"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- 2024-cü il Azərbaycanla Ermənistan arasında sülh istiqamətində bəlli bir məsafə qət edildi. Hər iki tərəf razılaşmanın 80 faizinin həll edildiyini açıqladı. Bunun fonunda 2025-ci ildə yekun sülh razılaşmasının əldə edilməsi ehtimalı varmı?
- Danışıqlar Azərbaycanın istədiyi istiqamətdə gedir. Kimsə də düşünə bilməz ki, Azərbaycan Ermənistandan daha çox sülh müqaviləsinin imzalanmasını istəməlidir. Mövcud vəziyyət də göstərdi ki, 2020 və 2024-cü illər ərzində Ermənistan danışıqları uzatdı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Amma Azərbaycan bir o qədər də tez və çevik şəkildə məqsədlərinə çatdı. Vətən müharibəsindən sonra Qarabağın dağlıq hissəsində baş verənlər buna misaldır. O zaman da 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanat var idi. Ermənistan bu bəyanatla üzərinə öhdəliklər götürmüşdü. Məhz bu öhdəlikləri Ermənistanın yerinə yetirməməsi və bunun fonunda Qarabağın dağlıq hissəsindəki status-kvonun gələcəyə qalması düşüncələri vardı. Bunun isə nə ilə nəticələndiyini hər kəs gördü. Beləliklə, Qarabağın dağlıq hissəsində və şərti sərhədlərdə Azərbaycan istəyinə çatdı. Nəticədə, Azərbaycan bayrağı bütün sərhədlərində və ərazilərində ucaldıldı.
- Prosesin uzanması hər iki tərəf üçün nə vəd edir?
- Sülh danışıqları hazırda davam etməkdədir. Amma burada da vəziyyət Ermənistanın ziyanına işləyir. Azərbaycan prosesin uzanması fonunda yeni dividendlər əldə etməkdədir. Məhz ilin yekununda da məlum oldu ki, Azərbaycanın şərti sərhəddə Ermənistan tərəfindən yerləşdirilmiş Avropa İttifaqının “missiyası”nın, faktiki olaraq NATO nümayəndələrinin çıxarılması tələbləri də yer alıb. İndiyə qədər bu tələb yox idisə, indi belə bəyanat var.
- Bakının növbəti mərhələdə əsas tələblərinə nələr əlavə oluna bilər?
- Sözsüz ki, prosesin uzanması fonunda Azərbaycan şərti sərhəddə yaxın ərazilərdən Ermənistanın ağır artilleriyasının çıxarılması, yəni demilitarizasiya ilə bağlı tələblərinin olması mümkündür. Ona görə də anklavlar və şərti sərhədyanı ərazilərlə bağlı tələskənliyə ehtiyac yoxdur. Azərbaycan addım-addım tarixi torpaqlarına qovuşmaq üçün işlər görür.
- Ötən il Nikol Paşinyanın Qarabağla və ATƏT-in Minsk Qrupu ilə bağlı etirafları danışıqlar prosesinə necə təsir edə bilər?
- Paşinyan əslində, daxili auditoriyanın hazırlanması ilə məşğuldur. Daxildə ona qarşı olan qüvvələr və qruplara qarşı mübarizə kontekstində belə bir bəyanatlar verilir. Çünki ona qədər mövcud olmuş siyasi hakimiyyətlər danışıqlarda heç də Qarabağın “müstəqil” olması və yaxud Ermənistana birləşdirilməsi ilə bağlı heç bir müzakirə aparmayıb. Bütün danışıqlarda Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edilib. Amma “Qarabağ Ermənistandır nöqtə” ifadəsinin də müəllifi elə Paşinyanın özüdür. Bu halda onun yeni manevr cəhdləri özünü daha aydın göstərir. Çalışır özünü sudan quru çıxartsın.
- Ermənistanın prosesləri uzatmaqda, gözləmə mövqeyi tutmaqda məqsədi nədir?
- Rəsmi İrəvan ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiyaya qarşı hansı mövqe tutacağını və davranışlarını ona uyğun atmağı planlaşdırır. Sözsüz ki, Azərbaycan tərəfinin bu kimi yanaşmalara qarşı çevik reaksiyası var və olacaq. Paşinyan üçün çıxış yolu ölkə konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını və Minsk Qrupundan imtinanı tezləşdirməkdir. Eyni zamanda o, Bakının tələblərini daha tez yerinə yetirməlidir. Bu halda Paşinyan öz xalqının qarşısına xilaskar kimi çıxa biləcək.