27 İyul 2023 13:48
1 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki kino ittifaqının birləşməsi mənim çoxdan arzuladığım hal idi, bunun uğrunda 40 illik dostum Rasim Balayevlə və tələbə yoldaşım Şəfiqə Məmmədovayla düşmən oldum. Məqsədim və istəyim bu idi ki, kino cameəsi birlikdə olsun. Bununla bağlı mən və həmkarlarım cənab Prezidentə və nazirimizə müraciətlər edirdik. Nəticədə istəyimizə nail olduq. Nazir Adil Kərimli Nizami Kino Mərkəzində keçirilən tədbirdə ittifaqların vahid qurumda birləşməsinin vacibliyi haqqında gözəl bir çıxış etdi. Mən də öz sözümü dedim və barışığı elan etdim, qalanı onların qərarlarıdır. İnanıram ki, düşmənçilik artıq bitdi və hər şey yaddan çıxacaq. Əsas odur ki, kino cameəmiz bir araya gəldi”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ölkədə fəaliyyət göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) vahid ad altında birləşməsinə münasibət bildirərkən deyib.

O, daha sonra əlavə edib: “Kino ittifaqlarının birləşməsi mənim təşəbbüsümdür. Bunun uğrunda iki ildi mübarizə aparırdım. Bu gün mənim bayramımdır.

Düşünürəm ki, Kino günündən sonra birləşmə ilə bağlı əməli işlər görüləcək və qurultay keçiriləcək. Qurultayda həm birliyin yeni nizamnaməsi, həm də yeni sədri təsdiq olunacaq.

Həmin tədbirdə Yazıçılar Birliyinin sədri Anar Rzayev çıxış edərək bildirdi ki, heç bir ittifaq inciməsin deyə yeni qurumun adı “Azərbaycan Respublikası Kino İşçiləri Birliyi” olsun.

“Sədrliyə namizədiniz kimdir?” sualına xalq artisti belə cavab verib:

“Kino rejissor sənətidir. Rəhbər rejissor olmalıdır. Aktyor, aktrisaların sədr olması mümkün deyil. Rəhbər mütləq kinorejissor seçilməlidir. Bütün dünyada belədir. Aktyor filmin ərsəyə gəlməsi kimi ağır prosesin qısa müddətində iştirak edir. Qalan işləri isə rejissor görür”.

Kino xadimlərini qarşıdan gələn “2 Avqust- Milli Kino Günü” münasibəti ilə təbrik edən Şeyx Əbdül yaxın gələcəkdə ölkəmizdə kinosevərlərin arzusunda olduğu filmlərin çəkiləcəyinə inandığını vurğuladı:

“Hamıya uğurlar arzulayıram. Birliyə nail olandan sonra kinomuzdakı problemlərin də öhdəsindən gələcəyik”.


Müəllif: Fatimə Nəsirli