Heydər Əliyev adına İdman Sarayında mühafizə işləri yenidən təşkil olunur
7800 tamaşaçı tutumu olan Heydər Əliyev adına İdman Sarayının Avropa Oyunlarını qəbul etməyə tam hazır olması barədə məlumat vermişdik.
Test yarışlarının da keçirildiyi, müasir standartlara cavab verdiyi məluma olan arenada yenidənqurma və əsaslı təmir işləri görülüb. 1977-ci ildə inşa edilmiş Heydər Əliyev adına İdman Sarayında “Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar rekonstruksiya işləri fevralda tamamlanıb. Binanın fasadı tamamilə yenilənib. İndi tac şəkilli fasad xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir.
Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb.
Sarayda bu yaxınlarda daha bir sıra yeniliklər aparılıb. Bu barədə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Obyektlərin idarə olunması şöbəsinin mütəxəssisi İlkin Babayev Teleqraf.com-a məlumat verib.
Mütəxəssis bildirib ki, yoxlama məntəqələrinin strukturu dəyişdirilib, təhlükəsizlik işləri daha da gücəndirilib: “Yoxlama məntəqələrinin strukturu dəyişdirilib. Dedilər ki, təhlükəsizlik standartlarına tam cavab vermir, biz də təkmilləşmə işlərinə başladıq.
Bundan əlavə, maşınlar üçün yoxlama məntəqəsi sökülüb. Yaxın günlərdə yenidən hazırlayacaqlar. Bunlar tam hazır vəziyyətə gətiriləndən sonra yəqin ki, biz dövlət mühafizə orqanları ilə treninq edəcəyik. Mühafizənin təşkili qaydası treninqlərlə müəyyənləşəcək. Məsələn, daxili qoşunlar çəpərin yanında dayanacaq. Mühafizədə harada boşluqların olduğuna baxacağıq. Həmin boşluqları doldurmağa çalışacağıq”.
Qeyd edək ki, I Avropa Oyunları zamanı burada cüdo, sambo və güləş yarışları keçiriləcək.
İLHAMƏ
|