2 Yanvar 09:49
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları bəlli səviyyəyə qədər inkişaf edib. Sadəcə, erməni tərəfi həmişə olduğu kimi, yenə də tərəddür edir. Nəyəsə ümid edib, prosesi uzadırlar. Keçmiş münaqişə dövründə də onlar proseslər yekun həddə yaxınlaşan kimi müxtəlif bəhanələr uydururdular, ya da qaçırdılar.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Vaxtilə Azərbaycan münaqişənin həlli ilə bağlı ən konseptual təkliflərlə çıxış edirdi. Hətta ən yüksək səviyyədə muxtariyyət məsələsi gündəmdə idi. Sadəcə, onlar “müstəqillik” eşqinə düşmüşdülər”, - deyə sabiq nazir söyləyib.

O əlavə edib ki, hətta ATƏT-in Minsk Qrupu da Qarabağda hansısa “seçkilərin” keçirilməsinə normal yanaşmırdı: “Deyirdilər ki, Qarabağ ətrafında 7 rayonu geri qaytararaq, “seçki və status” məsələsinə sonra qayıdarıq. Erməni tərəfi buna da getmədi. 2007-ci ildə Fransada Rambuedə Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar kritik bir həddə çatmışdı. O vaxt Ermənistan prezidenti Robert Köçəryan idi. Məhz bu görüşdə ilk dəfə həmsədlər “Madrid prinsiplərini” təqdim etdilər”.

Elmar Məmmədyarova görə, o vaxta qədər sülhə ümid var idi ki, 7 rayonu geri qaytarıb, sonrakı məsələləri ardıcıl həll etmək mümkündür: “Minsk Qrupunun həmsədrləri Köçəryana ciddi təzyiq edirdilər. Ona açıq şəkildə deyirdlər ki, sən bunu qəbul etməlisən. Amma Köçəryan o görüşdən ayaqyolu adı ilə qaçdı. Çıxdı getdi. Ondan sonra bəlli oldu ki, ermənilər heç nəyə getməyəcəklər. Sözsüz ki, bu zaman elə onların özlərinin əleyhinə işlədi. Azərbaycan Ordusu möhkəmləndi və əraziləri işğaldan azad etdi. Əslində, 2007-ci ildəki danışıqlar göstərdi ki, güc tətbiq edilməsə, Ermənistan heç nəyə getməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər