6 Yanvar 10:05
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kömək Kredit İttifaqı” MMC-nin rəhbəri Aydın Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Şaiq Hüseynov ifadə verib.

Şaiq Hüseynov bildirib ki, bankdan adına 10 min manat kredit götürülüb. O söyləyib ki, təqsirləndirilən şəxsi tanımayıb. Onun sözlərinə görə, bu barədə müstəntiq ona deyəndə xəbər tutub.

Digər şahid Sünbül Muradovanın sözlərinə görə, bankdan onun adına 2015-ci ildə 15 min manat pul götürülüb. O, bank sənədlərində olan imzanın ona məxsus olmadığını deyib.

Şahid İntiqam Əliyev bildirib ki, bankdan 15 min manat pul götürülüb. Onun sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılanda adına kredit götürüldüyünü bilib.

Qeyd edək ki, “Kömək Kredit İttifaqı” MMC-nin rəhbəri barədə İqtisadiyyat Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla həmin qurumun təsisçisi və direktoru olmuş Hüseynov Aydın İsa oğlunun 2012-2016-cı illər ərzində müxtəlif şəxslərin adlarına saxta kredit müqavilələri tərtib etməklə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus 1 milyon manatdan artıq pul vəsaitini sahibkarlara güzəştli kredit verilməsi adı altında mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq dövründə vurulmuş ziyandan 514 min manatının ödənilməsi təmin edilib, həmçinin müstəntiqin qərarı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus müxtəlif daşınmaz əmlakların üzərinə həbs qoyulub.
Toplanmış sübutlar əsasında Aydın Hüseynova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər