7 Yanvar 2015 16:00
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yola saldığımız ilin maraqlı kino hadisələrindən biri azərbaycanlı aktyor Kamran Ağabalayev və “Nargis” Nəşriyyat evinin, “Nargis” jurnalının direktoru, aktrisa Könül Nağıyevanın Türkiyə istehsalı olan “Tərkedilmişlər” filmində baş rol oynamasıdır. Film demək olar ki, hazırdır, sadəcə istehsalçılar ekran əsərini tamaşaçılara gələn il təqdim etməyi düşünürlər. Hazırda filmin prodüseri və rejissoru Korhan Uğur Azərbaycandadır. Fürsətdən istifadə edib, onunla və aktyor Kamran Ağabalayevlə görüşüb, film və kinoindustriyamız barədə söhbət etdik.

Teleqraf.com həmin söhbəti təqdim edir:

- Korhan bəy, Bakıya xoş gəlmisiniz. Bilirəm ki, ilk gəlişiniz deyil. Amma sizinlə ilk müsahibəm olduğundan ölkəmiz haqda fikirlərinizi bilmək istərdim...
Korhan Uğur: Azərbaycanı, Bakını çox sevirəm. Burada özümü evimdəki kimi hiss edirəm. İnsanlar çox səmimi, pozitivdirlər. Azərbaycanın əksər yerlərini gəzmişəm. Bilirsiniz ki, “Mahmud və Məryəm” filminin icraçı prodüseri olmuşam və o vaxtdan Azərbaycanla, sizlərlə çox sıx münasibətim yaranıb. Elə o film sayəsində Azərbaycanda ən çox istədiyim Kamranla tanış oldum. O vaxtdan Kamrana deyirdim ki, səni bir filmimdə çəkəcəm. O gün bu gün aradan illər keçdi, ssenarini yazıb ona göndərdim. Oxumağını və oynayacağı rolunu özünün seçməyini istədim.
Kamran Ağabalayev: Ssenarini oxudum və bir obraz seçdim. Sonra Korhan abi dedi ki, mən də bu obrazı sənin üçün nəzərdə tutmuşdum. Obrazım filmin mənfi qəhrəmanı, eyni zamanda çox xarakterik obrazdır.

- Filmin sonuna doğru dəyişməyə çalışır?
- Nisbətən. Özü də öz dediyi sözdən sonra...Rolu mənim üçün maraqlı edən nüanslardan biri də bu idi.

- Filmin mövzusu nədir?
K.Uğur: Filmin ssenarisi tərk edilmə duyğusundan yola çıxaraq yazıldı. Öncə bu mövzudan qısametrajlı film çəkmək istəyirdim, amma məkanları gəzəndən sonra fikrimi dəyişdim. Çünki həmin məkanda qısametrajlı film çəkmək günah olardı, ona görə qısafilm üçün nəzərdə tutulmuş ssenarini tammetraj üçün yenidən işlədim.

- Necə bir məkan idi ki, orası?
- Ora 25 ildir tərkedilmiş bir sanatoriya idi. Otaqları, yeməkxanası indiyə qədər qalan və dağın təpəsində yerləşən həmin sanatoriya məni çox duyğulandırdı. Sanatoriya da daxil olmaqda filmdəki bütün insanlar tərk edilmişlərdir. Mənə elə gəlir ki, tərkedilmişlik duyğusu, yəni biri tərəfindən tərk edilmək, tək başına qalmaq ölümdən sonra insanı üzən ən böyük acıdır. Filmdə də bu mövzu üzərində dolaşdıq.

- Bildiyim qədər Könül xanım filmdə suriyalı bir qadını canlandırır. Suriyalı qadını qəhrəman olaraq seçməyinizin xüsusi səbəbi varmı?
- Filmin çəkilişləri İzmirdə gerçəkləşib. İzmirdə də müxtəlif ölkələrdən gələn immiqrantlar, o cümlədən suriyalı immiqrantlar çoxluq təşkil edir. Onlar 3 dollar verib çox pis otellərdə qalırlar. Gələcək üçün ya bir yol tapıb orada yerləşirlər, ya da Avropaya qaçırlar. “Tərkedilmişlər”in suriyalı qəhrəmanı ingilis dili müəllimidir. Və bu təsadüfi deyil, çünki suriyalılarla danışarkən içərilərində ingilis dilini bilən, müəllimlik edən, amma hazırda çox pis vəziyyətdə yaşayan çox mədəni bir insanla da qarşılaşmışdım. Əslində heç kim məcbur olmadığı təqdirdə öz ölkəsini tərk etmir. Biz bəzən bunu başa düşməyib immiqrantları qınayırıq. Amma bu doğru deyil, heç kim öz vətənini tərk etməz. Filmdə müxtəlif səbəblərdən tərk edilmiş insanlar uzun illər baxımsız qalan, tərk edilən bir sanatoriyada bir araya gətirilir. Qəhrəmanlardan biri immiqrant, biri ona kömək etmək istəyən, amma pis niyyətli Çirkin, biri Zəngin və başqalarıdır. Kamranın qəhrəmanı Çirkin mənfi qəhrəmandır, amma simpatik mənfi qəhrəmandır. Bunu filmə baxarkən hiss edəcəksiniz və bir tərəfdən ona haqq qazandırıb, sevəcəksiniz. “Tərkedilmişlər”in əsas özülü: hamımız insanıq, yaxşı və pisliyimizdən asılı olmayaraq və hamımızın içində yaxşılıq da var , pislik də. Bəzən olur ki, kiməsə pislik edirsiniz, o an bunun fərqinə varmırsınız. Amma elə bir an gəlir ki, nə etdiyinizi anlayıb vicdanınızla baş-başa qalırsınız. “Tərkedilmişlər” məhz bu duyğunu insanlara yaşadır.

- Kamran bəy, bilirəm ki, sizin film zövqünüz daha çox Hollivudun ekşn filmləridir. Filmi bir də sizdən dinləyək...
- Ssenarini oxuyanda ilk 10 dəqiqədən sonra dinamika başlayır. Filmin sonunda bu dinamika ən yüksək həddə çatır. Elə bu ritm, dinamika məni özünə cəlb etdi. Çünki dediyiniz kimi ekşn janrını sevən biriyəm. Bu film festival filmi deyil. Daha doğrusu, ikisinin arasında bir filmdir, çünki indiyə kimi filmə baxan distributorlar qəti qərara gələ bilməyiblər: bəziləri festival, bəziləri kommersiya filmi deyir. Qəhrəman özü mənə maraqlı gəldi. Və onu da deyim ki, filmdə heç kimin adı yoxdur: biri zəngin, biri köçkün, biri çirkin, bir evlidir. Elə situasiya da yaranmır ki, kimsə kiməsə adı ilə müraciət etsin. Bir də “Tərkedilmişlər”də kimin mənfi, kimin müsbət qəhrəman olduğu çox nəzərə çarpmır. Bütün qəhrəmanlar tərk ediliblər və film boyu hamısının necə tərk edilməsinin səbəbləri bəlli olur, bircə Çirkindən başqa. Bir də ki, Çirkin çox üzsüzdür. Həyatda elə bir adam qarşıma çıxsa, onu döyərəm (gülür)

- Rejissorla iş prosesində çətinliyiniz olmadı ki?
K.Ağabalayev: Korhanla işləmək çox rahatdır. Çəkilişdən beş-altı gün öncə İzmirə getdik, bizi məkanlarla tanış etdi: sanatoriyada, immiqrantların məskunlaşdığı məhəllədəki bir oteldə olduq. Həyatımda ilk dəfə idi ki, bu cür mənfi enerjili otelə rast gəlmişdim. O otel mənim həyata baxışımı dəyişdi. Mən bir aktyor kimi “prob” çəkilişi edə bilmirəm. Türk aktyorlarının hamısı əsas səhnəni çəkməmişdən öncə “prob” çəkilişi edirdilər. Mən Korhana yaxınlaşdım, dedim ki, “prob” oynaya bilmirəm. Həqiqətən, bunu bacarmıram. Nə sözüm, nə jestim varsa çəkiliş zamanı edirəm. Rejissor mənə dedi ki, rol oynayarkən tamamilə azadsan, bildiyin kimi et, mən ancaq mənə lazım olanı götürəcəm. Bizdə çox rejissorlar az qala hər addımbaşı aktyora istiqamət verirlər. Bir də filmin çəkiliş meydançası çox rahat idi. Həyatımda elə çəkiliş meydançası görməmişdim.

- Korhan bəy, Azərbaycan filmlərinə baxmısınızmı? Filmlərimiz, sektorumuz barədə nələr düşünürsünüz?
- Bir vaxtlar türk kinosunun “xəstəliyi” var idi: müasir kinoya keçid. Biz bu xəstəlikdən qurtulduq. Amma Azərbaycanda bu problem hələ də var. Və mənə elə gəlir ki, burada əsas problem müasir kinoya keçidin bu qədər uzanmasıdır. Bunun səbəbi ya rejissorların özlərinə inanmamaları, ya lazımı dəstəyi ala bilməmələridir. Türk kinosunun ən böyük avantajı dövlətin kinoya ciddi dəstəyidir. Amma bu dəstək 5 milyon verib, bir film çəkməklə deyil, 5 milyonu 20 filmin istehsalına xərcləməkdən ibarətdir. Bir ölkədə nə qədər çox film çəkilərsə, keyfiyyət də zamanla arta bilər. O baxımdan Azərbaycanda da çox film çəkmək lazımdır. Və bunun üçün çox böyük maliyyəyə gərək yoxdur. Bayaq da dediyim kimi1 milyonu bir filmin istehsalına deyil, on filmin istehsalına sərf etmək lazımdır. Və əmin olun ki, onların içərisindən ən azı üç film keyfiyyətli çıxacaq. Filmlərin çox çəkilməsi yeni gənc rejissorları da ortalığa çıxara bilər. Bunu anlamaq lazımdır. Film işi bahalı bir işdir, amma özünə inam və inanc olduğu zaman çəkəcəyiniz film o qədər baha başa gəlmir. “Tərkedilmiş” filminin maliyyəsi 300 min avrodur. Bunu Azərbaycanda kimə desəniz, deyər bu pula belə bir film çəkmək olmaz. Amma olar. Türk aktyorları, türk heyəti ilə olar. Biz filmi Sony F65 kamerası ilə çəkmişik. “Qış yuxusu” da bu kamera ilə çəkilib, eləcə də dünyaca məşhur digər filmlər də. Kamera eynidir, bəs problem nədir? Problem onu çəkən, ondan istifadə edən insandadır. Bu gün Türkiyədə kameradan istifadə edən, işığı quran, səsi tənzimləyən, filmə quruluş verən rejissorlar çox peşəkarlaşıb. Və bu keyfiyyəti çox film çəkmədən əldə edə bilməzsiniz.

- Türkiyədə bir rejissor film çəkmək üçün ilk olaraq kimə müraciət edir?
- Öncə Mədəniyyət Nazirliyinə müraciət edirik. Daha sonra prodüser tapmağımız şərtdir. Bu filmin prodüseri də özüm olduğum üçün bizim işimiz nisbətən rahat idi. Bu layihəyə mənim qədər inanan bir yaxud iki prodüser də tapmalıydım və tapdım da. Türkiyədə filmlər belə çəkilir.

- Öz layihəsinə inanan hər bir yaradıcı insan məhsulunun xitab edəcəyi tamaşaçı kütləsini də təxmin edir. “Tərkedilmişlər”in tamaşaçı kütləsi kimlər olacaq?
K.Ağabalayev: Aynaya baxmaq istəyən kütlə. Aynaya baxıb öz içini, əyrisi ilə düzünü görmək istəyən kütlə. Filmdə insanlıq üçün çox gözəl mesajlar var.
K.Uğur: İndiyə kimi filmi 100-dən çox insana göstərmişəm. Hamısı filmə baxandan sonra təsirlənib, 10-15 dəqiqə özlərinə gələ bilməyiblər. Bu, mənim üçün çox önəmlidir.
K.Ağabalayev: Biz demirik ki, əla film çəkmişik. Amma əminliklə deyə bilərik ki, insan və insanlıq haqda çox yaxşı film çəkmişik.

- Korhan bəy, “Tərkedilmişlər” prodüser kimi ilk işinizdir?
K.Uğur: Xeyr, bundan öncə prodüser və rejissor kimi “Öldür məni” tammetrajlı filmini çəkmişəm.

- “Öldür məni” maya dəyərini çıxara bildimi?
K.Uğur: Bəli. Azərbaycandan fərqli olaraq Türkiyədə biz filmi televiziyaya da sata bilirik. Televiziyaya da çox yaxşı pul ödəyir. Məsələn,100 min, 200 min. Bu pul bizi çox rahatladır. Türkiyədə DVD-dən də qazanmaq mümkündür. Yəni film ziyan etmir. Amma əlbəttə, ziyan məsələsi bir az da onu çəkərkən xərclədiyin maliyyəyə bağlıdır.
K.Ağabalayev: “Kələbəyin rüyası” nın 12 milyon büdcəsi var idi. Film maliyyəni çıxara bilmədi. “Rəcəb İvedik”in birinci hissəsi 300 minə çəkilmişdi. 9 milyon adam baxdı. Bu bilirsiniz, nə qədər puldur?

- Amma onun avantajı komediya janrında çəkilməsi idi.
K.Ağabalayev: Nəzərə alın ki, birinci filmi çəkəndə Şahana kimsə maliyyə ayırmaq istəmirdi.
K.Uğur: Bəli, çox doğrudur. Şahan ikinci filmi birincidən əldə etdiyi maliyyə hesabına çəkdi. “Tərkedilmişlər”də “Öldür məni” filmindən gələn gəlir hesabına çəkilir. Qismət olsa, “Tərkedilmişlər”dən gələn gəlir hesabına növbəti filmləri çəkəcəyik. Nəticə etibarı ilə biz film işi ilə məşğuluq. Tikinti, restoran sektorunda deyilik ki, gedək restoran açaq. İşimiz film çəkməkdir.

- Kamran bəy, bildiyim qədər Könül xanımı rejissora siz məsləhət görmüsünüz.
K.Ağabalayev: Könüllə “Qanun naminə” serialında çəkildim və çox rahat çəkilişlərimiz oldu. Orada biz bacı-qardaşı oynayırdıq. Korhan bəy, aktrisa istəyəndə mən Könülü məsləhət gördüm.
K.Uğur: Kamrana dedim ki, mənə teatral aktrisa gətirmə. Kinoaktrisa və teatr aktrisası –bunlar fərqli dünyalardır. Biri şeirdirsə, digəri romandır. Kinoda qətiyyən şişirtmədən, təbii oynamaq lazımdır. Və bir də aktyor kamera önündə asta səslə danışmalıdır.

- Aktyordan istədiyini almaq rejissorun əlində deyilmi?
K.Uğur: Teatr aktyorlarının vaz geçmədikləri qəlibləri var. Ona 10 dəfə də desəm kamera önündə asta danış, yenə də yüksək tonla danışacaq. Əlbəttə, dediklərim neçə illər teatrda işləyib, kamera önündə az çəkilən aktyorlara aiddir.

- Azərbaycanda bəyəndiyiniz başqa aktyorlar varmı?
K.Uğur: Fəxrəddin Manafovu “Mahmud və Məryəm” də çox bəyəndim. Həmin filmin çəkilişləri zamanı Fəxrəddin bəy mənə filmlərindən ibarət disk verdi. Adlarını indi unutsam da filmlərə baxdım və həqiqətən, çox xoşuma gəldi. Bu siyahıda Şamil Süleymanovun da adını çəkmək istərdim. Bildiyim qədər o da teatrda oynamayıb və bu kamera önündə hiss olunur.

- Son olaraq, “Tərkedilmişlər” mart ayının neçəsi ekranlara çıxacaq?
K.Ağabalayev: 27 martda geniş ekranlara çıxacaq. Filmin həm Bakıda, həm də Türkiyədə qala gecəsi keçiriləcək. Qala gecəsində filmdə çəkilən bütün aktyor və aktrisalar iştirak edəcək. Hər kəsi çox maraqlı Qala gecə və film gözləyir.

Nərmin Muradova

Fotolar Elçin Muradındır

Teleqraf.com filmin treylerini təqdim edir:


Müəllif: