20 Aprel 2015 16:06
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sağ ikən canlı klassik olan bəstəkar

“Tarixdə elə insanlar var ki, onların vəfatı ilə heç bir vaxt razılaşmaq olmur. Ramiz Mirişli məhz belə bir şəxsiyyət idi. Mən bir musiqiçi kimi Ramiz müəllim kimi bir insanla ünsiyyətdə olduğum üçün fəxr edirəm. Ramiz müəllim həqiqətən də sağ ikən canlı klassik idi”.

Bu sözləri Teleqraf.com-a söhbətində vokalçı, musiqişünas Ramil Qasımov deyib. Böyük bəstəkarla xatirələrini bizimlə bölüşən gənc vokalçı Ramiz Mirişlinin müəllifi olduğu tamaşada oynadığını da bildirib: “Onun bir bəstəkar kimi Azərbaycan mədəniyyəti üçün xidmətləri əvəzsizdir. İstər mahnı, romans, klassik janrda, operetta və film musiqilərinin hər biri mədəniyyətimizə bir töhfədir. Naxçıvanda ümümmilli lider Heydər Əliyevin Ramiz Mirişli haqqında dediyi dəyərli tarixi sözlər hər bir azərbaycanlıya fərəh hissi gətirdi. Ramiz müəllimin böyük düha Heydər Əliyevə yazdığı “Məşəl kimi yanan ürək” odasını ilk dəfə xalq artisti Azər Zeynalov ifa etdi. Daha sonra mənim və sənət dostum xalq artisti Samir Cəfərovun da ifasında bu əsər səsləndi. Şübhəsiz ulu öndərə həsr olunan, saysız əsərlər yazılıb. Lakin məhz “Məşəl kimi yanan ürək” əsərində olan əzəmət, musiqi və söz axarlığı bir anlıq dahi insanı gözlərimizin önündə canlandırır. Mən Musiqili Teatrda çalışan zaman onun iki operettasında oynayırdım. Libretto müəllifi Marat Haqverdiyevə məxsus “Amerikalı kürəkən” və “Qısqanc ürəklər” operettasını yazanda mənə dedi: - Ramil, burada olan baş rolu sənin səsini nəzərə alıb yazıram, şübhəsiz ki, mənim üçün bu böyük bir uğur idi.

Tamaşaların premyeraları uğurla keçdi. Ramiz müəllimlə son illər mən ifaçı kimi silsiləvi mahnılar üzərində çalışmışam. “Lalə”, “Məhəbbətdən usanma”, “Sənsiz”, “Qəbahətim var”, “Neyləyim”, “İnanmışdım”, “Sən düşəndə yadıma”, “Sevgi”, “Azərbaycanım”, “O xal nə xaldı”, “Bakı”, və s yeni mahnıları saatlarla onunla işləyərdik. Mən 2012- ci ildə AzTV- yə Musiqi kollektivlərinə bədii rəhbər təyin olunanda Ramiz müəllim mənə dedi: “Ramil, uğuruna çox sevindim, bu böyük etimaddır, amma sənə bir tövsiyəm var, çalış sənətini unutma. Çünki bəzən yaradıcı insanlar idarəçiliklə məşğul olarkən, sənətləri solur. Lakin biz səni ifana görə sevirik”. Onun bu sözləri mənim hər zaman yaddaşımda qaldı. Çünki vaxtı ilə, Ramiz müəllim 50- ci illərdə Səid Rüstəmov adında Xalq çalğı alətləri orkestrində kamança ifaçısı kimi işə düzəlib və bir müddət orkestrə çalışıb. Daha sonrakı illərdə, uzun müddət TV-də musiqi verilişləri baş redaksiyasına rəhbərlik edib. Ömrünün sonunadək ona əziz olan Azərbaycan Televiziyası onun şəxsiyyətinə, sənətinə daim hörmətlə yanaşırdı.

Ramiz Mirişli TV- nin estrada, simfonik orkestrləri və xoru ilə hər zaman yeni-yeni əsərlər ərsəyə gətirərdi. İndi 81 yaşlı qocaman sənətkar, 18 yaşlı daim qəlbi, ruhu cavan gümrah olan, hər zaman pozitiv bir insanın həyatda olmaması məni və minlərlərlə mənim kimi Ramiz Mirişli sənətinin vurğunlarını çox məyus etdi. Bu danılmaz həqiqətdir ki, Azərbaycanın estrada ifaçılarının bir çoxlarının populyarlaşmasında Ramiz Mirişli musiqisinin böyük rolu olub. Ramiz müəllimin əsərləri səslənən ilk notdan onun dəsti- xətti o dəqiqə bilinir. Elə bu bəstəkarın böyüklüyüdür. Ramiz müəllim hər zaman dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Onun 80 illik yubileyində ona “Şərəf ordeni”nin verilməsi, ölkə rəhbərinin onun sənətinə verdiyi bir daha qayğı və diqqətdən xəbər verdi.

Ramiz müəllim 81 il həyatını şərəflə yaşadı. Onun hər zaman dövlətinə, xalqına, daim özünün dediyi kimi, canı olan, böyüyb başa çatdığı Naxçıvanına sevgisi əvəzsiz idi. Lakin bu gün sevindirici və insana təsəlli verə biləcək bir haldır ki, Ramiz müəllimin iki oğlu Nazim və Yusif Mirişlilər onun sənətini davam etdirirlər. Əzizimiz, mənə hər zaman dayaq olan Ramiz müəllim! Ruhun şad olsun, nə qədər ki, Azərbaycan musiqisi var sizin yaratdığınız bizə ərmağan etdiyiniz əsərlər bizə və gələcək nəsillərə bir töhfə kimi qalacaq. Daim siz qəlblərdə saf, təmiz qəlbi kövrək, böyük bəstəkar kimi yaşayacaqsız”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər