Sentyabrın 26-sı Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün xatirə günüdür.
Teleqraf.com xəbər verir ki, Azərbaycan musiqisində misilsiz xidmətləri olan Bülbülün əsil adı Murtuza olub. Onun bulaq kimi qaynayan səsi və qeyri-adi avazı onu Bülbül kimi tanıtdı.
Bülbül Məmmədov 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.
1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında oynayıb.
1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını bitirərək vətənə geri dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.
1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlayıb.
Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb, 1940-cı ildə professor seçilib, 1950-ci ildən SSRİ Dövlət Mükafatı laureatıdır.
Hal-hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Konservatoriyanın nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
Bülbül Azərbaycan SSRİ Ali Sovetinin deputatı olub, 2 dəfə “Lenin” Ordeninə, 2 “Qırmızı Əmək Bayrağı” ordeninə, “Şərəf nişanı” ordeninə, İtaliyanın “Qarribaldi” ordeninə və medallara layiq görülüb.
26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib.