Yanvarın 15-də Gürcüstanda üç saatlıq ümumi tətil elan edilib.
Teleqraf.com xəbər verir ki, xəbərdarlıq xarakteri daşıyacaq aksiyanın saat 15:00-da başlayacağı və üç saat davam edəcəyi gözlənilir.
Tətilin təşkilatçısı “Protest 24” platformasının yaydığı məlumatda bildirilib ki, aksiyanın məqsədi ölkənin təcriddə üzləşəcəyi mənfi nəticələri göstərməkdir. Qeyd olunub ki, təhlükələrdən xilasın yeganə yolu yeni seçkilər və aksiyalarda saxlanılanların azad edilməsidir.
“Protest 24” platforması işəgötürənləri və işçiləri tətilə qoşulmağa dəvət edib.
Xatırladaq ki, Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyi ilə bağlı noyabrın 28-də elan etdiyi qərardan sonra ölkədə etirazlar baş qaldırıb. Bu gün aksiyaların 40-cı günüdür.
Etirazçılar bu gün axşam yenidən Tbilisinin mərkəzində toplaşacaqlar. Analoji aksiyalar Batumi, Kutaisi və Zuqdidi şəhərlərində də təşkil olunacaq. İştirakçılar bugünkü aksiyalarda Gürcüstanda sabah qeyd olunacaq Milad bayramını keçirəcəklərini bildiriblər.