26 Noyabr 2023 08:51
1 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeşilçamın əfsanəvi və mərhum aktyoru Cüneyt Arkının 2009-cu ildə hazırladığı vəsiyyətinə onun ilk evliliyindən olan və 50 ildir görmədiyi qızı Filiz Cüreklibatır etiraz edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Filiz ögey anası Betül Cüreklibatır və qardaşları Murat Cüreklibatır, Kaan Polat Cüreklibatırı mirasdan əmlak oğurladığı iddiası ilə məhkəməyə verib. O mirasın bərabər bölünməsini tələb edib.

Filiz Cüreklibatır bildirib ki, ona əvvəllər vəd edilən miras payı heç vaxt verilməyib.

İstanbul Asliye Məhkəməsində baş tutan iddiaya görə, Cüneyt Arkın qızına Leventdə daşınmaz əmlakı olduğunu, həyat yoldaşının təzyiqi ilə onu oğullarına və həyat yoldaşına bağışlayacağını deyib.

İlk məhkəmədə Cüneyt Arkının birinci həyat yoldaşı Gülər ​​Mocan qızı adına ifadə verib.

"Qızım 30 yaşlarının sonlarına doğru atası ilə görüşməyə başladı. Betül xanım Cüneytin qızımla görüşməsini istəmədi. Hətta onu qapıdan qovdu. 1984-cü ildə aliment iddiası qaldıranda mən də müstəntiq tutdum. Cüneyt Arkının bir çox mal varlığını müəyyən etdik”- deyə Mocan bildirib.

Prosesdə şahid qismində əfsanəvi Yeşilcam aktyoru Ediz Hun və İlkim Karaca da ifadə verib.

Ediz Hun açıqlamasında bunları deyib:

"Yeşilçamda bizim dövrümüzdə indiki kimi astronomik maaşlar verilmirdi. Dörd il işlədikdən sonra ancaq ev ala bildik. Həyat yoldaşı Betül xanım Cüneyt son anına kimi yalnız buraxmadı. Cüneyt əzilən və ya hər hansı təzyiqə məruz qalacaq biri deyildi. Ailəsindən heç bir təzyiqə məruz qalmadı".

Cem Karacanın həyat yoldaşı İlkim Karaca Filizi daha öncə görmədiyini etiraf edib:

"Cüneyt bəy 1974-cü ildən bəri bizim yay qonşumuzdur. Onun qızı Filiz haqqında danışdığını eşitməmişəm. Cüneyt Arkının qızı Filizi ilk dəfədir burada görürəm. Betül xanım isə son anına qədər Cüneyt bəyin yanında idi”.


Müəllif: Pərvin Cəfərova