16 May 2021 14:37
3 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında vəziyyətin kəskinləşməsi ilə əlaqədar ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Binyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abasla telefon danışıqları aparıb.

Teleqraf.com xəbər verir ki, Bayden telefon danışığı zamanı İsrailin “Həmas” yaraqlılarının raket hücumlarına qarşı özünümüdafiə hüququnun olduğunu bildirib və bu hücumları qınayıb.

Prezident qeyd edib ki, münaqişədə İsrail və Fələstin vətəndaşları həyatlarını faciəvi şəkildə itirirlər. O, jurnalistlərin təhlükəsizliyindən narahatlığını dilə gətirib və onların qorunmasının təmin edilməsinin vacibliyini vurğulayıb.

Netanyahu Baydenə İsrailin “Həmas”la əlaqəsi olmayanlara zərər verməmək üçün hər şeyi etdiyini bildirib.

Netanyahu İsrailin hədəfinə çatana qədər əməliyyatların davam etdiriləcəyini söyləyib.

Bayden Mahmud Abbasla da Qüds və İordan çayının qərb sahilindəki gərginlikdən danışıb. O, Qüdsü bütün dini etiqad və xalqlar üçün dinc yanaşı yaşayış yerinə çevrilməsində maraqlı olduğunu Fələstin liderinin diqqətinə çatdırıb.

Prezident İsrail-Fələstin münaqişəsinin ədalətli və davamlı həllinə nail olmağın ən yaxşı yolunun iki dövlətin razılaşmasından keçdiyini bildirib.

Abbas İsraili Fələstinə müdaxilədə ittiham edib və deyib ki, buna son qoyulması üçün ABŞ rəhbərliyi prosesə müdaxilə etməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu