Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün 84-cü mövsümünə yekun vurub.
Teleqraf.com xəbər verir ki, mövsümün sonu teatrın direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə ilə bağlı hesabat xarakterli çıxışında il ərzində istər teatrda nümayiş olunan tamaşalarda, istərsə də təqvimdəki xüsusi günlərlə bağlı keçirilən irimiqyaslı tədbirlərdə kuklaçıların fəal iştirak etdiyini deyib. O yeni səhnə əsərləri, festivallar və sənət hadisələri ilə zəngin mövsümdə fəal iştiraka, xüsusən ölkəmizdə keçirilən I Avropa Oyunları münasibətilə həyata keçirilən tədbirlərdə - kuklaların tərtibatı və rəssam işlərində yaxından iştiraka görə əməkdaşlara təşəkkür edib.
Qarşıdakı mövsümə daha məsuliyyətlə hazırlaşacaqlarını deyən direktor 15-20 noyabr tarixlərində paytaxtımızda baş tutacaq növbəti teatr bayramı –“Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı ilə bağlı da məlumat verib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) dəstəyi ilə keçiriləcək bu möhtəşəm tədbirdə dünyanın aparıcı kukla teatrları və mütəxəssislərinin iştirak edəcəyini bildirib. O, festivalının açılışının maraqlı və rəngarəng olması üçün əllərindən gələni edəcəklərini deyib.
Çıxışdan sonra balaca tamaşaçılar və digər qonaqların iştirakı ilə “Tıq-tıq və Taq-taqın nağılı” tamaşası təqdim edilib.
Qeyd edək ki, Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında hazırlanan tamaşanın rejissoru Qurban Məsimovdur. Səhnə əsərinin quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Birhissəli kukla tamaşasında əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid Telman ifa edib.
Nərmin