“İŞİD lideri Bağdadi Suriyada 200 nəfərlik ordu ilə gəzir. Avtomobilinin içində 7-8 adam olur. O, heç vaxt tək gəzmir. Televiziyada çıxış edən Bağdadi deyildi. O, televiziyaya çıxacaq qədər cürətli deyil”.
Axar.az Habertürk-ə istinadən xəbər verir ki, 27 yaşlı Ömər fevralda sərhədi keçərək Suriyada İŞİD-ə qoşulub. O, Suriyada gördüklərini qəzetin əməkdaşlarına danışıb.
Əkiz uşaqları olan Ömər bir il əvvəl narkotik qəbul etməyə başlayıb. O, işdən çıxıb, ailəsini atıb. Sonra İŞİD üzvləri ilə tanış olub. Ömərə "şəriət, cihad, Allah" deyib, Suriyaya aparmaq istədiklərini bildiriblər.
O, fevralda gecə ikən sərhədi keçib. Sərhəddə Əl Qaidənin adamları Öməri sorğu-sual ediblər. Daha sonra onu Suriyanın Rakka şəhərinə gətiriblər. O, burda 15 gün döyüş təlimi alıb. Komandiri türk olub. Daha sonra döyüşlərdə iştirak etməyə göndəriblər. Sabahkı gün ilk döyüşdə vuruşub. Həmin gün onun yanında 3 nəfəri edam ediblər. Onlardan biri ölümə getsə belə, Ömərə baxıb gülür.
Ömərin sözlərinə görə, İŞİD baş kəsərək insanları qorxudur:
“Hətta 14 yaşındakı uşaq belə baş kəsir. Ola bilsin, ona qəbul etmək üçün həb verirlər. İnsanları robot halına gətirirlər. 3-4 dəfə belə hadisəyə şahid oldum. Mənim də adam öldürdüyüm oldu. Qarşıdurmaya gedəndə 150, aylıq isə 245 dollar verirdilər”.
Ömərin sözlərinə görə, İŞİD lideri Bağdadi Suriyada 200 nəfərlik əsgərlə gəzir. Avtomobilinin içində 7-8 adam olur. Bağdadi heç vaxt tək gəzmir. Onun sözlərinə görə, televiziyada çıxış edən Bağdadi deyil. Ömər Bağdadinin televiziyaya çıxacaq qədər cürətli olmadığını, onun arxasındakı ən böyük gücün İsrail olduğunu hesab edir.
Xəbərdə bildirilir ki, İŞİD-in qırğınları onu bezdirib. Komandir onun qohumu olduğu üçün geri dönməyi problem olmayıb. O, may ayında Türkiyəyə qayıdıb.