12 Sentyabr 2017 09:57
5 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com şair Qismət Rüstəmovla müsahibəni təqdim edir.

– Qismət bəy, yarızarafat bir sual vermək istəyirəm. Demək olar ki, bütün müsahibələrinizdə kitablardan danışmısınız. Bu, çox gözəldir. Amma olarmı bu dəfə kitabdan yox, həyatdan danışasınız? Yoxsa kitab da elə həyatdır?

– Çinarə xanım, bəri başdan bir məsələni deyim, keçək söhbətimizə. Bu müsahibə çox güman ki, qeyri-müəyyən müddətə mənim mətbuatdakı sonuncu müsahibəm olacaq. Çünki bundan sonra qonorarsız müsahibə vermək, sorğu cavablandırmaq, münsif olmaq, tele-kanalda qonaq, ekspert qismində iştirak etməkdən imtina edirəm. Əgər dediklərimizin, yazdıqlarımızın bir dəyəri, əhəmiyyəti varsa, qoy buna adekvat da münasibət olsun. Xaricdən adama sorğu göndərirlər, iki şeirini çap edirlər, sonra yazırlar ki, lütfən, bank hesabınızı deyin, 6-7 cümləlik cavab vermisən, baxırsan, hesabına pul köçürüblər. Mən “Sim-sim”də daha sorğunu yığışdırmışam, nə vaxt qonorar verə bilsəm, təzədən sorğunu bərpa edəcəm. Bizdə ədəbiyyatçıya, ədəbiyyatçı sözünə çox tərbiyəsiz, hörmətsiz bir münasibət formalaşdırıblar, bundan xilas olmasaq, heç nə düzələn deyil.

İndi isə keçək suala. Kitablardan danışmaq və kitablar vasitəsilə danışmaq mənim özünifadə üsulumdur. Amma həyati bir fraqment də yadıma düşür, elə kitabla bağlıdır. Təxminən, 5-6 il bundan qabaq sonuncu vaqonla evə gedirdim. Qatar “Bakmil”ə getdiyi üçün hamımız “Nərimanov”da düşdük. Elə oldu ki, 15-20 dəqiqə qatar gəlmədi və platoformaya xeyli adam yığışdı. Narazılıq başladı. Biri dispetçer qadını hədələyir, biri qışqırır, bir topa adam da bərkdən gülüşürdü. Mən də bir sütuna söykənib kitab oxuyurdum, birdən narazı vətəndaşlardan biri məni yanındakı dostuna göstərib bərkdən dedi ki, buna bax, qatar gecikir, bu da burda kitab oxuyur. Bu hadisənin üstündən illər keçib, amma hələ də özümü tez-tez həmin metro platformasında hiss edirəm...

– Bizdə tez-tez işlədilən bir ifadə var: şair taleyi. Bu ifadəyə münasibətiniz necədir və siz bu taleyi yaşadığınızı hiss edirsinizmi?

– “Şair taleyi” ifadəsi bizdə daha çox “faciəvi aqibət” sözünün sinonimi kimi işlənir. Yəni keşməkeşli, təbəddülatlı, tragik həyat və mütləq mənada faciəvi sonluq. Bu, romantik obrazıdır, dünyada da xeyli parlaq nümunəsi var. Mənimki yəqin ki, daha çox estetik tənhalıqla bağlıdır...

– Digər cavan yazarlarla müqayisədə xeyli təmkinli, soyuqqanlısınız. Hadisələrə hislərinizlə deyil, daha çox məntiqlə yanaşırsınız. Bu tərbiyəni hardan, kimdən almısınız?

– Gözümü açıb içində böyüdüyüm mühit məni belə formalaşdırıb. Həm atamın, həm də anamın atası – babalarım uzun illər ən müxtəlif şəhərlərdə, rayonlarda prokuror işləyiblər. Bizim evdə də, babalarımgildə də böyük kitabxana vardı və bunlar dekor, süs əşyası deyildi. Uşaqlıq yaddaşımdakı ən parlaq görüntü hərəsi bir küncə çəkilib kitab oxuyan insan görüntüsüdür. Bizim evdə həmişə ən sonuncu çıxan kitablar, ən yeni çıxan musiqi albomları, film kasetləri olardı. Əslində, mən uşaqlıqda çox emosional, impulsiv, dəcəl və hədsiz çox ərköyün olmuşam, yəqin ki, əksər uşaqlar kimi. Amma böyüdüyüm mühit elə idi ki, bir tərəfdən səhərə qədər çəkən böyük qonaqlıqlar, məclislər olurdu və bu dəcəllik üçün əla fürsət idi, bir tərəfdən isə əvvəl-axır hərlənib-fırlanıb ləzzətlə kitab oxuyan adamların sükutuna qayıtmalı olurdun...

– Bir qızınız var. Dəfnə... Allah saxlasın. Ata olmaq necə hisdir?

– Çox sağ olun, bütün balaları Allah saxlasın. Gözəl hisdir. Vaxtilə valideynlərinin sənin üçün çəkdiklərini anlamaqdır, övladının cizgilərində, gülüşündə, ağlamağında bir anlıq öz uşaqlığına zamanda səyahətdir, insanı sevməyi anlamaqdır. Təzə-təzə səhərə qədər dəfələrlə gedib yoxlayırdım ki, görüm nəfəs alırmı? İndi harda yıxılıb ağlayırsa, həmin yeri söküb başdan-ayağa yumşaq şeylərlə döşəmək istəyirəm...

Bildiyimizə görə, sizin əvvəllər Allahın varlığı ilə bağlı ciddi şübhələriniz olub, sonra isə bu şübhələr aradan qalxıb.

– Tələbəlik illərində ateizm, deizm, aqnostisizm arasında vurnuxurdum. Qəribə səslənməsin, bu düşüncəyə gəlməyimə səbəb dini kitablar idi. Dini kitabların hökm kimi dedikləri ilə gerçəklik arasında, dünya arasında böyük uyuşmazlıq vardı və bu məni inkara gətirib çıxarmışdı...

– Bəs sonra necə oldu?

– Sonradan dinlərin tarixini, mifoloji sistemlərdən dinlərə keçənləri oxuduqca, qənaətlərim dəyişdi. Qısaca belə deyim, mənə görə, müqəddəs deyilən kitabların heç bir göylərdən gəlməyib, onlar tamamilə insan sözüdür, əsrlər boyu müxtəlif interpretasiyalarla, yozumlarla onların ilahiliyini sübut etmək, qorumaq istəyi insanın xeyrinə yox, ziyanına işləyib. Paradoksal səslənə bilər, bunu başa düşəndən sonra Allahla inancım möhkəmləndi, heç bir sualım qalmadı. Bunun izahı bir müsahibənin ölçülərini aşar, bəlkə nə vaxtsa yazdım.

– Deyirsiniz ki, müqəddəs deyilən kitabların heç biri göydən gəlməyib, onlar tamamilə insan sözüdür. Təbii, bu fikir Qurana da aid edilir. Bəs sonra insan niyə bu cür kitablar yaza bilmədi?

– Ortodoks dindarlar belə düşünürlər. Səbəb sadədir, çünki din deyir ki, islam peyğəmbəri ilə peyğəmbərlik zənciri bağlandı, yəni daha yer üzünə peyğəmbər gəlməyəcək, deməli, dini kitab da göndərilməyəcək. Amma ictimai-siyasi formasiyaya uyğun olaraq cəmiyyəti tənzimləmək, əxlaqı sabitliyi yaratmaq, ictimai asayişi qorumaq üçün insan sonralar da çoxlu kitablar yazıb, qanunlar yaradıb: konsitutsiyalar, cinayət məcəllələri, azadlıq bəyannamələri, eyni zamanda da bədii əsərlər. Mənə görə, sözün dini yox, əxlaqi mənasında "Don Kixot" da, "Hərb və Sülh" də müqəddəs kitablardır.

– Adətən, valideynlər istəyir ki, övladları xaricdə oxusun, xarici dil öyrənsin, xaricdə işləsin... Siz də beləsiniz? Övladınızın gələcəyini Azərbaycanda görürsünüzmü?

– Təəssüf ki, görmürəm. Gələcək gözəl, ağıllı adamların iştirak etdiyi böyük bir ziyafətdir, Azərbaycan bəzənib-düzənməyə başı qarışdığı üçün həmişə həmin ziyafətin ya axırına çatır, ya da vaxtını səhv salır.

Bir müddət Odlar Yurdu Universitetində dərs demisiniz. Bəs sonra niyə müəllim olmaq istəmədiniz?

– “Odlar Yurdu”, “Xəzər”, “Qafqaz”, bir də “Bakı Slavyan”dakı dekanlıq. Altı il auditoriyalarda olmuşam, sevdiyim iş idi, amma həm bizim təhsil sistemi, müəllimə verilən maaş, həm də tələbələrin elmə münasibəti məni həvəsdən saldı. Müəllimlər bizim cəmiyyətdə ən aşağı standartlarla işləyir. Müəllimin təkcə öz sahəsi ilə bağlı yeni çıxan kitablara xərcləməli olduğu pulu ona aylıq maaş kimi verirlər. Müəllim daim konfranslarda iştirak etməlidir, bir ölkədən danışırsa, o ölkəni bir neçə dəfə görməlidir və s. Bunlar elementar standartlardır, çoxdan həll olunmalıydı. Bizə öz maaşımızı minnətlə verirlər, elə bil, öz haqqımızı almırıq, borc istəməyə gəlmişik...

– Həyat yoldaşınız İlahə xanıma xeyli şeir həsr etmisiniz. Sevginizi bir şeirə sığdırmaq mümkün olmadımı?

– Müxtəlif ovqatlarda yazılan şeirlərdir, amma həmin şeirlərin bəzi fraqmentlərini çıxmaq şərtilə, hələki heç biri ürəyimcə deyil, yəqin nə vaxtsa daha yaxşısını yazaram.

– Xanımınız sizin haqqınızda danışarkən deyir ki, Qismətin ən böyük arzusu butik bir mətbəə açmaqdır. Bu arzunu reallaşdırmaq çoxmu çətindir?

İndiki şəraitdə nəinki çətin, hətta qeyri-mümkündür. Bir az özündən razılıq kimi səslənəcək, amma birinci və sonuncu dəfə olmaq şərtilə deyim, Azərbaycanda kitabın nə olduğunu, necə olmalı olduğunu bilən iki-üç nəfər varsa, onun biri mənəm. Amma kitabla bağlı beynimdəki ideyaları ildən-ilə dəfn etməklə məşğulam. Əvvəllər danışardım ki, heç olmasa əlində səlahiyyət olanlar nəsə eləsin, sonra gördüm ki, alınmır, bu iş zövq işidir, sevgi işidir. Hər işimiz belədir: bilgisi, sevgisi, zövqü olanların imkanı yoxdur, imkanı olanların isə sevgisi...

– Sizcə, elə bir şair gələcəkmi ki, şeirlərində darıxmaq sözü olmayacaq?

– “Darıxmaq” sözü artıq çox tiftikləndi, ədəbi al-ver predmetinə çevrildi, buna görə də haqlı olaraq artıq ikrah doğurur. Dünyada tamam başqa proseslər gedir, böyük şairlər var ki, bizim dilə tərcümə olunmayıb. Yaxın günlərdə dövrümüzün böyük şairlərdən olan Con Eşberi vəfat elədi. Mən türk dilində oxumuşam onu. “Çıxıntılı aynada avtoportret” şeir toplusu “Pulitser” mükafatı alıb, son illər adı Nobelə namizədlər içində də hallanırdı, bizim dildə bir misrası da yoxdur, amma vəfatı xəbərini verdik.

– Qismət bəy, istədiyiniz vaxt şeir yaza bilirsiniz? Yoxsa nəsə sizi təsirləndirməlidir.

– Texniki baxımdan istənilən vaxt yazmaq mümkündür. Mənim yazı metodum belədir ki, mənə təsir edən, maraqlı gələn bir ideyanı, misranı, fikri, düşüncəni içimdə uzun müddət gəzdirəndən sonra yazıram. Fikrimcə, nə qədər əndrabadi donlar geyindirsək də, yaradıcılıq konsentrasiya məsələsidir.

– Nabokovun mühazirələrini tərcümə etmisiniz, kitab da çap olundu. Bədii ədəbiyyatın oxunmadığı bir cəmiyyətdə nəzəri kitab tərcümə etmək, onu öz hesabına çap etdirmək... Bu bir fədəkarlıqdır. Kitabın xərci borcunu ödədimi?

– Hələ də mətbəəyə borcum var...

– Sizin məşhur bir şeiriniz var. “Bakı üçün elegiya”. Şeir başdan-ayağa etirazdır. Orda bir bəndi xatırlatmaq istəyirəm.

“Şirinlik qalmayıb şirinliyindən,
Qadınlar soyunub çıxır şəhərə.
Mavi ekranların dərinliyindən,
Masmavi “kişilər” axır şəhərə...”

Belə təəssürat yaranır ki, siz Bakını hicabda görmək istəyirsiniz...

– Tam səmimi deyirəm, çox axmaq şeirdir. Bu şeir ancaq elə sizin dediyiniz o etiraz, yanğı cəhətdən, bir də ilkin formada da olsa, daim üzərində işlədiyim obrazlar sisteminin ipuclarını görmək baxımdan maraqlıdır, amma ümumən bir yığın klişe ilə, pafosla, kütləvi düşüncənin qəlibləri ilə doludur.

– “Vitrin” adlı başqa bir məşhur şeirinizdə isə kapitalist dünyasının düzələcəyinə böyük bir inam var. Hətta şeirdə dünyanı şairlərlə hədələyirsiniz. Bu ümiddir, yoxsa, sadəcə, qəzəb?

– “Vitrin” şeiri də təxminən “Bakı üçün elegiya” ilə eyni illərdə yazılıb, onda iyirmi iki, iyirmi üç yaşım vardı. Texnika baxımdan da, mövzunun işləməsi baxımdan da “Vitrin” daha təkmildir, amma xeyli pafosludur, auditoriyaya hesablanmış gurultulu misralar çoxdur. Vaxtilə bu şeiri harda oxuyurdumsa, zal təlatümə gəlirdi, amma bu effekt aldadıcıdır, ötəridir. Çağdaş şeirin paradiqmaları tamam başqadır.

– “Bakı üçün elegiya” və “Vitrin” şeirlərinizi axmaq şeir hesab edirsiniz. Halbuki, o şeirlərin yazılmasının üstündən o qədər də böyük zaman keçməyib. Ola bilərmi nə vaxtsa bugünki yaradıcılığınız haqqında da bu cür amansız fikirə düşəsiniz?

– Bəzi peşakar vərdişlərə yiyələndən və müəyyən dərəcədə ədəbi zövqə sahib olandan sonra, çətin ki, bir də o cür şeirlər yazım, çalışıram özümə qarşı həmişə tənqidi yanaşım, bir gün özünütənqid hissini itirsəm, nə desəniz ola bilər...

Qeyd etdiyim kimi, həmişə öz səbr və təmkininizlə seçilən bir qələm adamısınız. Ancaq tənqidçilərə münasibətdə bu fikri deyə bilmərəm. Bəzən onlara bərk qəzəblənirsiniz.

– Bəli, bəzən olur. Amma istəyirəm bir məqamı diqqətinizə çatdırım, mən heç bir müsahibədə kiməsə söz atmamışam, tənqid etməmişəm, amma kimsə mətbuatda haqqımda hədyan danışıbsa, bunu da cavabsız qoymamışam.

– Sim-sim.az saytının iki yaşı tamam oldu. Sayt bu iki ildə bir mədəniyyət portalı kimi nə edə bildi?

– Elə bilirəm ki, ilk növbədə özümüzə, sonra isə ədəbi mühitə şousuz da, başlıq oyunları olmadan da mövcud olmağın mümkünlüyünü isbat edə bildik. Estetik səviyyəni bacardıqca, yuxarıda tutmağa çalışırıq, əlimizdən gəldikcə dünya mədəniyyəti ilə aramızdakı məsafəni qapatmağa çalışırıq.

Bundan sonra saytla bağlı planlarınız varmı?

– Planda bir neçə konseptual iş var, alınar inşallah.

– Dedim, kitabdan danışmayaq, amma görünür, mümkün deyil. Sizin xeyli kitabınız çap olunub. Sizi hələ tanımayan oxuculara özünüzü şair kimi təqdim etmək istəsəniz ki, hansı kitabınızı məsləhət görərdiniz...

– Şair kimi hələ ürəyimcə olan bir kitabım yoxdur. Seçmə şeirlər kitabı hazırlamışam, yaxın aylarda çap olunacaq, həmin kitabı gözləsinlər...


Müəllif: Çinarə Böyükçöl

Oxşar xəbərlər