17 Dekabr 2015 18:08
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com yazıçı, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə müsahibəni təqdim edir.

– Akif müəllim, bu günə kimi çalışdığınız vəzifələri, çəkildiyiniz filmləri, yazdığınız kitabları saysaq, ümumiyyətlə, fəaliyyətinizə nəzər salsaq, yəqin söhbətimiz çox uzanar. Ancaq bütün bunları bir kənara qoyub bilmək istəyirəm ki, həyatda ən çox nə ilə yadda qalmaq istəyirsiniz?
– Yox, Kəramət Böyükçöl, bütün bunları bir kənara qoymaq olmaz...

– Nə üçün?
– Çünki çalışdığım vəzifələr, çəkildiyim filmlər, yazdığım kitablar, məqalələr, ssenarilər, tərcümələr, hazırladığım teleradio verilişləri və s. Bunlar hamısı bir yerdə sizi bu müsahibəyə gətirən brendi yaddaşlara yazıb.

– Tərcümeyi-halınızda birinci yazıçı kimi təqdim olunursunuz, amma maraqlıdır ki, mən sizin bir əsərinizin adını bilmirəm. Görəsən, səhv yalnız mənimdirmi?
– Eyhamınızı anladım, etirafınızı dəyərləndirirəm. Səhv həqiqətən yalnız sizindir. Görünür çox yazmaq arzusu çox oxumaq həvəsindən güclü olub. Ədəbi tənqiddə Belinski, Dobrolyubov, Firudin bəy Köçərli, Yaşar Qarayev və b. kimi o zaman fərqli söz demək mümkündür ki, nəinki müasirin olan tanınmış yurddaşının, hətta qədim Briyaniyalı Qalfridus Monmutskinin də yazılarından xəbərin ola, əsərlərinin adını bilməsən də yaradıcılığının mahiyyətini biləsən. Ki sonra sənə “Söz deməyə etməyə bir kimsə də cürət...” Əminəm, eynən çox istedadlı kinorejissor Stanislav Çaplinin heç bir əsərinin adını bilmirsiniz...

– Düzdür, bilmirəm...
– Ancaq bu heç də o demək deyil ki, adam kino çəkməyib və rejissor olmayıb. Yaxud İntibah dahisi Sandro Botiçellinin rəsmlərinin, Ernest Rezerfordun fizika kəşflərinin, ədəbiyyat üzrə Nobel mükafatçısı Anri Berqsonun fəlsəfi traktatlarının adını bilməmək hələ onların gördüyü işi şübhə altına almağa əsas vermir.

– Bəs nə etməli?
– Dünya belə dünyadır, Jül Renar demişkən, istedadlı olduğunu opponentlərə dönə-dönə sübut etməlisən... O ki qaldı şəxsən mənə, mənim üçün həmişə görüntü yox, mahiyyət əsas olub. Mahiyyət isə ondan ibarətdir ki, mənim də 80-lərdən üzü bəri yazdığım konyukturadan uzaq yazılar, hazırladığım teleradio verilişləri, ssenarilər, bədii-publisitik məqalələr, elmi araşdırmalar, satirik əsərlər, ali məktəbdə oxuduğum kulturoloji mühazirələr, buraxdığım qəzetlər, çap etdirdiyim kitablar və s. və i. – küll halında bütün bu yaradıcı potensialın cəmiyyətə yaydığı ideyalar damla-damla ictimai şüura hopub, milli mənlik təfəkkürünün inkişafı, yeni nəslin yeni ruhda yetişməsi, imperiyasız Azərbaycan idealının yaşadılması, müstəqilliyimizin yaxınlaşdırılması proseslərində iştirak payı olub. Hər müəllifin belə bir yaradıcılıq yoluna baxıb da fəxr eləməyə, qürur duymağa haqqı var, bəy. Mən bu gün də könül rahatlığı ilə 30 il əvvəl yazıb-yaratdıqlarımın altından qol çəkə bilərəm, inan. Bəlkə də dediklərim bir qədər yuxarıdan səslənir, amma həqiqət həmişə yuxarılarda olur, alçaqlarda yox.


– Bəs niyə bu qədər yaradıcı fəaliyyətdən sonra adamlar sizi ilk olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri kimi tanıyır, hörmət edir, dəyər verir? Yoxsa bu da mənə elə gəlir?
– Xoşbəxtlikdən bu yalnız sizə elə gəlir... Bilənlərsə bilir ki, Akif Əli öncə kinoda, radioda, televiziyada, elmi-pedaqoji fəaliyyətdə, mətbuatda bəs qədər tanınandan (hətta bəzən məşhurlaşmağının qarşısını özü bilərəkdən alandan) sonra Nazirlər Kabinetinə gəlib. Daha dəqiqi, 1994-ün oktyabrında ölkənin ən ağır, gərgin vaxtlarında ulu öndərin xeyir-duası ilə təcrübəli kadr kimi dövlət qulluğuna gətirilib... Yəni adamlar təkcə vəzifə sahibinə yox, müstəqil dövlətimizə illər uzunu vicdanla, namusla, sədaqətlə xidmət edən bir Azərbaycan vətəndaşına, yazıçısına, filoloq aliminə, ziyalısına hörmət edir, dəyər verir... Bizim xalqımız müdrik xalqdır, “Bihudə kollara gülüstan deməz”.


– 63 yaşınız var. Buna peyğəmbərlik yaşı deyirlər. Bu ömrü necə yaşadım, illər necə gəldi, necə getdi, səhvlərim çoxmu oldu? Heç bu şeylər barədə düşünürsünüzmü?
– Mən “Peyğəmbərlik yaşının” 33 olduğunu eşitmişdim, yəni insanların çarmıxa çəkib sonra dizinə döydüyü müqəddəs İsanın yaşı qədər. O yaşda mən AzTv-də Baş redaktor idim. Və daim dediyiniz “peyğəmbər” ömrümü Tanrının istəyinə uyğun – doğru, dürüst, nizamlı yaşamağa çalışmışam, 63-ün necə gəlib, 33-ün necə getdiyini bilməmişəm. Əlbəttə, çalışmalarda səhvlər də ola bilir. Amma özüm çox yox, biri-ikisini görmüşəm...

– Akif müəllim, ömrünüzdə daşlı-kəsəkli yollar çoxmu olub? Çətinliklərdən ən çox sizi nə xilas eləyib? Atanızın respublikanın tanınmış hüquqşunası olması, prokuror işləməsi, yoxsa ağlınız, istedadınız, savadınız, bəxtiniz, yoxsa nə?
– Daşlı çox olub, kəsəkli yox...

– Niyə kəsək olmayıb ki?
– Çünki şəhərdə kəsək tapılmaz, amma daldan atılan daşlar boldur... Yaradanın hamar yolu olurmu ki?! Milli miskinlərimiz hamı kimi mənim də ayaqlarımdan nə qədər dartmaq istəsələr də, öz doğru yolumla getmişəm. Qarşıya çıxan çətinlikləri adlamaq üçün zamanından və məkanından asılı olaraq sadaladığınız amillərin hərəsinin öz payı olub. Atamın da, ağlımın da, savadımın da, bəxtimin də. Üstəlik, iradə, əqidə, əzm, dözüm, cəsarət, risk və ruh köməyə gəlib... Yəni hədəfə doğru əzmlə irəliləyən tank qarşısına çıxan maneələri basıb keçirsə, necə demək olar onu irəli aparan əsas hissə hansıdır: tırtıldır, benzindir, motordur, mühəndisdir, tankistdir...


– Heç özünüzdə yorğunluq hiss edirsinizmi? Fərqi yoxdur, ömür yorğunluğu olsun və ya yaradıcılıq yorğunluğu olsun. Ümumiyyətlə, hərdən bezirsinizmi?
– Yox, fərqi var, Kəramət Böyükçöl. Ömür yorğunluğu pis əlamətdir, gələndə qəm-qüssə, kədər gətirər və həyatı bitirər, yaşamaqdan usanarsan Heminquey kimi. Yaradıcılıq yorğunluğu isə yaxşı əlamətdir – özü ilə fərəh, sevinc, məmnunluq hissi gətirər... Ümumən, onu düz deyirsiniz ki, adam hərdən gerizəkalı zəhlətökən nadanların çoxluğundan bezir.

– Hazırda nə işlə məşğulsunuz, yəni ən çox nədir həyatı sizin üçün maraqlı və əhəmiyyətli eləyən?
– Mən həmişə öz işimlə məşğul olmuşam. Özümə aid olmayan işlərə maraq və vaxt ayırmamışam. Bu gün də öz səlahiyyətlərim və imkanlarım daxilində öz işimi görürəm. Həyatı maraqlı və əhəmiyyətli edən yaşanan ömrün gözəl anları və yaşanacaq ömrün gözəl arzularıdır. Mənim həyatımda, şükür, hər iki sahədə bolluq-bərəkət var.


– Ürəyiniz istəmədiyi işlərlə çoxmu məşğul olmusunuz?
– Dedim, heç məşğul olmamışam... Hər halda buna çalışmışam. Hətta ilk gənclik çağlarında məhz “ürəyim istədiyi üçün” yasaqlara və qınaqlara belə məhəl qoymadığım ötkəm məqamlar olub.

– Ədəbi prosesdə aktiv yazarlarımız var. Bunları hamı tanıyır. Bəzən onların aktivliyi təkcə bədii əsər yazmaqla deyil, ədəbi həqiqətlər uğrunda apardığı mübarizələrlə yadda qalır. Elələri də var ki, sırf yaradıcılığı ilə məşğuldur, amma yaxşı hekayələr, romanlar, povestlər yazmasına baxmayaraq, ədəbi tənqidin diqqətindən uzaqda qalıblar. Siz bu fikirlə razısınızmı ki, bəzən tənqidçilərimiz də yalançı şöhrətə aldanıb elə bilirlər ki, yazıçı ən çox adı hallanan, qalmaqallarda aktiv olanlardır?
– Razıyam ki, əsil yazıçı heç də ən çox “adı hallanan”, “aktivlik edən”, “tanınan” deyil. Ümumən, Yaradıcının şan-şöhrətlə, titullarla, tanınmaqla, populyarlıqla, reklamla, xüsusən göstərici qalmaqallarla arası olmaz. Yaradıcılıq da ibadət kimidir: Yaradan Tanrı ilə yaratmaq istəyən İnsan arasında ikili, mübhəm, gizlin təmas və pıçıltılı izharlar... Bundan geridə qalanı – konyukturaya bağlı məsələlərdır. Əsil sənətkar tənqid-təbliğ axtarmadan payına düşən içindəki Tanrı nurunu gün işığına çıxartmaq üçün çalışar...Yadımdadır, 80-ci illərdə mən AzTv-də Baş redaktor olanda dünyanın dahi sənətkarları haqqında ssenari yazıb efirə hazırladığım “Zəriflik” incəsənət teleproqramına dahi Nizaminin misralarını epiqraf seçmişdim: “Dünya könül dünyasıdır, bu dünyanı tanı sən”

– AzTv-də Baş redaktor olanda haqqında ssenari yazıb efirə hazırladığınız dahi dünya sənətkarları kimlər idi ki?
– Leonardo da Vinçi, Rafael, Mikelancelo, Səttar Bəhlulzadə, Bax, Bethoven, Mosart, Haydn, Qara Qarayev, Fikrət Əmirov və b.

– Akif müəllim, oxuduğunuz əsərdə ən çox nə axtarırsınız?
– Daha heç nə. Sadəcə üslub, manera özəlliyinə fikir verirəm. Əsərin keyfiyyəti və əhəmiyyəti sənətkarın şəxsiyyətindən çox asılıdır. Üslub yazarın şəxsiyyəti deməkdir. Süjet, rəvayət, kolliziya, təsvir, nağıllama, əhvalat... Bunlar adətən bədii sənətdə zaman-zaman təkrarlanan, oxuyub doyduğumuz oxşar motivlərin müxtəlif təqdimatlarda variasiyalarıdır.


– Fikirləriniz maraqlıdır. 2000-ci illərdən bu yana meydana yeni düşüncəli gənclərlə yaşlı yazıçılarımız arasında barışmaz bir dava gedir. Sizcə, bu davalar yalnız fərqli bədii-estetik dünya görüş məsələsidirmi?
– Yaş etibarilə sizin iştirak etmədiyiniz, mənimsə qaynar episentrində olduğum həmin o “davaların” səbəbini həqiqətən təfərrüatı ilə bilmək istəyirsinizsə, lütfən o qalmaqallara həsr etdiyim “Ensiklopedik xarakterli ekspromt-fantaziya tipli pamfletvari ədəbi-bədii-elmi-sənədli-publisistik kollaj” - üslubunda yazdığım “3-cü Yazı” adlı kitabımı oxuyun. Mütləq oxuyun, faydası olar...

– Axı məndə yoxdu o kitab...
– İstəsəniz, göndərərəm.

– Atalar-oğullar məsələsi həmişə müzakirə olunur. Sizcə, yaradıcı ata necə olmalıdır və yaradıcı oğul necə olmalıdır?
– Atadırsa, demək o artıq yaradıb. Oğul isə əsil oğuldursa, artıq var olan atanı dərindən öyrənməli və onu ötmək üçün qeyrət göstərməlidir. Bəşərin ibtidaidən aliyə doğru tərəqqi yolu belədir: inkarı inkar. Həyata fəlsəfi baxan normal ata oğulun bu üstünlük cəhdinə yalnız sevinər. Anormal xislətli nadan atalar isə qəzəblənər.

– Bizdə tez-tez Qarabağ mövzusunda bədii əsərlərə stimul vermək üçün müsabiqələr keçirilir və pul mükafatları da ayrılır. Necə bilirsiniz, belə şeylərin vətənə, millətə, ədəbiyyata bir xeyri varmı?
– Təəssüf ki, heç də tez-tez yox, yalnız adda-budda olur. Halbuki yaradıcı elm, sənət adamlarının yaralı Qarabağa borcu çoxdur, hətta yüz ildir yığılıb qalıb. Vətən, Millət, Sənət naminə bu borc bir an belə unudulmadan müsabiqəli-müsabiqəsiz, pullu-pulsuz daim ödənməli, ödənməli və ödənməlidir. Ki, Qarabağa göz dikən düşmənin gözü tökülsün... Bu yerdə təfərrüata varmadan sizə bir tragikomik olay danışım...

– Buyurun...
– Bir neçə il öncə dediyiniz o vətənpərvərlik müsabiqələrinin birinə mənim də Qarabağ müharibəsi mövzusunda yazdığım (və onu çəkmək istəyən kinorejissorun dediyinə görə heç də pis yazmadığım) kinossenarim təqdim olunmuşdu. Yekunda təşkilatçılar guya “müsabiqəyə Qarabağ mövzusunda əsər təqdim edilmədiyi səbəbindən” Qarabağ nominasiyasına ümumiyyətlə, yer vermədilər. Bilirsiniz niyə?

– Niyə?
– Güman ki, müəllif qonorarından “divident” istəməyə risk etmədiklərindən “forsmajor vəziyyətdən” belə ağ yalana əl atmaqla çıxmışdılar... Bəli, həmin tragikomik absurdda komik məqam o miskinlərin naçar vəziyyəti, faciəli cəhət isə Qarabağımızın dərdi idi.


– Məmurdan yazıçı olarmı? Yaxud yazıçıdan məmur olarmı? Bu sual da həmişə müzakirə olunur...
– Təəssüf ki, bu mövzu daha çox bizim mental şüurun müzakirə obyektidir. Bir-neçə il öncə mətbuatda çap etdirdiyim “Məmurluq şərəfi”, “Dövlət qulluğu – şərəfli işdir” və b. yazılarımı oxusaydınız, səbəbini də, cavabımı da bilərdiniz...

– Bəs bu barədə yazılarınızı hansı kitabınızdan oxuya bilərəm?
– İndi o yazıları “Vətən mücadiləsi” kitabımda oxuya bilərsiniz. Ancaq dünya təcrübəsində məsələ başqa cürdür. İstərsəniz, bu konuda bir neçə “şok-açıqlama” verim, baxın: S.-Peterburq teatrı N.V.Qoqolu öz truppasına qəbul etməyəndən sonra, gənc Kolya dövlət qulluğuna girir. O, Daxili İşlər Nazirliynin departamentində çalışır. Xırda məmur olaraq daim yeknəsək kağız-kuğaz arasında eşələnən Qoqol cəhd eləsə də vəzifə pillələri ilə artıma nail ola bilmədiyindən əzab çəkir. Və içindəki bu kompleksi əsərlərindəki çiçikovşinalıqla, xırda məmur obrazları yaratmaqla kompensə edir... Yaxud daim öz yazıçılıq istedadından narazı qalan Frans Kafka Praqa Universitetini bitirib hüquq doktoru kimi sığorta idarəsində qulluğa girir və şedevr əsərlər yaza-yaza həmin məmur postunda təqaüdə çıxanacan işləyir... Moskvada Universitet bitirib Peterburqa köçən İvan Qonçarov Maliyyə nazirliyində işə düzəlir və burada 20 il dövlət qulluqçusu kimi çalışır. Dostları və qohumları arasında “Oblomov”, “Adi əhvalat” kimi gözəl romanlar müəllifi olan bu istedadlı insan nümunəvi şəxsiyyət olaraq sevilirdi... Başqa bir misal.

– Aha...
– Çoxcildlik publisistik əsərlər müəllifi A.F.Koni çar Rusiyasının məhkəməsində hakim kimi çalışaraq apardığı proseslər əsasında sonradan maraqlı yazılar yazıb... Nəhayət, böyük alman şairi V.Höte Veymar sarayında çox böyük də vəzifə tutan məmur olub. Höte Sarayda ən müxtəlif vəzifələr daşıyıb: xüsusi tapşırıqlar üzrə müşavir, maliyyə naziri, teatrın direktoru, hərbi komissar, diplomat, hersoqluğun yollarını çəkən və kənd təsərrüfatında islahatlar aparan, üstəlik, orta və ali təhsilə cavabdeh olan məsul dövlət xadimi. Və o, paralel olaraq fəlsəfə ilə, təbiətşünaslıqla, ədəbi yaradıcılıqla, tədqiqatlarla məşğul olur, dünya ədəbiyyatı xəzinəsinə dəyərli əsərlər bəxş edirdi. Bu dahi ədib həmişə dövlət qulluğunu, məmurluq vəzifələrini yaradıcılığından öndə tutardı...

– Bir incə məsələ var: sənətkarmı, məmurmu?
– Dolayısı ilə, sualınızın nüvəsinə yerləşdirdiyiniz – “Sənətkarmı, məmurmu?” dilemması heç də bir-birini istisna etməyən fəaliyyət sahələridir. Əksinə, qanunla da məmurlar yalnız elmi, pedaqoji, ədəbi-bədii yaradıcılıqla məşğul ola bilərlər. Tarixdəki belə yaradıcı insanları siz də çox tanıyırsınız: M.F.Axundzadə, Nəriman Nərimanov, Uinston Çerçill, Yuri Andropov, Bülənd Ecevit, Şərəf Rəşidov, Çingiz Aytmatov, Elçin Əfəndiyev...

– Və nəhayət...
– Bəli, nəhayət, həm də sizə hörmət bəsləyən Akif ƏLİ.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər