seçilirsə, adı ilə səhnəyə qoyulur".
Musiqi Teatrı, Yuğ Teatrının mətbuat əlaqələndiriciləri bildiriblər ki, sözügedən teatrlarda indiyə kimi belə bir hal olmayıb.
"O, dramaturqun səlahiyyətindədir"
Rejissor Mərahim Fərzəlibəyov deyir ki, hər hansı tamaşanın adını müəyyənləşdirmək dramaturqun səlahiyyətindədir: "Əgər dramaturq sağdırsa, rejissor onunla məsləhətləşərək adı dəyişə bilər. Yaradıcılığımda belə hadisə olub. Məsələn, Həsən Həsənovun "Brüsseldən gələn məktublar" əsəri ilk dəfə səhnəyə eyni adla hazırlandı. Amma mən illər keçəndən sonra yenidən əsəri səhnələşdirəndə adını dəyişdirərək "Qürbətdən gələn məktublar" qoydum. Amma təbii ki, müəlliflə razılaşıb bu qərar gəldim".
"Heç bir mənfi hal ola bilməz"
Teatrşünas Məryəm Əlizadənin fikrincə, tamaşaların sonradan adlarının dəyişilməsinin haqlı səbəbləri ola bilər: "Siz dediyiniz tamaşanın adının dəyişdirilməsinin səbəblərini teatrdan soruşun. Əgər bu tamaşaçı rəyinə əsasən dəyişilibsə, üstəlik köhnə adı mötərizədə yazılırsa, burada heç bir mənfi hal ola bilməz. Bununla bizdən sonra gələn nəsillər bu dövrü tədqiq edəndə bilərlər ki, hansı tamaşadan söhbət gedir. Ancaq ümumilikdə teatrda tamaşaların adları dəyişilmir. Neçə illər repertuarda səhnəyə qoyulmasından asılı olmayaraq, adlar eyni qalır”.
Nərmin Muradova