21 Fevral 2023 12:26
13 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gözəl bir deyim var: "Böyük sənətkarlar yaranır az-az, hər yerdə hər zaman inci tapılmaz". Ramiz Novruz o incilərdəndir. Ramiz bizim qəlbimizdə daim yaşayacaq".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Ramiz Novruzun vida mərasimində həmkarı Rafiq Əzimov deyib.

O qeyd edib ki, Ramiz Novruz Azərbaycan tamaşaçısına Həzi Aslanov rolu ilə tanındı:

"Məhz o rol onu məşhurlaşdırdı, sevdirdi. Bununla yanaşı, teatrda, kinoda çox gözəl xarakterik obrazlar yaratdı. Eyni zamanda Ramiz Novruz həm bizim teatrda, həm də başqa teatrlarda tamaşalar hazırlayıb. Mən fəxr edirdim ki, bizim teatrda elə aktyor var ki, özünü həm aktyor, həm də dramaturq kimi sınayır. Qələmindən çıxdığı "Hələ sevirəm deməmişdilər" əsəri əsasında hazırlanan tamaşa uzun illər bizim teatrın səhnəsində nümayiş olunub.

Bu gün səhər başsağlığı verəndə də yazdım ki, böyük sənətkarlarımızı itiririk. Allah Ramizin ailəsini, övladlarını qorusun. Cavidan bizim teatrda çalışır, repertuarda yaxşı rolları var".

Xalq artisti Kazım Abdullayev Ramiz Novruzla uzun illər öncə tanış olduğunu, teatr və kinoda tərəf- müqabil kimi çalışdığını bildirib: "Mən Ramizlə əvvəl Sumqayıt teatrında, daha sonra Akademik Milli Dram Teatrında birlikdə işləmişəm. Sonuncu dəfə Ramizlə bir həftə öncə danışmışdım. Deyirdi ki, çox pisəm, danışa bilmirdi. Bir ara düzəlmişdi, səhhəti yaxşılaşmışdı, amma sonra yenidən halı pisləşdi. Bu xəstəlik belədir.

Son bir aya qədər teatra gələrdi, tamaşalara baxardı. Bizə ürək-dirək verərdi, deyərdi, təzə tamaşalarda oynayacam. Biz bu gün dostumuzu, qardaşımızı itirdik. Çox heyif. Onu hər zaman xoş xatirələrlə xatırlayacam".

Əməkdar artist Sabir Məmmədov da itkinin ağırlığından söz açıb:

"Bu gün danışmaq həqiqətən çətindir. Ona görə ki, biz onun xəstəliyini bilirdik. Əvvəl-əvvəl özü bilmirdi. Çox amansız xəstəlikdir, sonunun belə olacağı aydın idi. Ona görə çətindir".

"Deyirlər Ramiz müəllim xəstəliyinə rəğmən çox nikbin idi, doğrudurmu?" sualına Sabir Məmmədov "Onda xəstəlini bilmirdi. Sonra hiss edəndə ki, bu xəstəlikdir, artıq o da...Allah ona rəhmət eləsin. Rafiq müəllim də dedi, hər aktyorun yetişməsi çox çətindir. Belə bir aktyoru da itirmək həqiqətən ağırdır. Azərbaycan tamaşaçısı, teatrımız, mədəniyyətimiz üçün ağır itkidir".

Ramiz Novruzun Akademik Milli Dram Teatrında quruluş verdiyi "Silindr" tamaşasında oynayan aktrisa Ləman İmanova onun aktyorluqdan əlavə yaxşı rejissor qabiliyyətinin olduğunu bildirib.

“Ramiz müəllimə həmişə deyirdim ki, mən çox tamaşalarda oynamışam, amma “Silindr”dəki kimi heç birinin məşq prosesindən bu qədər zövq aldığımı xatırlamıram.

Bu tamaşa üçün özü məni seçmişdi. Və mənə çox güvənirdi. Deyirdi, bilirəm sən bu rolu gözəl oynayacaqsan. Həqiqətən, maraqlı, uğurlu tamaşa alındı.

Onunla sonuncu dəfə "Filumena Marturano" tamaşasında oynamışam. Mən həmin tamaşada 75 yaşlı qadını oynayırdım və orda Ramiz müəllimlə iki çox gözəl qarşılıqlı səhnəmiz var idi. Tez-tez məsləhət verirdi. Hər dəfə də roluna yeni nələrsə əlavə etməyə çalışırdı.

O gözəl insan idi, çox heyif ki, itirdik. Həm aktyor, həm də rejissor kimi möhtəşəm insan idi”.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova

Oxşar xəbərlər