9 Aprel 2016 10:44
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay Azərbaycan kinoteatrlarında dörd yeni Azərbaycan filmi nümayişə başladı. Bunlar “Zaman adlı qatar”, “Şər qarışanda”, “Axırıncı yol” və “Oğlan evi” filmləridir.

“Zaman adlı qatar”

Melodram janrında çəkilən filmin rejissoru Kənan Musayevdir. Filmin ssenarisi bir azərbaycanlı ailəsində baş vermiş real hadisəyə əsaslanır və həsr olunur. Ekran əsərində rolları Həmidə Ömərova, Rasim Balayev, Ayaz Salayev, Vüsal Murtuzəliyev, Könül Nağıyeva, Oksana Rəsulova çəkilib.

“Şər qarışanda”

Qorxu janrında lentə alınan filmin rejissoru Samir Kərimoğlu, operatoru Nadir Mehdiyevdir.

Film 1992-ci ildə manyak tərəfindən qəddarcasına qətlə yetirilmiş doqquz yeniyetmədən bəhs edir. Hadisədən iyirmi dörd il keçməsinə baxmayaraq dəhşət hələ davam edir...

Filmdə baş rolları aktyorlar Ramiz Novruz, Qurban İsmayılov, İlhamə Qasımova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva canlandırıblar.

“Axırıncı yol”

“Axırıncı yol” macəra komediyası “Bozbash Pictures” qəhramanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Çıxılmaz vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində 2 milyon dollar olan inkasator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün müxtəlif variantlara əl atır.

Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkasator avtomobilinin görkəmini dəyişərək “SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır.

Filmdə rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov və İlkin Misgərli canlandırıb.

“Oğlan evi”

Təsəvvür edin, min əziyyətlə aldığınız evi sizdən başqa da kiməsə satıblar. “Sovetski”də evi sökülmüş Alik və evlənməyə hazırlaşan Raminin başına məhz bu hadisə gəlib. Onları amansızcasına aldadan Valid Hüseynov isə oğlunun toyuna hazırlaşır.

Qəhrəmanlar bunu öyrənəndən sonra pullarını qaytarmağın ən qeyri-adi yolunu seçirlər. Rejissoru İlham Qasımov olan filmdə baş rolları Fərda Xudaverdiyev, Elcan Rəsulov, İslam Mehrəliyev canlandırıb.

Teleqraf.com kinoteatrların nümayəndələrini sorğuya çəkib, ən çox baxılan filmin adını öyrənməyə çalışıb.

“O filmə maraq daha yüksək idi”

Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova ümumilikdə filmlərimizi yerli tamaşaçıların maraqla qarşıladığını bildirib: “Sizə deyim ki, “Zaman adlı qatar” və “Şər qarışanda” filmləri dramaturji baxımından maraqlı filmlərdir. Amma təəssüflər olsun ki, bu filmlərin Azərbaycanda tamaşaçı auditoriyası zəifdir. Bizdə daha çox komediyaya maraq göstərirlər.

Onu da deyim ki, “Şər qarışanda” filmi iki həftə kinoteatrda nümayiş olundu, digərinə nisbətdə ona daha çox tamaşaçı baxdı. “Oğlan evi” və “Axırıncı yol” filmləri bir aya yaxın kinoteatrda uğurla nümayiş olundu. Daha çox maraq isə “Oğlan evi”nə idi”.

“Nisbətən zəif idi...”

“Cinemaplyus” kinoteatrının mətbuat xidmətinin rəhbəri Nara Həsənova da tamaşaçıların yerli filmlər arasında daha çox baxdığı komediya filmlər olduğunu deyib: “Bizim kinoteatrda ən çox izlənən film “Axırıncı yol” oldu. Daha sonra “Oğlan evi”nin adını çəkə bilərəm.

Bu filmlərin hər seansında zalda tamaşaçıların sıxlığını müşahidə etmək olardı. “Şər qarışanda” filminə isə maraq nisbətən zəif idi. “Zaman adılı qatr” filmi bizim kinoteatra nümayiş olunmadı. Yerli filmlərin çəkilməsi çox yaxşıdır və filmdən filmə maraq daha da artır”.

“İstəkləri nəzərə alıb filmi yenidən göstərdik”

“Park Cinema” kinoteatrının mətbuat xidmətinin rəhbəri Rüfət Zeynalov “Zaman adlı qatar” və “Axırıncı yol” filmlərinin kinoteatrda nümayiş olunduğu bildirib: “ Xatırladım ki, “Oğlan evi” filmi dekabr ayının 3-də ekranlara çıxdı. İki ay nümayiş olundu, daha sonra biz filmi repertuardan çıxardıq. Amma tamaşaçıların xahişi və istəyini nəzərə alaraq ötən ay filmi yenidən repertuara daxil etdik.

Ümumiyyətlə, filmlərin repertuarda az və çox saxlanması tamaşaçı istəyinə görədir. Tamaşaçıların istəyini isə biz kinoteatra olan zənglərdən və feysbuk səhifəmizə yazılanlarla müəyyənləşdiririk.

“Şər qarışanda” filmi ötən ay repertuara daxil oldu, iki həftə nümayiş olundu. “Zaman adlı qatar” və “Axırıncı yol” hələ də repertuardadır. Komediyalara maraq çox güclüdür.

Xüsusilə deyim ki, yerli komediyalar baxış sayına görə çox vaxt janrından asılı olmayaraq yayımlanan xarici filmləri də üstələyir. Bu baxımdan “Axırıncı yol” və “Oğlan evi” daha çox tamaşaçı topladı”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər