Beynəlxalq Muğam Mərkəzində yazıçı Anarın qızı Günel Anarqızının "Seçilənlər" kitabının təqdimat mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, "Seçilənlər " kitabının mayın 19-da təqdim edilməsinin səbəbi həmin tarixin xalq şairi Rəsul Rzanın doğum gününün olmasıdır.
Günel Anarqızı kitab haqqında Teleqraf.com-a danışıb: "Kitabda mətbuat orqanlarında çap edilən müsahibələrim və esselərim nəşr edilib. Kitab müxtəlif tanınmışların həyat və yaradıcılığından bəhs edir. Düşünürəm ki, oxucular üçün çox maraqlı olacaq. "Seçilənlər" kitabı zərurətdən nəşr edilib. Bir gün hiss etdim ki, yazdığım müsahibələr yadımda qalmır. Atam Anardan fərqli olaraq arxiv toplamıram. Anladım ki, belə bir kitab olsa, yazdığım əsərlər toplanmış olar. Bu kitabda təsadüfi yazılar yoxdur, hamısı seçilən insanlardır. Anar müəllim hər zaman mənə məsləhətlər verir və hər zaman məsləhətlərini dinləyirəm".
Yazıçı Anar Azərbaycan Yazıçılar Birliyi və ailəsi adından qızını təbrik edib : "Mən Güneli çox sevirəm. Ağıllı, gözəl, tərbiyəli, istedadlı və qürur duyacaq bir övladdır. Kitabı çox bəyəndim. Çox lazımlı və vaxtında nəşr edilən kitabdır. Sonda bir xatirəni danışmaq istəyirəm. Günel balaca idi, həyat yoldaşım Zenfira xanım və oğlum Tural məni müzakirə edirmişlər, səhhətinə baxmır, siqaret çəkir və s. Günel isə deyib ki, ata bir az yaxsıdır. Günel sən də çox yaxşısan (gülür)".
Fidan Qasımova da Günel Anarqızını təbrik edənlər sırasında idi: "Siz Anar müəllimin ləyaqətli davamçısınınız. Biz səninlə qürur hissi duyuruq".
Qeyd edək ki, təqdimat mərasimində bəstəkar Firəngiz Əlizadə, xalq artistləri Fidan və Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli, millət vəkili Nizami Cəfərov, xalq şairi Sabir Rüstəmxanlı, əməkdar artistlər Tahir İmanov və Cabir İmanov, Fərqanə Qasımova, Tünzalə Ağayeva və bir çox iştirak ediblər.
Bildirək ki, tədbirin aparıcısı Nərgiz Cəlilova və Murad Dadoşov olub.
Rəqsanə