Müharibənin ilk günlərində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışdım, Rusiyanın ölkəsinin ərazisindən Ukraynaya raket hücumlarına görə üzr istədi, hətta cavab olaraq Mozır neft emalı zavodunu vurmağı təklif elədi.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bir neçə gün sonra, müharibənin ilk günlərində Lukaşenko ilə telefonla danışdım, üzr istədi. Söylədi ki, bu mən deyiləm, sadəcə, mənim ərazimdən raketlər atılıb, Putin atıb. Bu, onun sözləridir, şahidlərim var. Mənə dedi ki, inanın mənə, Volodya, bu mən deyiləm, buna mən nəzarət etmirəm, Putinin raketləridir.
Mən ona cavab verdim ki, o qatildir. O isə mənə söylədi ki, başa düş, ruslarla döyüşə bilməzsən. Mən də ona dedim ki, davanı edən biz deyilik, raketlər sizin torpağınızdan, Belarusdan atılıb, buna necə icazə verdiniz? Onun mənə nə dediyi hələ də yadımdadır, söylədi ki, onda cavab ver, Mozır neft emalı zavodunu vurun”, - Ukrayna lideri bildirib.