Bu il “Bir ailə” bədii filminin 80 yaşı tamam olur.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti “Bir ailə” filminin nümayişi ilə bağlı xüsusi tədbir keçirilməsini nəzərdə tutub.
İttifaqdan Teleqraf.com-a bildirilib ki, 1943-cü ildə “Bakı kinostudiyası”nda istehsal edilən film II Dünya müharibəsində Azərbaycan neftinin rolu və xalqımızın vətənpərvərliyindən bəhs edir.
Rejissorlar Qriqori Aleksandrov, Mikayıl Mikayılov və Rza Təhmasibin ekranlaşdırdığı “Bir ailə” tammetrajlı bədii filmində rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Hökümə Qurbanova, Lyubov Orlova və başqaları canlandırıblar. Operatorlar Əlisəttar Atakişiyev, Əsgər İsmayılov, rəssam Mirzə Rəfiyevin də daxil olduğu yaradıcı qrupa filmin çəkilişi o vaxtkı ağır durumda çox çətin başa gəlib.
Film Qara Qarayevin kinoda bəstəkar, Mirzə Babayevin isə aktyor-müğənni kimi ilk işi idi. Ekran əsəri vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir. Filmdə duz-çörəkli Bakıdan, onun faşizm üzərində qələbə üçün hər şeyini qurban verməyə hazır olan çoxmillətli sakinlərindən bəhs edilir. Ssenari müharibədə olan azərbaycanlı tankçı Nacarın bir günlük məzuniyyət zamanı vurulduğu Katya adlı rus qızına məhəbbəti ətrafında qurulub. Katya rolunu Lyubov Orlova, Nacar rolunu isə Xosrov Məlikov ifa edib.
Görkəmli yazıçı və dramaturq Mir Cəlal Paşayevin yazdığı ssenaridə müharibənin bütün yükünün sadə xalqın üzərinə düşdüyü qabardılıb. Müəllif öz çörək payını da Bakıya təxliyə edilmiş rus, ukraynalı, belarus, latış və s. millətlərin nümayəndələri ilə bölüşən Azərbaycan xalqının qonaqpərvərliyindən, fədakarlığından bəhs edirdi.
Qeyd edək ki, bu il həmçinin filmin ssenari müəllifi Mir Cəlal Paşayevin də 115 yaşı tamam olur.
Film Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.