ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma Gürcüstana səfərini təxirə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
PA sədri bildirib ki, bu barədə qərarı müzakirələrdən sonra qəbul edib.
"Gürcüstana səfərimi ATƏT PA-nın fəaliyyətinin ən təsirli olacağı vaxta qədər təxirə salmaq qərarına gəldim. Biz bütün səsləri dinləməyə və ATƏT DTİHB-nin seçki tövsiyələrinin həyata keçirilməsində yardım təklif etməyə hazırıq", - P.Kauma yazıb.
Qeyd edək ki, P.Kaumanın yanvarın 8-də Gürcüstana səfəri planlaşdırılmışdı. Müxalifət və sabiq prezident Salome Zurabişvili səfərin təxirə salınmasına çağırış etmişdilər.
***
12:03
ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kaumanın yanvarın 8-də Gürcüstana səfər edəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, yanvarın 10-dək davam edəcək səfər çərçivəsində onun Gürcüstan hakimiyyətinin nümayəndələri ilə görüşləri planlaşdırılır.
Gürcüstan müxalifəti ATƏT PA sədrinin gözlənilən səfərini böyük narazılıqla qarşılayıb.
Müxalif təşkilatlar — “Dəyişikliklər naminə koalisiya”, “Birlik - Milli hərəkat”, “Güclü Gürcüstan” koalisiyası və “Gürcüstan naminə” partiyası P.Kaumaya açıq məktubla müraciət ünvanlayaraq ona səfəri təxirə salmağı tövsiyə ediblər.
Məktubda bildirilib ki, səfər yalnız yeni seçkilərə hazırlıq prosesinə və aksiyalar zamanı həbs olunanların azadlığa buraxılmasına töhfə verəcəyi təqdirdə məqsədəuyğun hesab ediləcək.