24 İyul 2014 17:32
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq münaqişəsi sünni-şiə, ərəb-kürd qarşıdurması ilə bərabər digər etnik azlıqların da cəlb olunduğu zorakılıq halları və proseslərilə müşahidə olunur.

Xristianlar, türkmənlər, yezidlər, şəbəklər, Sabiyə mandeyləri, bəhailər, kakailər və faili kürdlər İraqda qədim zamanlardan yaşamaqdadırlar.


2003-cü ildə ABŞ-ın başçılığı ilə İraqın işğalı vaxtından Ninəva düzənliyi paralel inkişaf edən iki ixtilaf nəticəsində dağılmaqdadır – bir tərəfdən mərkəzi hökümətlə ekstremist qrupların , digər tərəfdən isə kürd muxtariyyatının qarşıdurması.Onların çoxu Bağdaddan 400 km şimal-qərbdə yerləşən Ninəva adlanan ərazidə yaşayır.

Osmanlı dövründə, Səddam Hüseynin Bəəs hakimiyyəti illərində və nəhayət indiki cihadçılar tərəfindən təqib və təzyiqlərə məruz qalan şəbəklər, yezidilər, bəhailər və bu kimi digər azlıqlar gizli həyat yaşamağa məcbur olublar.

Bu isə öz növbəsində onlara qarşı şübhələrin güclənməsinə və nəticədə daha çox təqiblərə gətirib çıxarıb.

İraq

İŞİD Ninəva vadisində yerləşən şiə məsçidinin məhvi görüntüsnü dərc etdirib.

İyunun 10-da Ninəva əyalətinin mərkəzi şəhəri Mosul vaxtilə İŞİD kimi tanınan İslam Dövləti təşkilatının əlinə keçdikdən sonra şəhərdəki azlıqlar kütləvi şəkildə Ninəva çöllərindəki kəndlərə və ya daha şimal istiqamətindəki kürd şəhərlərinə qaçıblar.

Onların bir çoxu kürd qüvvələri ilə birlikdə vuruşmaq üçün silaha sarılıb.

O zamandan bəri islamçıların azlıq qrupları üzərinə basqınları və onların ibadət yerlərini dağıtmaları barədə aramsız xəbərlər alınır. İslam Dövlətinin özü Ninəvada kafir ocaqları hesab edərək dağıtdığı tarixi və dini yerlərin onlarca fotosunu internetdə yayıb.

Xristianlar

İraq xristianları müxtəlif adlı etnik qruplardan ibarət olsalar da, onların əksəriyyəti xaldlar və assuriyalılardır.

İraq

Son illər ərzində İraqda xristianların sayı azalıb.

İndi onların sayı 2003-cü ildəki 1, 5 milyon nəfərdən 350-450 minə enib. Ninəvada onlar əsasən Qaraqoş (həm də Bağdida kimi tanınır), Bartella, əl-Həmdaniyyə və Tel Kef kimi kəndlərdə yaşayırlar.

İraq xristianlarını hədəfləyən ən dağıdıcı hücumlardan biri 2010-cu ildə, cihadçılar bazar günü ibadəti zamanı Bağdaddakı bir kilsəyə basqın edərək 52 nəfəri öldürdükləri zaman baş verib.

Yezidilər

Həddən artıq qapalı həyat tərzi keçirən yezidilərin mənşəyi və etnikliyi barədə davam edən debatlar mövcuddur. Onların dini bir çox dinlərdən, o cümlədən Zərdüştilikdən alınmış elementləri cəmləşdirir.

İraq

İraq yezidlərinin əksəriyyəti mübahisəli ərazilərdə yaşayır.

Onların bu inanclarına və dinləri ətrafındakı məxfiliyə görə bir çox müsəlman və qeyri-müsəlmanlar yezidilərin İblisə tapındıqlarına inanırlar.

Bu, onları kafir hesab edən islamçı qrupların yezidilər üzərinə zorakı basqınlarına səbəb olub. 2007-ci ilin avqustunda cihadçılar Ninəvadakı yezidi kəndlərinə hücum edərək 400-700 arasında insanı qətlə yetiriblər.

Təxminlərə görə, hazırda yezidilərin sayı 500 min civarındadır və onların əksəriyyəti Ninəva çöllərində ərəblərlə kürdlər arasında mübahisə predmeti olan ərazilərdə yaşayırlar.

Şəbək

Öz dilləri və adət-ənənələri olan etnik azlıq - şəbəklərin əksəriyyəti şiə, bir qismi isə sünnidir.

Hazırda 250-400 min şəbəkin olduğu təxmin edilir və onların hamısı Ninəvada yaşayır.

Bəzi sünnilər şəbəkləri ekstremist şiə təriqəti, digərləri isə onları İslamdan qopmuş mütriflər hesab edir və onlara qarşı basqınlara yol verirlər.

Kürd və ərəb İraqının mübahisəli torpaqlarında yaşayan şəbəklər zaman-zaman həm kürdlərin, həm də ərəblərin təqibləri ilə üzləşməli olurlar.

Türkmənlər

Türkmənlər İraqda ərəblərdən və kürdlərdən sonra üçüncü böyük etnik qrupdur və sayları 1,5-2,5 milyon nəfər civarındadır.

İraq

İraq türkmənləri Kərkük şəhərini bu ay tərk etdikdən sonra.

Onların əksəriyyəti müsəlmandır və təxminən bərabər şəkildə şiə və sünnilərə ayrılırlar. Onların arasında katolik olan azlıq da var.

Türkmənlər öz dil və adətlərinə malikdirlər. Onlar əsasən ərəb və kürd regionunun sərhədi boyunca – Ninəva (əsasən Tel Afar), Kərkük və Diyalə əyalətlərində, həmçinin İraqın başqa yerlərində məskundurlar.

Kürd regionu və mərkəzi hökumət arasındakı münaqişədən əzab çəkən türkmənlər, həm də cihadçı hücumlara hədəf olurlar.

Tel Afar əyalətinin İslam Dövləti - İŞİD tərəfindən işğalı nəticəsində şəhərin 250 minlik əhalisinin əksəriyyəti kürd regionuna qaçıb.

Sabiyə mandeyləri

Sabiyəlilər Mesopotamiyanın avtoxton sakinləri sayılırlar və köklərinin aramilərə gedib çıxdığı düşünülür. Bu gün onların icması, mədəniyyət və dili yox olmaq həddinə çatıb.

Sabiyələr

Sabiyələr təmizləmə ritualında iştirak edir.

Bütün xristianlar kimi mandeylər də Bəəs zəmanəsində müəyyən azadlıq və mühafizəyə malik olublar. Lakin 2003-cü ilin hərbi müdaxiləsindən sonra onların 90 faizi İraqı tərk edib.

Mandeylərin, elmdə mandeizm kimi tanınan dinləri onlardan xaçaçur məqsədləri üçün təmiz təbii su mənbələrinə yaxın yaşamağı tələb edir. Bunun nəticəsində onlar tarixən İraqın cənubundakı qamışlıq ərazilərdə və Bağdadda sakin olublar.

Qorunmaq üçün heç bir tayfaları və silahlı dəstələri olmayan pasifist mandeylərin çoxu təhküsizlik ümidi ilə Ninəva və kürd regionu da daxil, şimali İraq ərazilərinə köç ediblər.

Lakin onların “kitab əhli” (öz dini kitablarına malik) kimi statusları mübahisəli olduğundan dini ekstremistlərin təhdidlərinə hədəf olmaqda davam edirlər.

/BBC/


Müəllif: