11 Noyabr 2023 10:40
1 922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron İsraili Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları dayandırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, Fransa lideri atəşkəsin İsrailin xeyrinə olacağını deyib.

Fransanın HƏMAS-ın hücumlarını açıq şəkildə pislədiyini xatırladan Makron ABŞ və Böyük Britaniya kimi bəzi ölkələrin münaqişələrdə humanitar fasilənin tərəfdarı olduqlarını, amma atəşkəs çağırışlarına qoşulmadıqlarını bildirib.

“Ümid edirəm ki, atəşkəsə çağıracaqlar”, - Makron əlavə edib.

Atəşkəsin yeganə həll yolu olduğunu vurğulayan Fransa prezidenti İsrailin beynəlxalq qaydalara əməl edib etmədiyi sualına belə cavab verib: “Mülki insanlara hücuma heç bir bəraət qazandırmaq olmaz”.

Makronun “İsrail beynəlxalq humanitar hüququ pozurmu” sualına isə cavabı belə olub:

“Bir tərəfdaş və dost olaraq deyirəm: terror hadisəsindən bir ay sonra bu şəkildə öhdəsindən gəlməyə çalışsanız, günahkar və qınanılan siz olacaqsınız. Bu gün dinc sakinlər bombalanı, körpələr, qadınlar, qocalar bombalanır, öldürülür. Bunun heç bir əsası və legitimliyi yoxdur. Buna görə də İsraili dayanmağa çağırırıq. Mən hakim deyiləm, dövlət başçısıyam, hamıya beynəlxalq hüququ xatırladır və atəşkəsə çağırıram”.

Makron əlavə edib ki, İsrailin Qəzzanı bombalaması münaqişənin uzanmasına səbəb olub.

İsrail Baş naziri Benyamin Netanyahu Fransa prezidentinin atəşkəs çağırışına cavab verib.

“Mülki əhaliyə dəyən hər hansı ziyana görə məsuliyyət İsrailin yox, HƏMAS-ın üzərinə düşür. Dünya liderləri İsraili yox, HƏMAS-ı qınamalıdırlar”, - Netanyahu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər