31 Yanvar 12:39
10 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hökuməti son illərdə Çinlə əməkdaşlığı gücləndirib. Qarşılıqlı səfərlərin sayı artıb. Gürcüstan nümayəndə heyəti bir müddət əvvəl Çinə səfər edərək çinli həmkarlarıyla Orta dəhliz layihəsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, Gürcüstan bu nəqliyyat dəhlizinin qısa müddətdə reallaşmasını istəyir:

“Əlbəttə, bu, yalnız Gürcüstan hökumətinin istəyindən asılı deyil. Proje bölgənin bir çox dövlətinin marağındadır. Önəmli olan Pekinin Orta dəhliz layihəsinin reallaşması istiqamətində addımların atılmasıdır.

Gürcüstanın hakim “Gürcü arzusu” Partiyasının sədri və baş nazir kürsüsünə gətirilən İrakli Kobaxidze Pekindəki görüşlərində strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Tbilisi Çinin Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsindən məmnundur. Bunda qeyri-adi heç nə yoxdur. Çin Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq, Pekin Ukraynanı parçalamağa çalışan Rusiya ilə strateji tərəfdaşlığını daha da gücləndirib.

Çin Gürcüstana yatırımlarını artırıb. Ticarət mübadiləsinin həcminə görə Çin Gürcüstanın siyahısında dördüncüdür. İki ölkə 2017-ci ildən azad ticarət barədə razılaşma əldə edib. Çin Gürcüstanın Qara dənizdəki limanlarında pay sahibidir, eləcə də bu ölkədə hidroelektrik stansiyaların tikintisinə yatırım qoyub”.

Məqalədə vurğulanır ki, Gürcüstanda Çinlə iqtisadi sahədə əməkdaşlıqdan narazı qalanlar da var:

“Müxalifət və bir qrup ekspert hesab edir ki, Gürcüstanın Çindən artan asılığı Tbilisini Qərb və Avroatlantik inteqrasiyadan uzaqlaşdırır. Gürcü müxalifəti hakim partiya rəhbərliyinin Çinə səfərini də tənqid edib. Müxalifət təmsilçilərinin fikrincə, “Gürcü arzusu” ölkənin maraqlarından çox lideri Bidzina İvanişvilinin maraqlarına xidmət edir. Qərbin sanksiyalarından ehtiyat edən İvanişvilinin maliyyə resurslarının bir hissəsini Çində yerləşdirdiyinə dair xəbər var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər