Tayvanda prezident seçkisində qələbə qazanan hakim Demokratik İnkişaf Partiyasından 64 yaşlı lideri Lay Sinde adanın “müstəqillik siyasəti”ndən geri çəkilməyəcəyini açıqlayıb. O, adanın status-kvosunun davamını dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri hesab edirlər ki, Sindenin qələbəsi gözlənilən idi:
“Pekindən ilk reaksiya gəlib, Çin müdafiə naziri Çan Syaoqan bəyan edib ki, Tayvanın müstəqilliyi qəbuledilməzdir. Tayvanda parlament seçkisində isə cüzi səs çoxluğu ilə Çinlə dialoqun tərəfdarı olan siyasi partiyalar qələbə çalıb. Adanın lideri gələcək siyasətində bu amili nəzərə almalıdır.
Buna baxmayaraq, Pekinlə Tayvan arasında dialoqun mümkünlüyü şübhə doğurur. Hakim Demokratik İnkişaf Partiyası adanın müstəqil siyasətinin, ABŞ-la tərəfdaşlığın gücləndirilməsinin, o cümlədən Tayvanın hərbi gücünün artırılmasının tərəfdarıdır. Bu siyasət Çinin maraqlarına ziddir. Belə görünür ki, Çin lideri Si Cinpinin Lay Sinde ilə dialoqu alınmayacaq. Halbuki Cinpin yumşaq gücdən istifadə edərək adanı Çinə birləşdirməyə çalışır. Məsələn, Çin ada ilə ticarəti, turizm əlaqələrini gücləndirmək istəyir. Pekin Tayvana birgə iqtisadi zona yaratmağı da təklif edib. Ancaq Sindenin qələbəsi ada ilə Pekin arasında əməkdaşlıq imkanlarını heçə endirir.
ABŞ Prezidenti Co Bayden Tayvandakı seçkilərdən sonra yenə bəyan edib ki, Vaşinqton əvvəlkitək “Vahid Çin” konsepsiyasını dəstəkləyir. Bu açıqlama Pekini sakitləşdirmək üçündür. Buna baxmayaraq, Vaşinqton Tayvanın Çinə birləşdirilməsinin əleyhinədir. Çində hesab edirlər ki, ABŞ-nin dəstəyi olmadan Tayvan birləşməyə müqavimət göstərə bilməz. Cinpin hakim Kommunist Partiyasının son qurultayında bəyan etmişdi ki, birləşmə danışıqlar yolu ilə alınmasa, Pekin başqa üsullardan istifadə edəcək, yəni ordunun imkanlarından faydalanacaq”.
“Atlas”ın ekspertləri Çinin Tayvanı zorla birləşdirməyə risk etməyəcəyi qənaətindədirlər:
“Adanın zorla birləşdirilməsi Pekinə xeyli problem yaradacaq. Birincisi, bu, regional müharibəyə səbəb olacaq, xeyli canlı itki olacaq. İkincisi, Vaşinqton və Brüssel Çinə qarşı sərt sanksiyalar tətbiq edəcəklər ki, bu, Çin iqtisadiyyatına mənfi təsir edəcək. Üçüncüsü, Çinin qonşu ölkələrlə münasibətləri daha da gərginləşəcək. Çünki ABŞ ilə bərabər qonşu ölkələr də Tayvanın Çinə zorla birləşdirilməsinin əleyhinədir. Məsələn, Yaponiya bunu istəmir. Tokio Tayvanın Çinə birləşməsi nəticəsində Pekinin adanın yaxınlığından keçən ticarət gəmilərinə nəzarət edəcəyindən narahatdır.
Böyük Britaniya xarici işlər naziri Devid Kemeron da Çindən ehtiyat edilməsinin vacibliyini bildirib. Kemeron buna misal kimi, vaxtilə Çinə birləşdirilən Honq-Konqda vəziyyətin gərginləşməsini və Sintzyan bölgəsində uyğurlara zorakılığı göstərib.
Avropa Birliyi Tayvanda keçirilən seçkiləri alqışlasa da, ada ətrafındakı ümumi vəziyyətlə bağlı narahatlığını da bəyan edib. Brüsselin bəyanatına görə, boğazda sülh və sabitlik təkcə region üçün yox, bütün dünya üçün vacibdir. Bununla Brüssel Pekini xəbərdar edib ki, zorla birləşdirilmə bölgədə vəziyyəti gərginləşdirəcək, bu halda Avropa Birliyi Çinə qarşı sərt sanksiyalar tətbiq edəcək”.