5 Noyabr 2017 22:25
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasında Özbəkıstanlı şair- tərcüməçi Olimcan Buriyevin Özbək dilinə tərcümə olunmuş “Xəmsə” əsərinin təqdimat mərasimi keçirilib.

Azərbaycanın Özbəkistandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, kitab Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Özbəkistandakı Heydər Əyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddəki "İstiqlol nuri" nəşriyyatında çap edilmişdir. Kitabın redaktoru və ön sözün müəllifi akademik Aziz Kayumovdur.

Təqdimat mərasimi Daşkənddəki Heydər Əyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan Milli Kitabxanasında keçirilən “Kitabxana-informasiya həftəsi” çərçivəsində təşkil edilib. Tədbirdə tanınmış Nizamişünas alimlər, elm-ədəbiyyat xadimləri, tələbələr, jurnalistlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Özbəkistan Milli Kitabxanasının direktoru Əlişer Abduəzizov Azərbaycan torpağının yetişdirdiyi və bəşər mədəniyyətinə, ədəbiyyatını öz əsərləri ilə zinətləndirən, Şərqin ən böyük mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünya miqyasında tanıdılması və təbliğinin vacib olduğunu qeyd edib. O, Özbəkistan tarixində ilk dəfə olaraq Nizami Gəncəvinin əsərlərinin bötüövlükdə Özbək dilinə tərcümə olunduğunu və bu istiqamətdə Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Natiq, Nizami Gəncəvi xatirəsinin Özbəkistanda da əbədiləşdirildiyini, Daşkənd Dövlət Pedaqoji Universitetinin dahi şairin adını daşıdığını və 2004-cü ildə Daşkənddə Nizami Gəncəvinin büstünün açılışı olduğunu qeyd edib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
Samir Abbasov Nizami Gəncəvinin yaradıcılığı haqqında danışaraq onun təkrarsız incilər yaratdığını və şairin yaradıcılığına Özbəkistanda da böyük maraq olduğunu vurğuladı. Diplomat Nizaminin yaratdığı beş əsərin “Xəmsə”nin dünya ədəbiyyatının inciləri sırasına daxil olduğunu qeyd edərək Nizami irsinin təbliği məqsədi ilə rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən işlərdən danışıb.

Samir Abbasov dahi şairin yubiley tarixlərinin Azərbaycanda geniş qeyd olunduğunu vurğuladı. O, çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Nizami Gəncəvi haqqında söylədiyi fikirlərdən sitat gətirərək deyib: “Nizami elə böyükbir şəxsiyyət, elə böyük dahidir ki, onun doğum gününü on ildən, beş ildən bir deyil, hər il qeyd etmək zəruridir”.

Çıxış edən digər alimlər şair Abduləziz Mansur, Daşkənd İqtisadiyyat və Diplomatiya Universitetinin professoru Raxmon Fərman, Özbəkistanın Turan Akademiyasının həqiqi üzvü, yazıçı Maxkam Maxmudov, tarixçi Nemat Xasan, şair Nurulla Sultan Türk dünyası məmləkətlərindən biri olan Azərbaycanın zəngin ədəbiyyatının digər xalqların ədəbiyyatının formalaşmasına öz təsirini göstərdiyini, Özbək ədəbiyyatının tanınmış nümayəndəsi Əlişer Nəvaiyə Nizami Gəncəvi yaradıcılığının təsir etdiyini və onun türk dilində “Xəmsə” yaratdığını qeyd etdilər. Onlar Nəvainin Nizamiyə öz ustadı kimi baxdığını və bunun iki xalq arasında dostluq əlaqələrinin yaranması tarixi kimi dəyərləndiriblər.

Təqdimat mərasimində çıxış edən şair- tərcüməçi Olimcan Buriyev kitabın çapına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan dövlətinə öz minnətdarlığını bildirib və söz, sənət beşiyi olan qədim Arran eli - Azərbaycanın nəhəng ustadlar yetişdirdiyini, onlardan öz yaradıcılığı ilə ən parlaq səhifə yaradan Nizami Gəncəvinin yaradıcılığı haqqında danışıb.

Daha sonra gənclər arasında Nizami yaradıcılığına dair viktorina keçirildi, qaliblərə Xəmsə kitabı hədiyyə edilib.

Sonda Nizami yaradıcılığına dair sənədli film nümayiş etdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər