20 Dekabr 2014 15:18
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Teatrda kinozal arzu və istəklər əsasında açılıb”

Son günlər Mingəçevir Teatrında baş verən olaylar mətbuatın diqqətindən yayınmır. Teatr haqqında son zamanlar kiminsə işdən qovulması, kimlərəsə təzyiqlər olunması, yaradıcı insanların sıxışdırılması kimi söz -söhbətlər gəzir. Sənət ocağının keçmiş aktyoru İbrahim Salamov da mətbuata verdiyi açıqlamasında teatrın bugünkü durumuna görə direktor Səxavət Məmmədovu ittiham edib. O bildirib ki, direktor vəzifəyə təyinatının ilk günündən teatrı bazara, alver məkanına və intriqa ocağına çevirib.

Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Vüsal Məmmədov Teleqraf.com-a müsahibəsində bütün deyilənləri əsassız adlandırıb. Onun sözlərinə görə, 2014 -cü ilin mart ayından başlayaraq sözügedən teatr özünün əsl intibah dövrünü yaşayır.

- Vüsal bəy, İbrahim Salamov konret hansı səbəblərdən teatrdan uzaqlaşdırılıb?

- İlk növbədə daxili nizam -intizamı pozduğu, tamaşanı yarımçıq saxladığına görə İbrahim Salamov qanuni şəkildə teatrdan uzaqlaşdırılıb.

- Açıqlamalarınızda İbrahim Salamovun teatr daxilində qrup yaratdığını da iddia edirsiniz.

- Bəli, o illərdir ki, teatrda qruplaşma yaradıb. Sonuncu dəfə teatr rəhbərliyinə, həmçinin teatrın iş ahənginə problemlər yaratmaq məqsədilə qruplaşma halında ərizə yazıb işdən çıxsalar da istədiklərinə nail ola bilmədilər. Hətta dayanmadan “dost-tanış” saytlara, bəzi xəbər portallarına şər-böhtan dolu yazılar göndərirlər. Onlar xalq artistini, əməkdar artistləri susqun olmaqda, dinməməkdə günahlandırırlar. Dünənədək özlərinin sənət yoldaşları olan gənc aktyor və aktrisaları bu gün “ordan -burdan gələnlər” deyib kiçiltmək heç bir məntiqə sığmır. Onlar teatrımızın gənc aktyorlarının təhsilindən danışarkən öz yanlarındakı dostlarının da təhsil dərəcələrinə bir az fikir versinlər. Axı dünənə kimi o insanlarla birgə səhnələrdə rol alırdılar. Necə oldu bu gün həqiqəti dediklərinə görə onları ittiham edirlər? Hazırki direktordan qabaq iki direktorla da yola getməyən, eyni söz -söhbətlərlə münaqişə yaradan, bir neçə baş rejissorla da yola getməyən bir insan bu qədər insanlarla mübahisədə düz ola bilərmi? Yəni bu qədər insan haqsız, bir İbrahim Salamov haqlı ola bilməz. O ittihamların yalan olduğunu sübut edən elə İbrahim Salamovun özünün bir-birindən fərqli dörd “facebook” yazısını misal çəkə bilərəm. Bir yazıda İ.Salamov Mədəniyyət və Turizm Nazirinin müavini cənab Ədalət Vəliyevi pisləyir və deyir ki, mənim MDDT -nın direktoru ilə heç bir problemim yoxdur, mən nazirlikdən narazıyam. Başqa birində yazıb ki, o, MDDT-nın direktorundan narazıdır, nazirlik normal işləyir, amma direktor nazirliyin adından istifadə edir. Digər yazıda MDDT daxilində əsl sənət abu-havası olduğunu, yeni rəhbərliyin bütün problemi həll etdiyini və hamıya şərait yaratdığını qeyd edib. O son günlərdəki yazılarında Səxavət Məmmədovun direktor təyin edildikdən sonra guya teatrda heç direktora heç bir aidiyyatı olmayan keçmiş qalmaqalların prinsipini aparır.

- O iddia edir ki, direktor teatrı kinoteatra çevirib.

- Bilirsiniz, respublikamızın ən böyük şəhərlərindən olan Mingəçevirdə artıq insanlar sovet dövründəki kino xatirələrini danışmırlar. Dram Teatrın rəhbərliyi iki institutun, iki kollecin, o cümlədən, şəhər sakinlərinin arzu, istəklərini, xahişlərini və tələblərini nəzərə alaraq kino zalının açılmasına şərait yaradıb. Bu gün Mingəçevir Teatrına daxil olan istər tamaşaçı, istər jurnalist, istər tələbə və s. hər bir kəs teatrımızdakı yeniliklərin gözəlliyini, teatrın inkişafını, kollektivin mehribançılığını tam şəkildə hiss edə bilər. Direktor Səxavət Məmmədovun danılmaz səyi və fəaliyyəti nəticəsində daxili nizam -intizam tam qurulub, sənət adamlarına öz peşəsini layiqincə yerinə yetirməkləri üçün çox gözəl şərait yaradılıb. Düşünürəm ki, bunu hər bir mingəçevirlinin, hər bir tamaşaçının dilindən eşitmək mümkündür.

İnkişaf etmiş teatrlarda olduğu kimi, qapının girişində monitor qoyulubsa, insanlar baxacaqları tamaşadan, kinodan fraqmentlər izləyirsə, burda qəbahət nə var? Monitoru çəkib sosial şəbəkədə yaymaqla, kinodan çıxan insanların fotosunu çəkməklə heç nəyə nail ola bilməyəcəklər.

- Teatrda daha hansı yeniliklər var?

- Yeniliklərimiz çoxdur. Və bütün mediadan da xahişim budur ki, bundan sonra teatrımızı qalmaqallarla yox, yeni-yeni tamaşalarla gündəmə gətirəsiniz. Teatrımız artıq intihar şouları, tamaşadan imtina təhdidi, aktyor yumruğu, yüksək səslə, söyüşlərlə yox, əsl sənət əsərləri, sənət adamları ilə gündəmə gəlmək istəyir. Qeyd edim ki, teatrda yeni tamaşa hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin də qeyd etdiyi kimi bir çox xarici ölkələrdə, o cümlədən, paytaxt teatrlarımızda da olduğu kimi, Mingəçevir Teatrında da teatrsevər tamaşaçıların asudə vaxtlarının səmərəli və maraqlı keçirmələri üçün kafemiz fəaliyyət göstərir.

Sovet dövründən bəri görülməmiş, bu cür yeniliklər, bütün bu inkişaf teatrımızın kollektivinin, yaradıcı heyətinin, daimi izləyicilərimizin, asudə vaxtını harada necə keçirəcəyini düşünən tələbə kontinentinin istəklərinə cavab verən uğurlarımızdır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər