İkinci Dünya müharibəsi zamanı Macarıstanda həlak olan və dəfn edilən 5 mindən çox sovet əsgərinin əvvəllər məlum olmayan adı rusiyalı ekspertlər tərəfindən 2024-cü ildə müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Avropa ölkəsində hərbi anma işləri üzrə nümayəndəsi Şerali Mamasoliev TASS müxbirinə müsahibəsində bildirib.
O söyləyib ki, son 12 ayda 1944-1945-ci illərdə faşistlərlə döyüşlərdə həlak olmuş sovet əsgər və zabitlərinin dəfn olunduğu yerlər üzrə xatirə lövhələrində 3131 nəfərin adı əbədiləşdirilib. Bundan başqa, ötən il Macarıstanda 16 hərbi məzar yenidən aşkar edilib, 14-ündə isə bərpa işləri başa çatıb:
"Təmirdən sonra Noqrad, Fejer, Somogy və ölkənin digər ərazilərində sovet əsgərlərinin abidələrinin açılışı olub. Avropanı nasist qoşunlarından azad etmiş 99 sovet əsgər və zabitinin qalıqlarının yenidən dəfn olunduğu Dunaujvaros şəhərinin mərkəzi şəhər qəbiristanlığında yeni xatirə kompleksi yaradılıb".
Müdafiə Nazirliyinin nümayəndəsinin qeyd etdiyi kimi, bütün bunlar Rusiyanın Budapeştdəki səfirliyinin fəal iştirakı və ölkənin hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilib. Macarıstanda həlak olmuş sovet əsgərlərinin hələ də naməlum adlarını müəyyən etmək və onların ölkə ərazisində dəfnlərini çox gərgin axtarış və arxiv işləri nəticəsində tapmaq mümkündür.