9 Aprel 2016 15:14
4 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə müsahibəni təqdim edir.

-Firəngiz xanım, son günlər cəbhədə baş verənlərdən dolayı gərgin günlər yaşadıq...
-Hamımız çox həyəcanlıyıq. Bir tərəfdən ordumuzun qələbəsinə görə qürur hissi keçiririk. Azərbaycan 1990-cı ilin Azərbaycanı, silahlı qüvvələrimiz də əvvəlki silahlı qüvvələr deyil. Azərbaycanın imkanları, nüfuzu qat-qat böyüyüb. Bununla belə, biz də narahatçılıq hiss keçirirdik ki, amandır, çox şəhid verməyək. Təbii, qələbə şəhidsiz olmur. Şəhidlərə Allah rəhmət eləsin, vətənimiz bölünməz qalsın. Bu bir neçə günü və elə indi də hamımız özümüzü cəbhədə hiss edirik.

Biz bəstəkar olaraq nə edə bilərik? Bilirsiniz, çətin 90-cı illərdə belə Azərbaycan bəstəkarları qələmi yerə qoymayıb, gözəl əsərlər yaratdılar. Bu əsərləri biz də vaxtaşırı tədbirlərdə səsləndiririk.

Yaradıcı insan əsgərləri ruhlandıra bilər, dəstəkləyər, dua edər. Allah Azərbaycanı, əsgərlərini qorusun. Şəhidlərimizə də rəhmət eləsin.

“İlk dəfə Hollivuda gedəndə...”

-Bu yaxınlarda Amerikada əsərinizin premyerası oldu. Səhv etmirəmsə, siz Amerikaya 1988-ci ildə getmisiniz.
-1988-ci ildə SSRİ Bəstəkarlar İttifaqının üzvü kimi Amerikaya 24 günlük səfərə getdik. Heyətin tərkibində mənimlə bərabər İttifaqa daxil olan bir neçə ölkənin bəstəkarları da var idi.

-Azərbaycanı tək siz təmsil edirdiniz?
-Bəli, hər respublika bir nəfərlə təmsil olunmalı idim. Azərbaycandan da məni seçmişdilər. Hansı şəhərə gedirdiksə, bizim əsərlərimizdən ibarət konsertlər keçirilirdi. Bu minvalla Amerikanın bir neçə şəhərinə baş çəkdik. Hollivudun səsyazma studiyasına getdik, orda ilk dəfə möhtəşəm texnikanın şahidi olduq. Təsəvvür edin, bəstəkar ekranda kadrları izləyə -izləyə pianinoda mahnı bəstələyir və həmin an da makinadan musiqinin partiturası çıxır.

-Neçənçi ildə SSRİ Bəstəkarlar İttifaqının üzvü olmusunuz?
-1974-cü ildən İttifaqın üzvüyəm. 1979-cü ildə isə Bəstəkarlar İttifaqının katibi seçildim. Və bütün Sovet İttifaqında ən gənc katib oldum.

“Təəssüf edirəm ki...”

-Adətən insan gənc olanda vəzifədən qaçır, daha çox sərbəstlik, bir köşəyə çəkilib yazıb-yaratmaq istəyir.
-Düz deyirsiniz. Özü də mən yalnız musiqi bəstələmirdim. O vaxtlar pianoçu olaraq “XX əsrin fortepiano musiqisi” adı altında silsilə konsertlər keçirirdim. Müasir musiqinin fortepiano sahəsində yeni əsərlərinin hamısını ifa edirdim. Con Keyc, Corc Kramb, Olivye Messian, Paul Hindemit, Arnold Şönberq, Alban Berq kimi bəstəkarların əsərlərini Azərbaycan ilk dəfə ifa etmişəm. Con Keyc, Corc Kramb, Paul Hindemitin əsərləri isə hətta SSRİ məkanında ilk dəfə mənim ifamda səslənib.

Siz cavansınız, bilməzsiniz, uzun müddət dəmir pərdə arxasında qalmaq çox acınacaqlı hal idi. Doğrudur, Sovet İttifaqının müsbət cəhətləri də vardı. Sovet təhsil sistemi çox güclü idi. İndiyə qədər mən o biliklərlə bəhrələnirəm. Xarici ölkələrdə olanda məndən soruşurlar ki, siz harda təhsil almışınız? Onlara Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığımı çox böyük qürurla deyirəm.

-Heç vaxt xarici ölkədə ikinci təhsil almaq kimi niyyətiniz olmayıb?
-O vaxt belə imkan yox idi. Həm də mən buna ehtiyac hiss etmirdim. İndi 15 yaşında oğlanın anası deyir ki, mənim oğlumu xaricə göndərmək lazımdır. Anlamıram. Bəlkə bizim təhsil sistemimiz o qədər də güclü deyil, bilmirəm. Buna görə çox təəssüf edirəm.

Konservatoriyaya qəbul imtahanında rektor Cövdət Hacıyev məni pianoçu kimi dinlədi, bəstəkar kimi də ikinci ixtisas almağı məsləhət gördü. Məktəb dövründə yazdığım əsərləri dinləyən komissiyanın qərarı ilə mənə istisna hal kimi iki fakültədə oxumağa icazə verildi.

Pianoçu kimi konservatoriyanı bitirib, bəstəkar kimi dövlət imtahanında iştirakdan sonra Moskvadan gələn nümayəndələr mənə dedilər ki, mütləq Moskvaya gedib, təhsilimi orda davam etdirməliyəm. Atam çox müdrik insan idi. Dedi, Qara Qarayevdən yaxşı müəllim tapmayacaqsan: “Mənim Moskvada oxuyası qızım yoxdur. Qara Qarayev səni burda aspiranturaya götürürsə, çox gözəl, götürmürsə eybi yox”. Beləcə, mən burda qalmalı oldum.

“Ən böyük arzum...”

-Necə ailədə doğulmusunuz?
-Ziyalı ailədə doğulub boya-başa çatmışam. Atam Əliağa Əlizadə ixtisasça meliorator idi. Leninqradda təhsil almışdı. Bakıya qayıdandan sonra təcrübəli ixtisasçı kimi rayonlara göndərirlər. Sonra Şəkidə anam Xədicə xanımla ailə qurur. Ailədə dörd uşaq olmuşuq. Atam tarda ifa edə bilirdi, hətta uşaqkən Müslim Maqomayevin yaratdığı məktəblilərdən ibarət ansamblda tarda da çalıbmış. Deyirdi, orda qurduqları “Leyli və Məcnun” tamaşasında İbn Səlam rolunu da oynayıb.

Anam da Şəkili olduğundan musiqi, sənət qanında-canındaydı. Hər gün saat ikidə evdə muğam saatımız başlayırdı. Anam və atam muğama zövq ala-ala qulaq asardılar. Mən isə bundan gileylənirdim. Atam deyirdi ki, muğamı böyüyəndə başa düşəcəksən. Doğurdan da muğamı yaşa dolduqca daha yaxşı anlayırsan.

-İstedadınızı kim kəşf edib?

-Uşaq idim, həmişə qonşuların evindən pianino səsini eşidəndə həyəcanlanırdım. Ən böyük arzum o idi ki, pianinom olsun. Atam arzumu çin elədi, mənə pianino aldı. Beş yaşımda anam əlimdən tutub məni konservatoriyanın nəzdində yerləşən orta ixtisas musiqi məktəbinə apardı (İndiki Bülbül adına musiqi məktəbi-N.M.)

Yeddi yaşım olanda məktəbdəki müəllimlərim valideynlərimə məsləhət gördülər ki, məni həm də bəstəkarlıq dərslərinə yazdırsınlar. Həm pianino dərslərinə, həm də bəstəkar Ədilə Hüseynzadənin kurslarına gedirdim. Bu il Ədilə xanımın yüz illiyidir, Allah ona rəhmət eləsin. Bəstəkar kimi ilk əsərimi yeddi yaşımda yazdım.

“Yoldaşımdan xəbər ala bilmədim deyə...”

-Firəngiz xanım necə oldu ki, 90-cı illərdə Azərbaycandan getdiniz?
-Təsadüfən baş verdi. 90-cı ilin yayında həyat yoldaşımla Amerikaya simpoziuma gedəcəkdim. Heç gözləmədiyimiz şəkildə qanlı 20 Yanvar hadisələri baş verdi. Küçələrdə o hadisələri lentə köçürənlərdən biri də həyat yoldaşım Cahangir Zeynalov idi. O vaxt çəkilən kadrları üzə çıxarmaq mümkün deyildi. Qərara gəldik ki, onları özümüzlə bərabər Amerikaya aparaq. Elə də etdik və kadrları əsərlərimin arasında gizlədərək Amerikaya apardıq.

Çox təhlükəli iş idi, əgər tutsaydılar, Allah bilir başımıza nələr gələrdi. O kadrları simpoziumda nümayiş etdirdik, Sovet İttifaqının tərkibində olan türk xalqlarının nümayəndələri zalı tərk etdilər. Bizi belə dəstəklədilər. Amerikalılar Cahangirə yaxınlaşıb dedilər ki, Siz Sovet İttifaqına dönə bilməyəcəksiniz. Burda qalın, sizə vətəndaşlıq verəcəyik. Yoldaşım dedi ki, biz Bakıya qayıtmalıyıq. Çünki ailəmiz və övladımız burdaydı.
Hər şeyi gözə alıb, gəldik, sözün düzü bizə fikir verən də olmadı. Çünki hadisələr bir-birinə qarışmışdı, Sovet İttifaqı süqut edirdi. Bu da bizim xoşbəxtliyimiz idi.

1992-ci ildə günlərin bir günü Türk Cümhuriyyətinin mədəniyyət naziri Fikri Sağlar mənə zəng elədi. Dedi, yaxın aylarda Mərsində yeni Opera və Balet Teatrı açacaq və məndən də ora üçün opera, yaxud balet yazmağımı istəyir. Əvvəl qəbul etmədim, belə qısa zamanda əsər yaza bilməyəcəyimi dedim. O da cavabında dedi ki, haqqınızda araşdırma aparmışam, bilirəm ki, Azərbaycanda ən sürətli əsər yazan bəstəkarsınız. Siz bacaracaqsınız.

Çox düşünəndən sonra təklifi qəbul etdim. Yoldaşım işlərindən dolayı Bakıda qaldı, oğlumu götürüb Mərsinə getdim. Ora gedən kimi şəhərə vuruldum.

Sonra başımıza çox işlər gəldi, yoldaşımı avtobusa mindirib cəbhəyə apardılar, uzun müddət ondan xəbər ala bilmədiyimə görə çox narahatlıq keçirdim. Mərsində “Boş beşik” baletini yazıb təhvil verdim, uğurla nümayiş olundu. 92-ci ildən 99-ə qədər Mərsində yaşadıq, o müddətdə Mərsin Konservatoriyasının yaradılmasında da yaxından iştirak etdim.

-Yoldaşınızın taleyi necə oldu? Onu tapa bildilərmi?
-Bəli, onu tapdılar. Başına çox işlər gəldi, amma sonra Mərsinə bizim yanımıza qayıtdı. Təbii ki, orda ixtisasına görə iş tapmaq çətin məsələ idi. Ona görə də orda layihələrimin, konsertlərimin çəkilişlərini aparırdı.

-Cahangir müəllim niyə “Əlaqə” filmindən sonra kino çəkmədi?
-Kinostudiyanın çox çətin dövrləri başladı. Cahangirin yeganə ekranlaşdırdığı bədii film Azərbaycanda ilk dəfə fantastik-mistik janrda çəkilən “Əlaqə” olub. Musiqisini də mən yazmışam. Filmin ən son kadrında oğlum çəkilib.

-Ailədə ikiniz də yaradıcı adamsınız. Oğlunuz hansı sahəyə meyllənib?
-Atasının sənətini davam etdirir. Kinorejissorluq üzrə təhsil aldı. Hazırda Almaniyada yaşayır və telekanallardan birində çalışır.

“O vaxt burdan gedəndə cibimizdə...”

-Firəngiz xanım, xarici ölkələrdə bu qədər nailiyyətlər qazanmağınızın sirri nədir?
-1979-cu ildə “Habilsayağı” mənə böyük məşhurluq gətirdi. 30 ildən artıqdır bu əsər dünyanın demək olar ki, bütün ölkələrini gəzir. Sonra əsərlərim bir çox festivallarda, forumlarda səslənməyə başladı. Bir dəfə Almaniyada olanda mağazalarda notlarımı görüb təəccüblənmişdim. Mənə dedilər ki, əsərlərim uğurla satılır, mən mütləq müəllif haqlarını qoruyan GEMA-nın üzvü olmalıyam.

Mərsində yaşayıb, işləyə-işləyə dünyanın müxtəlif ölkələrində əsərlərim ifa olunurdu, özüm o konsertlərdə iştirak edirdim. Yavaş-yavaş bütün dünya ölkələrinin qapıları üzümə açılırdı. Necə? Buna nail olmaq üçün insanın pulu olmalıdır. Pulun olmasa o ölkələrə getmək üçün viza belə ala bilmirsən. Bizim vəziyyətimiz belə idi.

İnanın, 92-ci ildə burdan gedəndə bizim cibimizdə bir dollar da pul yox idi. Mərsində yaradıcı fəaliyyətim başlayandan sonra maddi durumumuz yaxşılaşdı və dünyaya ayağımız açıldı. Ən azından dəvət edilən ölkələrə getməyə bilet ala bilirdik.

-Bu gün dünyanın müxtəlif ölkələrində musiqi sahəsi üzrə təhsil alan gənclərin sayı çoxalıb. Onların neçə faizi sonradan bura qayıdır?
-Gənc bəstəkarlarımızın çoxu əcnəbi ölkələrdə təhsil alırlar. Bəziləri qayıdır, bəziləri qayıtmır.

-Ümumiyyətlə, qayıdıb gəlməsi önəmlidirmi?
-Özünü azərbaycanlı hiss edirsə və doğurdan da xaricdə yaşaya-yaşaya Azərbaycan ideyasını çatdıra bilirsə, qayıtması önəmli deyil. Amma Amerikada oxuyub, Amerika bəstəkarı olacaqsa, bunun bizə xeyri yoxdur.

“Tofiq Quliyev sədr seçiləndən sonra...”

-Nə vaxtsa Azərbaycana gələcəyinizi planlaşdırmışdınız, yoxsa o da gedişiniz kimi təsadüfən baş verdi?

-1990-cı ildə Bəstəkarlar İttifaqının qurultayı baş tutdu, Tofiq Quliyev sədr seçildi. O da katib kimi mənim namizədliyimi irəli sürdü. Aradan illər keçdi, Tofiq Quliyev, Vasif Adıgözəlov rəhmətə gedəndən sonra rəhbər vəzifələrdə katib kimi mən və Ramiz Zöhrabov qaldı. 2007-ci ildə Azərbaycana gələndə burda qalıb, fəaliyyət göstərəcəyimi fikirləşmirdim. Mən gəldim ki, qurultay keçirək. Çünki 17 il olardı ki, İttifaqda qurultay keçirilmirdi.

Ramiz Zöhrabovla bərabər burda çox gözəl qurultay keçirdik. Bura dünyanın müxtəlif ölkələrindən bəstəkarlar, musiqişünaslar gəldilər, 180 əsər ifa olundu. Bunun nəticəsi idi ki, həmkarlarım sədr olaraq mənim namizədliyimi irəli sürdülər. Yekdilliklə sədr seçildim.

Çox məsuliyyətli işdir. İnsanlar müxtəlifdir. Onlarla rəftar etmək elə də asan deyil. Amma çalışıram könüllərini alım, ədalətli olum, bütün işləri yoluna qoyum və layihələrimizi uğurla həyata keçirim.

Nərmin Muradova
Foto: Elçin Murad


Müəllif: