28 Yanvar 14:12
5 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Konqresə 23 milyard dollar dəyərində 40 ədəd F-16 döyüş təyyarəsi və F-16 modernləşdirmə dəstinin satışını təsdiqlədiyini rəsmi olaraq bildirdikdən sonra Amerika Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən mövzu ilə bağlı açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, agentlik bu mümkün satışı bildirən sənədi Konqresə təqdim edib.

Açıqlamada qeyd olunub ki, Türkiyə 32 ədəd “F-16 C Block 70" və 8 ədəd “F-16 D Block 70” təyyarəsi, eləcə də hazırda istifadə etdiyi 79 ədəd F-16-nı "Viper" konfiqurasiya ilə modernləşdirmək üçün müvafiq avadanlıq alacaq.

Satışa bir çox texniki avadanlığın daxil edildiyi vurğulanan açıqlamada ümumi satışın təxminən 23 milyard dollar dəyərləndirildiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, Konqresə təklif edilən bu satış NATO müttəfiqi Türkiyənin hava imkanlarını və alyansla əməkdaşlıq potensialını yaxşılaşdırmaqla yanaşı, ABŞ-nin xarici siyasət hədəfləri və milli təhlükəsizliyini dəstəkləyəcək.

“Bu, Türkiyəyə F-16 təyyarə parkını genişləndirməyə və modernləşdirməyə imkan verəcək”, - agentlik əlavə edib.

Türkiyə və ABŞ arasındakı anlaşmanın əks-sədası Yunanıstan mətbuatından gəlib. ABŞ-nin Türkiyəyə F-16 satışına icazə verməsi ölkədə narahatlıq yaradıb.

“Ta Nea” qəzeti Afinanın ABŞ Dövlət Departamentinə məktub göndərdiyi və türk ordusunun yeni təyyarələrdən Yunanıstana qarşı istifadə etməməsini istədiyini yazıb. Yunan nəşri ABŞ-nin Türkiyəyə F-16 satmasına Prezident Rəcəb Tayyib Ərdoğanın anti-İsrail siyasəti və Rusiya ilə yaxın münasibətlərinə görə "Bunu necə edə bilərlər?" reaksiyasını verib.

“Ethnos” bununla Türkiyənin hərbi aviasiyasının “Viper” səviyyəsinə yüksələcəyini yazıb. "Viper" səviyyəsi son model F-16-ları təmsil edən konsept kimi istifadə olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər