6 İyul 2014 14:28
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Refat Çubarovu da Krıma buraxmırlar

İyulun 5-dən 6-na keçən gecə Ukraynanın Moriupol şəhəri yaxınlarında Rusiyanın pilotsuz uçağı vurulub. Bu haqda Unian.net Ukrayna Müdafiə Nazirliyindəki qaynağa istinadən xəbər yayıb. Xəbərdə bildirilir ki, gecə saatlarında Ukrayna səmasında iki pilotsuz uçaq görünüb. Hava Hücumundan Müdafiə Qüvvələri onlardan birini vura bilsə də, digər uçaq hədəfdən yayınıb.

Ötən gecə Ukraynanın genişmiqyaslı hərbi əməliyyatları keçirilməyib. Bununla belə, 12 Ukrayna hərbçisi atışmalarda yaralanıb. Hərbçilər separatçıların Ukrayna Silahlı Qüvvələrinin bir neçə qərargahını atəşə tutarkən yaralanıb. Separatçılar qərargahlara Piyadaların Döyüş Maşınları ilə hücum edib.

Bu arada Kreml Krım Tatar Məclisinin sədri Refat Çubarovun Krıma girişini yasaqlayıb. Yada salaq ki, Krım türklərinin əfsanəvi lideri Mustafa Cəmiloğlu da işğaldan sonra Krıma buraxılmır. Ukrayna Xarici İşlər Nazirliyini bu haqda bəyanatında bildirilir ki, Krımı işğal edən Moskva Krım tatarlarının liderlərini daimi yaşadıqları ərazilərə qəsdən buraxmır: “Bu Kremlin növbəti absurd qərarıdır. Bir tərəfdən Kreml Krım tatarlarına onların rifahı üçün hər cür şərait yaradılacağı vədini verir, digər tərəfdən həmin torpaqların yerli sakinləri olan tatarların liderlərini əraziyə buraxmır. Bir insanın daimi yaşadığı əraziyə buraxılmaması faktı heç bir hüquq normasına sağmır. Kreml bu yolla tatarları növbəti dəfə vətənlərindən məhrum etmək planlarını həyata keçirir. Aydın görünür ki, Kremlin məqsədi işğal faktı ilə razılaşmayan Krım tatarlarının müqavimətini tamamilə qırmaq, onları müdafiəsiz vəziyyətə salmaqdır. Bununla da rəsmi Moskva 70 il öncə Sovetlər Birliyinin rəhbəri Stalinin qoyduğu gələnəyi davam etdirir. Baş verənlər Rusiyanın Krım tatarların qarşı nifrətinin və şovinist siyasət yürütməsinin açıq-aydın sübutudur. Rusiya xalqlar həbsxanası olmaqda davam edir”.


Qeyd edək ki, bir neçə gün öncə Krım Tatar Məclisinin sədri Refat Çubarov Krımdan Moskvaya, oradan Kiyevə, Kiyevdən isə Bakıya gəlib. Azərbaycanda müxtəlif səviyyələrdə görüşən Krım Tatar Məclisinin sədrini geri dönüşdə Rusiya sərhədçiləri ölkəyə buraxmayıb.

Bəyanatın sonunda Kiyev Moskvadan Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun, Krım Tatar Məclisinin sədri Refat Çubarovun vətənlərinə buraxılmasını tələb edir./musavat/


Müəllif: