22 İyun 2015 22:57
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ildə “Azanfilm” studiyasında istehsal olunmuş “Lahıc” sənədli filmi Polşanın Varşava şəhərində keçirilmiş 10-cu FilmAT Film, Sənət və Turizm Festivalında (10th FilmAT Film, Art & Tourism Festival) iştirak edib və mükafata layiq görülüb.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, festivalın münsiflər heyətinin üzvləri kino, media və turizm sahəsində dünyada tanınmış şəxslərdir.

Festivalın münsiflər heyətinə Oskar mükafatı laureatı Zbiqnev Zmudski sədrlik edib.

Festivalda dünyanın müxtəlif ölkələrindən 160 film iştirak edib. “Art” nominasiyasında mükafat Avstriya istehsalı olan “Yeni imperial tarix – gələcəyin xatirələri” (“A New Imperial History - Memories are the Future”) filminə, “Turizm” nominasiyasında baş mükafat İsveç istehsalı olan “Zaman” (“Time”) və Belçika istehsalı olan “Bu ancaq Gentdə baş verə bilər” (“Could only happen in Gent”) filmlərinə təqdim edilib. “Ekologiya” nominasiyasında baş mükafat çexiya istehsalı “Papua Yeni Qvineyaya qaçış” (“Escape to Papua New Guinea”) filminə təqdim edilib.

Festivalın ən vacib mükafatlarından biri “Ən yaxşı sənədli film” mükafatı “Azanfilm” studiyasının istehsalı olan “Lahıc” filminə təqdim olunub.

Qeyd edək ki, “Lahıc” sənədli filminin ssenari müəllifi və rejissoru Rusiyanın əməkdar incəsənət xadimi Tofiq Şahverdiyevdir. Sənədli filmin çəkilişləri İsmayıllı rayonunun Lahıc qəsəbəsində aparılıb. Filmdə bu qəsəbənin qədim tarixi fonunda yerli əhalinin gündəlik yaşayış tərzi, sənətkarların gərgin və qiymətli əməyi, qəsəbənin turistlər tərəfindən heyranlıqla ziyarəti rusiyalı rejissorun gözündə müşahidə üslubunda lentə alınıb.

Filmin montaj rejissoru Xanlar Ağayev, səs rejissoru Rasim Mehdiyev, icraçı prodüserləri Məhəmməd Ağabəyov və Niyazi Hüseynov, prodüseri Fariz Əhmədovdur.


Müəllif:

Oxşar xəbərlər