6 İyun 12:10
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Frans Kafkanın yaradıcılıq böhranı ilə mübarizəsi barədə nadir fikirlərinin yer aldığı məktub hərraca çıxarılıb.

Teleqraf.com xəbər verir ki, 1915-ci ildə çap etdirdiyi “Çevrilmə” romanı ilə tanınan yazıçı qısa ömründə narahatlıq, ümidsizlik və yalnızlıqla mübarizə aparıb.

Kafkanın yaradıcılığını müəyyən edən mövzular bəlli olsa da, yaradıcılıq prosesi haqda az şey məlumdur.

Londondakı “Sotheby's” hərracında 70-90 min funt-sterlinqə satılacağı gözlənilən bir səhifəlik məktubun 1920-ci ilin yazına aid olduğu bildirilir.

Bu o deməkdir ki, məktub Kafkanın üç il əvvəl diaqnozu qoyulmuş vərəm xəstəliyindən müalicə aldığı vaxt yazılıb. Yazıçı sığorta şirkətindəki işindən müntəzəm olaraq xəstəlik məzuniyyəti alır, tez-tez müalicə mərkəzlərində vaxt keçirirdi. 1922-ci ildə təqaüdə çıxıb, iki il sonra Vyana yaxınlığındakı klinikada vəfat edib.

“Üç ildir heç nə yazmıram, indi çap olunanlar köhnə şeylərdir, başqa işim yoxdur”, - Kafka dostu, avstriyalı şair Albert Erenşteynə alman dilində yazdığı məktubunda deyirdi.

Bu ədəbi sükutun səbəbini izah edən Kafka yazırdı: “Narahatlıq daxili varlığın müəyyən bir səviyyəsinə çatdıqda, yazmaq və şikayətlənmək dayanır, müqavimətim o qədər də güclü deyil”.

“Sotheby's”in press-relizində bildirilir ki, məktub Erenşteynin jurnalına dəstək vermək istəyinə cavab olaraq yazılıb. Erenşteyn bu xahişi Kafkanın 1919-cu ildə nəşr olunmuş “Kənd həkimi” hekayələr toplusunu gördükdən sonra edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər