26 Sentyabr 09:40
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramla davam edir.

Teleqraf.com xəbər verir ki, sentyabrın 25-də Astananın Sülh və Əmin-amanlıq Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub.

Mərasimdə rəsmi şəxslər, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova sərgi haqqında məlumat verib. Qeyd edib ki, sərginin ümumi konteksti mədəni irsimizin tanınmasını təmin edən, onun özünəməxsusluğunu vurğulayan sənət sahələrinin təqdimatı üzərində qurulub. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə sərginin təşkilində milli muzey kolleksiyaları ilə yanaşı, fərdi kolleksiya da təmsil olunur.

Bildirilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi sərgidə ekspozisiyasını interpretasiya istiqamətində qurub. Burada Xalq rəssamı, peşəkar qrafika sənətimizin banilərindən olan Əzim Əzimzadənin əsərləri ilə yanaşı, həmin əsərlərdə təsvir olunan mühit muzey eksponatları vasitəsilə tamaşaçıya ötürülür. XX əsrin əvvəllərində istifadə olunan məişət əşyaları, ənənəvi geyim nümunələri və digər artefaktlar zamanın ab-havasını yaradır. Azərbaycan Milli Xalça Muzeyi 20-dən artıq xalça nümunəsi təqdim edir. Kolleksiyada Azərbaycanın xalça məktəblərinə dair nümunələr və müəllif xalçaları yer alıb. Sərginin ən maraqlı komponentlərindən biri milli dekorativ sənətimizin unikal nümunələrindən Azərbaycan kəlağayısı Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Ruslan Hüseynov və Fuad Cəbrayılovun fərdi kolleksiyalarında təqdim olunur. Təqdim olunan 20 kəlağayının incə texniki icrası ilə yanaşı, onların mənəvi mahiyyəti, geyinmə üsulu da tamaşaçılara nümayiş etdirilir.

Diqqətə çatdırılıb ki, ənənəvi sənətin yaşadılması, ötürülməsini təmin edən subyektlər, ustadlar sərginin mühüm hissəsini təşkil edir. Bədii tekstil silsiləsini qurama sənəti nümayiş etdirir. Bu qədim sənəti yaşadan və peşəkar səviyyədə improvizə edən mərhum sənətkar Xalidə Nəsirova tərəfindən yaradılan quramalar türk dünyagörüşünün parlaq ifadəsidir. Şəbəkə sənəti, əlvan şüşələrdən hazırlanan işıqlı kompozisiyalar şəkili sənətkar Hüseyn Hacımustafazadə tərəfindən ustad dərsləri formatında təqdim olunur. Zərif və incə bəzək nümunələri zərgərlik guşəsində yer alıb. Burada ənənəvi texnikalar, şəbəkə, mina və s. sənətkar Füzuli Əlizadənin təqdimatında nümayiş etdirilir.

Vurğulanıb ki, sərgidə müasir Azərbaycan rəngkarlığı videoformatda tamaşaçılara göstərilir. Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təqdim olunan filmdə XX əsr rəngkarlıq sənətimizin parlaq məqamları yer alıb.

Sərginin son seqmenti isə mədəni irsimizin müasir interpretasiyalarıdır. Burada gənc Azərbaycan modelyerləri Anara Zakirli və Leyla Babazadə tərəfindən yaradılan geyim modellərində ənənəvi ornamental motivlər yeni təqdimatda verilib.

Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.

Qeyd edək ki, “Anara Zakirli” 2018-ci ildə təsis edilmiş Azərbaycan brendidir. Brendin müəllifi istedadlı modelyer A.Zakirlidir. Brendin yaradılmasında əsas məqsəd Azərbaycanın milli xalça ornamentlərini müasir geyimlərlə sintez edərək moda dünyasına tanıtmaqdır.

Təqdim olunan “Zərəfşan” geyim kolleksiyası Azərbaycanın məşhur Əfşan xalçasından ilhamlanaraq hazırlanıb. Geyimlərdə Odlar yurdunun al-əlvan rəngli milli ornamentlərini özündə əks etdirən və özəl olaraq hazırlanmış unikal parçalardan istifadə olunub.

“Fashion School Leila Babazadeh” 2018-ci ildə yaradılmış moda məktəbidir və təsisçisi istedadlı modelyer Leyla Babazadədir.

Sərgidə təqdim olunan “Qarabağ naxışları” adlı yeni geyim kolleksiyasında müxtəlif bölgələrimizə məxsus olan xalça motivlərindən istifadə edilib. Geyimlər Qarabağ, Şirvan, Bakı və Quba xalçalarından ilhamlanaraq ərsəyə gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər