3 Avqust 2023 22:24
3 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hoçazfilm” kinostudiyası Laçın şəhərində inşa edilən 2 inzibati bina və 1 çəkiliş pavilyonundan ibarət Qarabağın unikal, eləcə də çoxsahəli yaradıcılıq məkanı layihəsidir.

Adını elə Laçının Hoçaz kəndindən götürən layihənin əsas məqsədi Qarabağda regional audiovizual mərkəz kimi fəaliyyət göstərmək, Laçın rayonu başda olmaqla, ümumilikdə, Qarabağ regionunun işğaldan sonrakı dövrünün salnaməsini formalaşdırmaqdır.

“Hoçazfilm” in bədii rəhbəri və direktoru Amil Amal Teleqraf.com-a söhbətində bu unikal layihə barədə ətraflı məlumat verib, perspektivlərdən danışıb:

“Öncə qeyd edim ki, “Hoçazfilm” kinostudiyasının layihəsi Prezident İlham Əliyevə təqdim olundu və onun razılığı, xeyir-duası ilə işlərə start verildi. Hədəflərimizdən biri bu layihə vasitəsilə Qarabağ regionunun genişmiqyaslı təbliğat və təşviqat funksiyasını həyata keçirməkdir. Bura bədii və sənədli filmlərin çəkilişi ilə yanaşı Qarabağ regionundakı bütün mədəni-kütləvi tədbirlərin işıqlandırılmasını, Laçındakı yenidənqurma işlərinin çəkilişini həyata keçirmək, regional milli brendlərin və yerli məhsulların təşviqatını, teatr, ədəbiyyat, xüsusilə, kinematoqrafiya sahəsində gənclər üçün nəzərdə tutulan yaradıcılıq emalatxanalarının, müsabiqələrin, eləcə də festivalların, sərgilərin məhz bu pavilyonda keçirilməsi daxildir”.

Amil Amal layihənin kommersiya tərəfinə də diqqət çəkdi: “Regiona həm kino, həm də digər audiovizual məhsulların çəkilişləri ilə bağlı gələn hər kəsə xidmətlərimizi təklif edəcəyik. Yəni çəkilişə aid “Pre-production”, “Production” və “Post-production” olmaq üzrə üç mərhələnin həyata keçirilməsi də layihənin əsas məqsədlərindən biridir.

“Hoçazfilm” ayrıca MMC (Məhdud Məsuliyyətli Cəmiyyət) kimi fəaliyyət göstərəcək, amma xüsusilə vurğulamaq istəyirəm ki, bu layihənin həyata keçirilməsində dövlətin mühüm dəstəyi var. Xüsusilə, layihənin ərsəyə gəlməsində Laçını yenidən quran adamların- Bakı Abadlıq Xidmətinin rəhbəri Bünyad Qasımov, Laçın və Kəlbəcər üzrə Prezidentin xüsusi nümayəndəsi Mənsim Məmmədovun adlarını vurğulamaq yerinə düşər”.

Əslən laçınlı olan Azərbaycanın ilk hərbi naziri haqda film çəkilir

“Hoçazfilm” in rəhbəri bildirib ki, layihənin təqdimatı avqustun 25-26-na planlaşdırılır.

“Hazırda “Hoçazfilm” studiyasında tikinti işləri davam edir. Studiyanın pavilyonunda Azərbaycanda heç yerdə olmayan dekorlarla qarşılaşacaqsınız. Məsələn, təyyarə, qatar, türmə, xromokeylər və digərləri...Dekorların müəllifi Nicat Xəlilovdur. Açılış günü bu unikal dekorlar tamaşaçılara təqdim olunacaq. Təqdimatda həm Mədəniyyət nazirliyinin nümayəndələri, həm də kino xadimləri iştirak edəcək. Həmin gün “Hoçazfilm”in ilk layihəsi Xosrov bəy Sultanova həsr olunan “Qarabağ qubernatoru” filminin tizeri nümayiş olunacaq. Tizer çəkilişlərini Faiq Kərimoğlu ilə birgə həyata keçirmişik”.

Filmin layihə rəhbəri Lalə Əliyeva, ssenari müəllifi Şərif Ağayar, rejissoru Amil Amaldır. Filmdə baş rolları əslən laçınlı olan aktyorlar -Səmimi Fərhad, Türkay Cəfərli, Rauf Şahsuvarov, Sabirə Rüstəmzadə canlandırır.

Amil Amal qeyd edib ki, əslən laçınlı olan Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanovun həyatından bəhs edən bu film bölgədəki tarixi və mədəni irsi nümayiş etdirmək üçün əhəmiyyətli fürsət yaradacaq. Film Xosrov bəy Sultanovun mübarizlik və liderlik keyfiyyətlərini izləyicilərə çatdıraraq onun yaşadığı dövrdəki siyasi və sosial mühit haqqında da tamaşaçıda ətraflı fikir formalaşdıracaq.

“Filmin ssenarisi yaxın vaxtlarda tam hazır olacaq. Avqustun sonlarına yaxın filmin hazırlıq dövrü, daha sonra çəkilişləri başlayacaq. Film istehsalı üçün lazım olan maliyyənin bir hissəsi var, amma təbii ki, bu kifayət deyil. Ona görə də bu layihə ilə Azərbaycan Kino Agentliyinin həyata keçirdiyi müsabiqədə iştirak etməyi düşünürük”.

O həmçinin qeyd edib ki, payızda “Hoçazfilm” bir neçə istiqamət üzrə layihə qəbulu elan edəcək.

“Qarabağla bağlı layihələrini həyata keçirmək üçün həm kino adamlarından, həm də respublikamızın müxtəlif yerlərindən müraciətlər gözləyəcəyik. Daha çox beynəlxalq motivli layihələrə və birgə istehsala üstünlük veriləcək.

Bir sözlə, “Hoçazfilm” bölgədə yerli peşəkarların bir araya gəldiyi və birgə çalışdığı ən əhəmiyyətli layihələrdən biri olacaq. Fəaliyyətimizlə mədəniyyət sahəsinin inkişafına dəstək olmağa və bölgənin kinematoqrafik irsini geniş şəkildə təbliğ etməyə nail olmağa çalışacağıq”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər